31 Avqust 2024 16:15
87
SİYASƏT
A- A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 138-ci kitabı çapdan çıxıb

 

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 138-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2024-cü ilin may-iyul aylarını əhatə edir.

Həmin dövrdə ölkəmizin iqtisadi həyatında mühüm hadisələrdən biri iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi olub. Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz- “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimlərində çıxış edib. Dövlətimizin başçısı dərinməzmunlu çıxışında Xəzər dənizinin geri çəkilməsi səbəbinə də aydınlıq gətirib.

Sitat: Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə - çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilər zamanı Azərbaycan Prezidentinin “Euronews” telekanalına müsahibəsinin mətni də bu kitaba daxil edilib.

Oxucular Prezident İlham Əliyevin iyun ayında Misir Ərəb Respublikasına rəsmi, Türkiyə Respublikasına işgüzar səfərlərinin materialları ilə bu kitabda tanış ola bilərlər. Dövlətimizin başçısı iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanda səfərdə olub. Həmin səfər zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” də qəbul edilib. Azərbaycan Prezidenti iyul ayında, həmçinin Pakistanda rəsmi səfərdə olub. Bütün bunlar haqqında ətraflı məlumatlar çoxcildliyin 138-ci kitabına daxil edilib.

Prezident iyul ayında Qarabağ bölgəsində səfərdə olub, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib. Dövlətimizin başçısı çıxışında türk dövlətləri ilə əlaqələrin genişləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet istiqamət olduğunu, eləcə də Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməsinin vacibliyini vurğulayıb.

Sitat: Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Dövlətimizin başçısının çıxışının tam mətni, eləcə də “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” yeni kitabda yer alıb.

Azərbaycan Prezidentinin “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın, “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətləri də yeni kitabda toplanıb. Kitabda dövlətimizin başçısının Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni də verilib.

“Azərnəşr” tərəfindən buraxılan 138-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video