25 Noyabr 2022 03:01
1259
SİYASƏT
A- A+

İlham Əliyevin “5-ci nəsil" savaşı 

 

PUA-lar, artilleriya və quru qoşunlarının koordinasiyalı fəaliyyəti hərbi zəfəri təmin etdi

 

44 günlük Vətən müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiyanın düşmənin zərbələrindən mühafizəsi üçün tətbiq edilən yeni üsul və fəndlər açıqlanıb.
Bu barədə məlumat verən Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev bildirib ki, Ermənistan ordusuna məxsus hava hücumundan müdafiə və radioelektron mübarizə qüvvə və vasitələrinin Azərbaycana məxsus PUA-ları aşkar edib sıradan çıxara bilməsi ehtimalına görə, müharibənin başlanğıcında onlar məhv edilməli idi. Azərbaycan Ordusu həmin vəziyyətdə çox yüksək bacarıq nümayiş etdirdi: "Əməliyyatdan öncə düşmənin kifayət qədər güclü və dayanıqlı HHM sistemi mövcüd idi. Düşmənin ön xətdə HHM sistemini modernizə edilmiş "OSA" və ən yeni "Tor-M2k" zenit-raket kompleksləri təşkil edirdi. Düşmən tam əmin idi ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiyası sovet dönəmində olan taktika ilə tətbiq ediləcək, aşağı, ən aşağı hündürlüklərdə fəaliyyət göstərəcək və HHM atəş zonasına daxil olarkən aviasiya vasitələri məhv ediləcək. Həmin taktika tətbiq olunsaydı, müharibənin ikinci günündə aviasiya böyük itkilərə məruz qalardı. Məhz buna görə düşmənə qarşı fəaliyyətlərdə yeni üsul və fəndlərin tətbiq edilməsi ən vacib tapşırıqlardan oldu".
General-leytenantın sözlərinə görə, düşmənin HHM sistemlərinin yerini aşkarlamaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri dünya hərbi ekspertlərini heyrətləndirən bir metoddan istifadə edib. Belə ki, kənd təsərrüfatında istifadə olunan 1947-ci il istehsallı sovet 
AN-2 təyyarələri kabinəsinə xüsusi avadanlıq quraşdırılaraq pilotsuz uçuruldu, onu aşkar edən düşmən bunu müasir PUA hesab edərək dərhal HHM sistemləri ilə onları vurmağa çalışdı və beləliklə, öz mövqeyini bildirdi. Azərbaycana məxsus dronlar düşmənin aşkar olunan HHM sistemlərini yerindəcə sıradan çıxartdı. Bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin PUA-ları Qarabağ hava məkanına daha təhlükəsiz daxil olaraq düşmənə məxsus zirehli texnika və artilleriya vasitələrini məhv etməyə başladı.

 

Təfsilatlı kəşfiyyat, atəşlə zərərvurma və PUA zərbələri 

 

