28 Dekabr 2021 01:01
2204
SİYASƏT
A- A+

İlham Əliyev sözü: Taxtakörpüdən Şuşayadək...

 

50-də verilən vəd, 60-da gerçəkləşən məram

 

“...Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq...”

Prezident İlham Əliyevin Azərbaycan xalqına söz verdiyi və sərkərdə qətiyyəti ilə cəmi 44 gün ərzində həyata keçirdiyi kimi, biz artıq həmin müqəddəs günlərin xoşbəxtliyini yaşayırıq...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”unun bir həmlədə düşmənin başını əzməsi ilə dədə-baba torpaqlarından məcburi köçkün düşmüş yüzminlərlə insan tezliklə Qarabağa, Şərqi Zəngəzura qayıdaraq, doğma yurdda xoşbəxt həyat sürəcəyinin sevinci içərisindədir...

Düz 30 il idi ki, bu insanlar vətəndə qəribçiliyin ağır yükünü çəkirdilər, yurd həsrətlərini, nisgillərini xatirələrlə, röyalarla birtəhər ovutmağa çalışırdılar. Amma bir gün mütləq o doğma torpaqlara qayıdacaqlarına da əmin idilər. El-obasından zorla didərgin salınan bütün keçmiş məcburi köçkünlərin qəlbində olan doğma yurda qayıdış ümidini öləziməyə qoymayan güc isə ölkə Prezidenti İlham Əliyevə olan böyük inamdan, güvəndən doğurdu.

 

Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi

 

İlham Əliyev hələ 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.

24 dekabr 2011-ci ildə, dövlət başçısı 50 illik yubileyini Qarabağ torpağında - Ağcabədidə Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd etdiyi gün bir daha bəyan etmişdi ki, biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik: “...Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ ki işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm...”

Ötən illər ərzində məcburi köçkün soydaşlarımıza qayğı, onların mənzil və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən bütün işlər birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında həyata keçirilib. Onlar müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülüb, yaşayış şəraitləri yaxşılaşdırılıb, sosial rifahlarının yüksəldilməsi üçün dövlət proqramları icra edilib.

Amma hər zaman Prezident İlham Əliyevin gündəliyində duran əsas prioritet işğal altındakı torpaqlarımızın azad edilməsi və həmin insanların öz yurdlarına qaytarılmaları olub. Vətən müharibəsindən sonra müsahibəsi zamanı da dövlət başçısı bununla bağlı vurğuladı ki, hər zaman gözünün önündə məcburi köçkünlər idi: “Nə qədər əzab çəkdilər. Nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”

 

Bu torpaqların sahibləri qayıdıb

 

24 dekabr 2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 60 illik yubileyini qalib sərkərdə, müzəffər Ali Baş Komandan kimi Zəfərimizin qürur zirvəsi olan Şuşada qeyd etdi, aldığı yubiley təbriklərinə Cıdır düzündən cavab verdi.  

Dövlət başçısı Azərbaycan xalqına verdiyi müqəddəs vədin gerçəkləşməsinin qürurunu, üzərinə düşən ən böyük missiyanı ləyaqətlə yerinə yetirməyin fəxarətini, ata vəsiyyətinə əməl etməyin xoşbəxtlik hissini bu gün bir daha Qarabağda keçirirdi: “Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu”.

Bəli, İlham Əliyev qətiyyəti, siyasi iradəsi, vətənpərvərliyi, cəmi il yarım əvvələ qədər möcüzə kimi görünən bütün bu məsələləri reallığa çevirdi, arzularımızı gerçəkləşdirdi. Bütövlükdə dövlət, xalq olaraq taleyimizi büsbütün dəyişdi, bizi məğlubiyyətdən, Zəfər zirvəsinə daşıyaraq qalib ölkənin vətəndaşlarına çevirdi. Yüzminlərlə soydaşımızı kəlbəcərli, ağdamlı, şuşalı, laçınlı, zəngilanlı, qubadlılı, cəbrayıllı - Vətənli bəxtəvərlərə çevirdi. 

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video