17 Iyun 2022 22:08
482
Təhsil

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə Mərkəzin saytında yerləşdirilmiş müvafiq linkdə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan vermək üçün ərizə təsdiq etmiş 38 min 539 abituriyentdən (I qrup üzrə 33219 nəfər, IV qrup üzrə 5320 nəfər) 4 min 568 nəfəri (I qrup üzrə 4201 nəfər, IV qrup üzrə 367 nəfər) imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.

İmtahanın II mərhələsində 400 bal toplayan Bakı şəhər 111 saylı orta məktəbin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 295 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 baldır.

Bu imtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbinin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə də ən yüksək nəticə həmin məzuna məxsusdur. O, imtahanın birinci mərhələsində maksimal olan 300 bal toplamışdı. Beləliklə IV ixtisas qrupu üzrə ən yüksək nəticə 697 baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən iyunun 21-dən etibarən onlayn apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 20 iyun saat 10:00-dan 22 iyun saat 17:00-dək “apelyasiya.dim.gov.az” saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Qeyd: II və III ixtisas qrupu üzrə imtahan nəticələri ilə əlaqədar Apellyasiya komissiyasına müraciət edən və müsbət cavab alan abituriyentlərin nəzərinə çatdırırıq ki, artıq müvafiq dəyişikliklər onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video