"Yeni texnoloji imkanları ilə yanaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktika da öz unikallığına görə hərbi ekspert və tədqiqatçıların diqqətini cəlb etmişdir", - deyə diqqətə çatdıran general-leytenant qeyd edib ki, Azərbaycan Ordusunun hücumu təfsilatlı kəşfiyyat, atəşlə zərərvurma və PUA zərbələrinə əsaslanırdı. Bu taktika Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib vilayətində tətbiq etdiyi taktikaya bənzəsə də, miqyasına, aparıldığı relyef formasına və düşmənin hərbi potensialına görə çox fərqlənirdi. Çünki Qarabağda müharibə təxminən 200 kilometrlik bir cəbhədə aparılırdı, relyef forması həddindən artıq mürəkkəb idi.
Müharibənin fundamental şərti hesab olunan ərazinin tutulmasında və orada möhkəmlənmədə quru qoşunları vacib rol oynayır - əsgər ayağı dəyməyən yer tutulmuş hesab olunmur. İkinci Qarabağ müharibəsi göstərdi ki, PUA-lara artan tələbatın fonunda digər silahlar (texnikalar) və yüksək hazırlıqlı quru qoşunları müasir müharibələrdə düşmənin məhv edilməsində müstəsna rol oynayır. "İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə çox davam etdi. Çünki oktyabrın əvvəllərində güman edilirdi ki, Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın sursat və yanacaq da daxil olmaqla resursları yalnız növbəti 2-3 həftəyə yetəcək, sonra xarici hərbi dəstək olmasa, İrəvanın döyüşmək üçün heç nəyi qalmayacaq. Lakin xarici havadarlarının Ermənistanı silah və texnika ilə gizli şəkildə dəstəkləməsi müharibənin gözləniləndən nisbətən uzun çəkməsinə səbəb oldu", - deyə Heydər Piriyev bildirib.
O, bu məqamda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın sayının təhlilinin önəmli olduğunu da diqqətə  çatdırıb: "İkinci Qarabağ müharibəsində məhv edilən düşmən texnikasının sayı sübut etdi ki, Ermənistan Respublikası xarici havadarlarının dəstəyi ilə beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozmuş və regionda ciddi təhlükəsizlik təhdidinə çevrilmişdi. Əslində, düşmən tərəfindən qurulmuş istehkam maneələri yarıldıqdan sonra hərbi vəzifəlilər vəziyyətin bu şəkildə cərəyan edəcəyini bilirdilər. Müdafiə naziri başda olmaqla, Ermənistan ordusunun hərbi elitası Paşinyanı aldatmışdı. Müdafiə naziri David Tonoyanın vəzifədən istefa verməsi faktı da bunu sübut edir. Paşinyan bir neçə onilliklər ərzində xarici havadarlarının köməyi, dəstəyi ilə qurulmuş istehkam qurğularının onları Azərbaycan Ordusunun hücumundan qoruyacağını düşünürdü. Lakin onun ümidləri alt-üst oldu".

 

Azərbaycan siyasi-hərbi rəhbərliyi Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin etdi 

 

"Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi, əslində, 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi "Bodiqard" əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı", - deyə vurğulayan general-leytenant qeyd edib ki, 2020-ci il Tovuz hadisələrindən (iyul ayı) sonra erməni rəhbərliyində belə bir fikir formalaşdırıldı ki, ordusu hücum etdiyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri Ağdam istiqamətindən əks-hücuma keçəcək. 
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın şərq istiqamətindən əks-hücuma keçəcəyini təxmin edirdisə, Azərbaycan Ordusu şimal-şərq və cənub-şərq istiqamətlərində düşmənin müdafiəsini yararaq qısa müddətdə on kilometrlərlə dərinliyə irəlilədi. Bununla da Ermənistanın Ağdam cəbhəsində inşa etdiyi güclü mühəndis-istehkam qurğuları praktiki olaraq öz əhəmiyyətini itirdi.
İkinci Dünya müharibəsi ərəfəsində ABŞ Prezidenti Franklin Ruzvelt nasistlərin müdafiəsi ilə bağlı qeyd etmişdi: "Hitler Avropanın ətrafında qala qurub, lakin damını qoymağı unudub". Eyni sözləri İkinci Qarabağ müharibəsi ilə bağlı da demək olar. Ermənistan ordusu işğal olunmuş rayonlarda mühəndis-istehkam maneələri qurarkən Azərbaycanın hava üstünlüyünü nəzərə almamışdı. Beləliklə, Azərbaycan Ordusu düşməni bütün istiqamətlərdən küncə sıxışdırdı.
Ermənistanın siyasi rəhbərliyi hərbi qüvvələrin balansı, imkan və qabiliyyətləri, eləcə də müdafiənin təşkili ilə bağlı yanılmışdı. Noyabrın 8-də Şuşanın işğaldan  azad edilməsi ilə Ermənistan hökuməti bütün səylərinin boşa getdiyini və məğlubiyyət sənədinə imza atmağın qaçılmaz olduğunu başa düşdü. Separatçı Arayik Harutyunyan Şuşanın əhəmiyyətini vurğulayaraq bildirmişdi: "Şuşaya nəzarət edən tərəf Qarabağa nəzarət edir".

