30 Noyabr 2022 01:52
824
SİYASƏT
A- A+

İlham Əliyev sülh düşmənlərini təcrid edir

 

Azərbaycan bütün müstəvilərdə Ermənistan və Fransanın pozuculuq cəhdlərinin qarşısını alır

 

"Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev bəyan etdi ki,  Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Bəli, Prezident Makronun və bu ölkənin qanunvericilik hakimiyyətinin məlum davranışlarından sonra Fransa danışıqlar prosesində iştirak etmək imkanını tam itirib. 

 

Fransanın avantüraları Ermənistana yaxşı heç nə vəd etmir

 

Fransa müharibəyə qədər vasitəçilik missiyasını həyata keçirən ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olsa da, heç vaxt danışıqlar prosesində ədalət və obyektivlik nümayiş etdirməmişdi. Bu gün Azərbaycanı haqsız olaraq ittiham edən, ölkəmizə qarşı məkrli qətnamələr qəbul edən bu ölkənin siyasi dairələri Azərbaycan torpaqlarının işğal olunması ilə  bağlı bir dəfə də olsun Ermənistana qarşı adi fikir belə səsləndirməmişdilər. Nə Fransa rəhbərliyi, nə də bu ölkənin artıq mövcud olmayan Minsk qrupundakı həmsədrləri bircə dəfə də olsun Azərbaycanın işğala məruz qaldığını ifadə etməmişdilər.
Bu gün dönüb tarixə nəzər salanda görürük ki, Ermənistana görə yaxasını cıran Fransanın əsl məqsədi, əslində, Azərbaycan torpaqlarının işğal edilməsinə dəstək vermək olub. Elə ona görə də Vətən müharibəsi günlərində Azərbaycan BMT Nizamnaməsinə uyğun öz torpaqlarını işğaldan azad edəndə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini güc yolu ilə təmin edəndə buna qarşı çıxan Fransa oldu. Vətən müharibəsi günlərində maskası cırılan, özünü  ifşa edən Paris hətta BMT-də respublikamıza təzyiq vasitəsi kimi sənədin qəbuluna cəhd göstərsə də, Azərbaycanın uğurlu diplomatiyası nəticəsində fiaskoya uğradı. 
Vətən müharibəsindən sonra Fransa dərk etdi ki, artıq işğal haqqında danışmaq və ya Azərbaycana hansısa yolla təzyiq göstərmək mümkün deyil. Fransa anlayır ki, bu müharibədə Bakı həm də Parisi məğlub edib, Azərbaycan Fransanın Ermənistanın işğalına dəstək siyasətini darmadağın edib. Fransa siyasi dairələrində onu da bilirlər ki, bu ölkənin qanunvericilik orqanında hansısa sənədin qəbulunun heç bir faydası yoxdur. Elə Ermənistanda da anlayırlar ki, bu yolla "böyük bacı" "kiçik bacı"sına yalnız təsəlli verir. 
Bütün bunların nəticəsi olaraq danışıqlar prosesində iştirakı qeyri-mümkün olan, başqa cür desək, Azərbaycan tərəfindən bu prosesdən təcrid olunan Fransa indi Ermənistanın sorosçu hakimiyyətinin təmsilçilərini davamlı şəkildə Parisə dəvət edir, onlara verdiyi təlimatlarla sülh müzakirələrini əngəlləməyə çalışır. Elə Paşinyanın bu il  dekabrın 7-də keçirilməsi nəzərdə tutulan növbəti görüşdə E.Makronun iştirakını tələb etməsi də danışıqlar prosesini pozmağa hesablanmış addımdır. 
Fransanın 30 ilə yaxın Ermənistana verdiyi dəstəyin nəticəsi göz önündədir. Ermənistan deyəndə inkişafdan geri qalan, regional inteqrasiyadan təcrid edilən, müharibədə məğlub olan vassal bir ölkə göz önünə gəlir. Ona görə Parisin və ya digərinin İrəvana yeni avantüraları da ermənilərə yaxşı heç nə vəd edə bilməz. 

 

İrəvan KTMT-də boykot edilir

 

Azərbaycan Prezidenti Fransa ilə yanaşı, Ermənistanı da təcrid edir. Amma bir qədər fərqli formada. Belə ki, İrəvan təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) da çıxılmaz vəziyyətə salındı. 
Məsələ ondadır ki, Ermənistan istisna olmaqla, Azərbaycan KTMT-nin digər üzvləri ilə yüksək siyasi əlaqələrə malikdir. Bakının Belarusla olduqca yüksək siyasi və iqtisadi münasibətləri var. Bir-birindən coğrafi uzaqlıqda yerləşmələrinə, ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olmalarına baxmayaraq, Azərbaycanla Belarus etibarlı tərəfdaş və yaxın dost olan dövlətlərdir.
Qazaxıstan və Qırğızıstan isə türk dövlətləridir. Həm Qazaxıstan, həm də Qırğızıstan Azərbaycan və Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatının qurucu üzvləridir. Bu dövlətlərlə Azərbaycanı ortaq milli-mədəni dəyərlər, soy-kök birləşdirir. Bu yaxınlarda Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşü bu dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin təcəssümü oldu.
KTMT-nin digər üzvləri olan Rusiya və Tacikistanla Azərbaycanı hərtərəfli yüksək münasibətlər birləşdirir. 
Xatırlayırıq ki, hələ 2020-ci ilin Tovuz döyüşləri zamanı geri otuzdurulan Ermənistan dərhal riyakarcasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişdi. Lakin KTMT Ermənistanın baş naziri Nikol  Paşinyanın müraciətini cavabsız qoymuş, onu pərt vəziyyətinə salmışdı. Eləcə də bu ilin sentyabr ayında Ermənistanın növbəti təxribatından sonra Paşinyan dərhal KTMT ilə əlaqə saxlamışdı. KTMT yenə də Ermənistanın təxribatlarına uymamışdı. Təşkilatın Ermənistanın təxribatçı addımlarına qarşılıq verməməsinin əsas səbəbi isə təbii ki, onun üzvü olan dövlətlərin Azərbaycanla olan dostluq münasibətləridir. Bu dostluq elə bir səviyyədədir ki, onun sayəsində Ermənistan hətta bir neçə gün əvvəl evsahibliyi etdiyi KTMT-nin iclasında da dəstək ala bilmədi. "Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər", - deyə Prezident İlham Əliyev bildirib.
Ermənistanın KTMT-yə güvənməklə Azərbaycana qarşı hansısa niyyətlərini həyata keçirə bilməsi mümkün deyil. Əksinə, Ermənistan hətta bir neçə gün əvvələ qədər sədrlik etdiyi bu təşkilatda Azərbaycan tərəfindən təcrid vəziyyətinə salınır, pərt edilir. Azərbaycanın dostları tərəfdaşlığa sadiq qalaraq iştirak etmədiyimiz bu təşkilatda ölkəmizin haqlı  mövqeyini qətiyyətlə müdafiə edirlər.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video