18 Iyun 2022 02:10
1776
SİYASƏT
A- A+

İlham Əliyev beynəlxalq birliyi qlobal təhdidlərə qarşı həmrəyliyə çağırdı

 

Dünyanın 50-dən çox ölkəsinin siyasi xadimlərinin iştirak etdiyi IX Bakı Qlobal Forumunda yeni reallıqlarla bağlı mühüm təkliflər səsləndirildi   

 

Sivilizasiyalararası əməkdaşlığın mühüm platformasına çevrilən Azərbaycanda dünyanın siyasi arenasında baş verən məsələlərə təsir göstərmək imkanlarına malik olan Bakı Qlobal Forumunun IX toplantısı keçirilir.

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan və dünyanın 50-dən çox ölkəsinin nüfuzlu syasi xadimlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda qlobal təhdidlər, o cümlədən təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq, inteqrasiya, artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması kimi mühüm məsələlər müzakirə edilir. İyunun 16-da başlayan forum bu gün - iyunun 18-də başa çatacaq.

 

Dünya nizamının ciddi dəyişikliyə ehtiyacı var

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən, dahi şairimiz Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixdə şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. 2013-cü ildən bu günədək sayca 9 qlobal forum və 45 yüksəksəviyyəli toplantı keçirilib. Forum adından da göründüyü kimi bəşəriyyəti təhdid edən ciddi qlobal problemlərin müzakirə olunduğu unikal platformadır.

Müqayisə üçün deyək ki, mühüm məsələlərin müzakirə olunduğu bir neçə beynəlxalq forumun təyinatı yalnız bir istiqamətlidir. Məsələn, Davos İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı belələrindəndir. Davosda dünyanın iqtisadi, Münxendə isə təhlükəsizlik məsələləri müzakirə edilir. Bakı Qlobal Forumu isə sosial-iqtisadi, siyasi və humanitar məsələləri gündəmə gətirilməklə bir növ universal xarakter daşıyır. Ötən ilki forumun "COVID-19-dan sonrakı dünya", bu il isə "Qlobal dünya nizamına təhdidlər" mövzusu istiqamətində təşkili də bunu təsdiqləyir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Bakı Qlobal Forumunun bütün toplantılarında dünyanı təhdid edən müxtəlif qlobal problemlər müzakirəyə çıxarılır və onların həlli, vəziyyətdən çıxış yolları göstərilir, sonda isə beynəlxalq birliyə mühüm mesajlar ünvanlanır.

Elə budəfəki forumda da, panel müzakirələrdə də bəşəriyyəti narahat edən qlobal problemlər müzakirə mövzusu oldu və dövlətləri, insanları narahat edən məsələlərin həlli yolları istiqamətində tezislər səsləndirildi, istiqamətlər göstərildi.

Forumun ilk günündə İlham Əliyev növbəti dəfə dünyanın yeni reallıqlarına diqqət çəkib, qlobal problemlərin həlli istiqamətində görülməsi vacib olan işlərin əsas istqamətini göstərdi. Hər zaman dünyanı narahat edən mühüm məsələlərin həlli istiqamətində qlobal miqyaslı təklifləri ilə diqqət çəkən, eyni zamanda irəli sürdüyü ideyaları beynəlxalq birlik tərəfindən təqdir edilən Azərbaycan Prezidenti bəşəriyyəti narahat edən bütün təhdidlərə toxunaraq bəyan etdi ki, dünya nizamının ciddi dəyişikliyə və yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var.

Dəyişikliyin fundamental olduğunu deyən İlham Əliyev bəyan etdi ki, hazırda dəyişikliklər hələ proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Bu səbəbdən də hər bir ölkə təhlükəsizlik tədbirləri ilə bağlı öz töhfəsini verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib.

 

İlham Əliyevdən Ermənistana növbəti sərt xəbərdarlıq

 

Azərbaycan Prezidenti həmçinin Cənubi Qafqazdakı reallığı dəyərləndirərək postmüharibə dövründə görülən işlərə və məğlub Ermənistanla aparılan sülh danışıqlarına da toxunub.

İlham Əliyev bir daha vurğulayıb ki, hazırda qalib ölkə kimi diktə edən tərəf Azərbaycandır. Ermənistan isə ölkəmizin sülh danışıqları üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifini qəbul etsə də, son zamanlar artıq mövcud olmayan "Dağlıq Qarabağın statusu" məsələsini gündəmə gətirməklə bəhanələr uydurur. Amma bu hal yalnız Ermənistanın ziyanına işləyir və bu, tamamilə səmərəsiz, Ermənistanın özü üçün təhlükəlidir. Çünki artıq Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib: "Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb".

Dövlət başçısı çıxışı zamanı onu da bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Yəni bu dəhlizin açılması bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına şərait yaradacaq. Bu dəhlizdən həmçinin siyasi-iqtisadi bataqlıqda olan Ermənistan da yararlanacaq.

Qalib Ali Baş Komandan növbəti dəfə Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə sərt xəbərdarlığını da edib. Əgər Ermənistanın Qarabağdakı ermənilər üçün status tələbi davam edəcəksə, bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Ona görə də məğlub ölkə 44 günlük İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.

Əlbəttə ki, həm erməni xalqı, həm də onların hakimiyyəti çox yaxşı bilirlər ki, İlham Əliyevin sözü imzası qədər keçərlidir. Hansı vədi verib, hansı sözü işlədibsə, onu reallığa çevirib.

Ermənistanın arxalandığı Minsk qrupunun fəaliyyətinə də toxunan İlham Əliyev bir daha bəyan edib ki, ATƏT-dən mandat alan bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib və buna görə də Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq ona ehtiyac qalmayıb. "Artıq onların pensiya vaxtıdır"- deyən Prezident qeyd edib ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Çünki Azərbaycan özü münaqişəni həll edib və Minsk qrupu tərəfindən işlənib hazırlanan Madrid prinsipləri həll olunub. İndi o məsələlər deyil, əsas vacib olan sülh danışıqlarının aparılması və sənədin imzalanmasıdır. Ermənistan nə qədər tez sülh sazişini imzalamağa hazır olsa, bu, onun xeyrinə olacaq.

 

Azərbaycan beynəlxalq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir

 

Müstəqilliyinin bərpasından ötən 30 ildə əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider dövləti statusuna sahiblənən Azərbaycan həqiqətən də sivilizasiyalar arasında mənəvi körpü rolunu oynayır. Demokratik inkişaf yolunu seçmiş ölkəmizin səsi dünyanın ən mötəbər kürsülərindən eşidilir.

İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, ardıcıl və sistemli qərar qəbul etmək məharətinə, sarsılmaz iradəsinə heç bir kənar qüvvə təsir edə bilmir. Ölkəmiz milli maraqlarına xidmət edən bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq əsasında xoşniyyətli tərəfdaşlar üçün unikal məkana çevrilib. Bu siyasətin təntənəsi Azərbaycanın ictimai-siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində də öz təsdiqini tapıb. Bu həqiqət hər il Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, forumlarda da özünü bir daha büruzə verir.

Bakı Qlobal Forumu da bunu bir daha təsdiqləyir. Günün ən aktual çağırışlarını müzakirə etməyə imkan verən forumun əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir. Bakının belə forumlara evsahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına mühüm töhfə verir. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir.

Bütün bunlar bir daha təsdiq edir ki, Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan artıq beynəlxalq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video