 

İkinci Qarabağ müharibəsinin mühüm dərsləri

 

Heydər Piriyev vurğulayıb ki, gələcək müharibələrin xarakterini başa düşmək üçün İkinci Qarabağ müharibəsindən mühüm dərs almaq olar:
- Düşmənə məxsus HHM sistemlərinin ilk mərhələdə aşkarlanaraq məhv edilməsi müharibənin taleyini müəyyənləşdirən əsas amillərdən biridir. Azərbaycan Ordusu düşmənin HHM sistemlərinin böyük əksəriyyətini müharibənin ilk günündə sıradan çıxarmaqla, Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların və PUA-ların təhlükəsiz fəaliyyətini təmin etdi. Belə ki, müvafiq radioelektron mübarizə vasitələri və PUA-lara qarşı effektiv silah sistemləri olmadan ənənəvi quru qoşunlarının məğlubiyyəti qaçılmazdır. İkinci Qarabağ müharibəsi ənənəvi quru qoşunları bölmələrinin (zirehli və mexanikləşdirilmiş) inkişaf etmiş dronlara qarşı həssaslığını sübut etdi.  
- Müasir müharibələrdə quru qoşunlarının atəş dəstəyi və dronların fəaliyyətinin inteqrasiyası çox vacibdir. İkinci Qarabağ müharibəsində gecə döyüşləri də daxil olmaqla, bir çox toqquşmada Azərbaycan Ordusunun artilleriyası və raket sistemləri dronlarla koordinasiyalı şəkildə fəaliyyət göstərdi. PUA-larla artilleriya atəşlərinin kombinasiyasının artan tendensiyasının şahidi olduq. PUA-lardan bu şəkildə istifadə müasir müharibələrin əsas xarakterik xüsusiyyətidir. Bununla yanaşı, yüksək dəqiqliyə malik artilleriya silahları müharibədə Azərbaycan Ordusunun atəş gücünü tam təmin etdi. PUA-ların zərbəsinin kifayət etmədiyi hədəflər onların verdiyi koordinatlar sayəsində artilleriya atəşləri ilə məhv edildi.

 

"Bayraktar TB-2" və  "Harop" - Düşmənin göydəki qənimləri 

 

"Müharibədaxili çəkindirmə"nin əhəmiyyətini xüsusilə vurğulamaq lazım olduğunu bildirən general-leytenant qeyd edib ki, nəzərə alaq ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından şoka düşən Ermənistan tərəfi Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və qəsəbələri, eləcə də milli infrastrukturu ballistik raketlərlə hədəfə almışdı. Hüquqi aspektdən müharibə cinayəti hesab olunan bu davranış "müharibədaxili çəkindirmə" konsepsiyasının zəruriliyini şərtləndirir. 2020-ci il oktyabrın 10-da Moskvada qəbul edilən atəşkəs razılaşmasından bir gün sonra Ermənistanın Gəncə şəhərinə raket-artilleriya zərbələrini endirməsi təhlükənin ciddiliyini sübut etdi. Ona görə də müharibə dövründə Azərbaycanın zərbə PUA-ları vasitəsilə Ermənistan ərazisindəki raket sistemlərini sıradan çıxarması, əslində, "müharibədaxili çəkindirmə" konsepsiyasının bir elementi idi. Burada məqsəd gərginliyin növbəti mərhələyə keçməsinin qarşısını almaq olub:
- Dronlar düşmənin kiçik və orta mənzilli HHM sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayır. Silah arsenalının təkmilləşdirilməsi baxımından kifayət qədər diversifikasiya edən Azərbaycan İsrail istehsalı olan PUA-ları da müvəffəqiyyətlə tətbiq etdi. Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu - "Harop" bu PUA-ların ən öncüllərindəndir. Xüsusən də S-300 raket sistemlərinin sıradan çıxarılmasında bu dronlar uğurla istifadə olunmuşdu. Müharibənin taleyinin Azərbaycanın lehinə dəyişməsində Türkiyə müdafiə sənayesinin istehsalı olan "Bayraktar TB-2"-nin də rolu danılmazdır. Müharibənin yalnız ilk iki həftəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusuna məxsus 60 HHM sistemini (əsasən, 9K33 OSA və 9K35 Strela) məhv etdi. Beləliklə, silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azalda bildi.

 

Ənənəvi taktika və silahlardan mükəmməl istifadə

 

Texnologiya dövrü olmasına baxmayaraq, ənənəvi taktika və silahların da öz əhəmiyyətini itirmədiyini qeyd edən general-leytenant onu da bildirdi ki, Azərbaycan Ordusunun texnoloji üstünlüyü və dronlardan müvəffəqiyyətlə istifadəsi qələbənin qazanılmasında əvəzedilməz rol oynasa da, işğaldan  azad olunmuş torpaqlarda təmizləmə işləri və möhkəmlənmə məqsədilə bölmələr ənənəvi taktika və silahlardan istifadə edirdilər. Azərbaycan Respublikası Silahlı Qüvvələri gərgin mövqeləri azad edərək, İranla sərhədi tam nəzarətə götürdü və xüsusi strateji əhəmiyyətə malik Laçın dəhlizinə doğru irəliləməyə başladı. Mövqelərdə tam möhkəmlənmə işləri aparılmadan heç bir kənd, qəsəbə və ya şəhərin azad olunması elan edilmədi. 
Ənənəvi taktika və silahlardan məharətlə istifadə edən Azərbaycan əsgəri dünya ekspertlərini təəccübləndirə bildi: "Hərbi ekspert Mixail Kofman qeyd edir ki, "müharibənin ilk günlərində Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi müqabilində Azərbaycan Ordusu daha yavaş irəliləyirdi, lakin iki həftə sonra Azərbaycan Ordusunun irəliləmə tempi nəzərəçarpacaq dərəcədə artmışdı. Artıq Azərbaycan əsgəri qazandığı taktiki uğurları daha məharətlə istifadə edərək sürətlə irəliləyir və erməni qoşunlarını daha çətin və təhlükəli vəziyyətə salırdı. Bu fakt mən özüm də daxil olmaqla, bir çox ekspertləri təəccübləndirmişdi". Əslində, Kofmanın qeyd etdiyi məqam Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə qurduğu istehkam maneələri və işğal olunmuş ərazilərdə yerləşdirilən mina sahələri ilə əlaqədar idi. Çünki bu maneələrin yarılmasına çox enerji və resurs sərf edilmişdi. Erməni tədqiqatçı A.İsgəndəryana görə, Azərbaycan Silahlı Qüvvələrinin cənub istiqamətindən reallaşdırdığı uğurlu hücum artıq müharibənin taleyini müəyyənləşdirmişdi".

 

Azərbaycanın siyasi rəhbərliyinin iradəsi və Silahlı Qüvvələrinin hərbi gücü

 

"Müharibədə hərbi-siyasi strategiya (uzaqgörənlik) mühüm rol oynayır", - deyə bildirən general-leytenant vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılmasına, eləcə də maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev eyni zamanda beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılması istiqamətində çox ciddi strateji addımlar atıb: "Ali Baş Komandan İlham Əliyev Ermənistanın İkinci Qarabağ müharibəsində birbaşa dəstək gözlədiyi gücləri neytrallaşdırdı. Bu da qarşıya qoyulan məqsədlərə çatmağa kömək etdi. Nəticədə müharibənin müddətini qısaltdı. Bütün bunlar müharibədə siyasi-hərbi strategiyanın mükəmməlliyini bir daha sübut etdi".
General-leytenant onu da diqqətə çatdırıb ki, müasir müharibələrin kontaktsız xarakterini nəzərə alsaq, bölmələri, eləcə də silah və texnikaları kütləvi cəmləşdirmək taktikası öz əhəmiyyətini itirib: "İmkansız hesab olunan əməliyyatları reallaşdırmaqla Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də dünya hərb tarixinə adlarını yazdırmağı bacardı. Qarabağın cənub-şərq hissəsində Ermənistanın müdafiə xətti yarılan kimi Azərbaycan xüsusi təyinatlıları şəhər və kəndlər ətrafındakı yüksəklikləri ələ keçirərək şəhərlərə gedən yolları kəsmiş, düşməni qaçmağa vadar etmişdi.  
Vətən müharibəsi Azərbaycan Respublikasının siyasi rəhbərliyinin iradəsini və Silahlı Qüvvələrinin hərbi gücünü beynəlxalq arenada nümayiş etdirdi".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video