18 Yanvar 2023 02:44
595
Mədəniyyət
A- A+

Heykəltaraş ömrü

 

Ömrünün axır çağları idi. Heykəltaraş vaxtını emalatxanasında keçirirdi. Yaşı səksən yeddiyə yetmişdi. Ötən illərini boşuna keçirməmişdi. Həyatın kədərini, sıxıntılarını da, sevincini, firavanlığını da çox görmüşdü. Gəncliyi kimi sağlamlığı da ona etibarsız çıxmışdı. Ürəyi sözünə baxmırdı. Ayaqlarının taqəti heykəltaraşı tərk edirdi. Ancaq qəlbindəki yaşamaq eşqinə, sevincinə qocalığın gücü yetməmişdi. 
Xəyalında, xatirələrində o qədər simalar qalırdı ki... Əksəriyyətinin adı artıq tarixə düşmüşdü. Elm, mədəniyyət və incəsənətin müxtəlif sahələrində misilsiz xidmətləri olan həmin şəxsiyyətlərlə o, dostluq, yoldaşlıq etmişdi. 
Üzündən gülüşü heç əskik olmasa da, baxışlarında arabir kədər kölgələnirdi. Bir vaxtlar həmsöhbətim olan Azərbaycan heykəltaraşlıq məktəbinin əsas simalarından biri, Xalq rəssamı Cəlal Qaryağdı söhbətə çox uzaqdan başlamışdı...

 

Hafizəsindən silinməyən, kimsəyə bənzəməyən qadın...

 

Ömrünün ilk illərini Şuşada yaşamışdı. Onlara Qaryağdıoğulları deyirdilər. Babası İsmayıla Şuşada Qaryağdı deyirmişlər. Bu barədə müxtəlif əhvalatlar söylənilib. Cəlal Qaryağdıoğlu deyirdi ki, babam qardan, soyuqdan qorxarmış. Qar yağmağa başlayanda bayıra çıxmaq istəmirmiş. Deyirmişlər: "Nə olub, ay İsmayıl, qar yağdı?" Şuşalılar İsmayılın oğlanlarına da Qaryağdıoğulları deyiblər. Beləcə, Qaryağdı onların soyadına çevrilib. Sonralar İsmayıl babanın oğlanlarından biri - xanəndə Cabbar  bu soyadı bütün Azərbaycanda tanıdıb.
Cəlal Qaryağdı Şuşada 1914-cü il iyulun 17-də dünyaya gəlib. Əmisi Cabbar kimi, atası Məhərrəmin də gözəl səsi olub. Buna görə onu Bülbül çağırıblar. Amma Məhərrəm ürəyəyatımlı, qeyri-adi səsinin yönəltdiyi yolla getməyib, xanəndəlik etməyib. Ticarətlə məşğul olub. XX əsrin əvvəllərində mənfur ermənilər Şuşaya yenidən qovğa salıblar. Azərbaycanlılara hücum edib, şəhərə divan tutublar. Qaryagində (indiki Füzuli rayonu) yaşayan qardaşı onları öz yanlarına çağırıb. Məhərrəm ailəsini Qaryaginə aparıb. Ara sakitləşəndən sonra Şuşaya dönüblər. Məhərrəm sonralar ailəsi ilə Ağcabədiyə köçüb. Orada dükan açıb. Mehribanlıq, rahatlıq içində yaşayıblar. Amma xoş günləri uzun sürməyib...
Qocaman heykəltaraşın yaddaşında kimsəyə bənzəməyən gözəl, canayaxın bir qadın surəti vardı. Ömrü boyu onu böyük sevgi, sonsuz şəfqətlə, bitib-tükənməz həsrətlə yada salmışdı. Anası Həcərin surəti idi. Həcər necə deyərlər, bu fani dünyanın ucundan baxıb qayıtmışdı. O, gənc yaşında iki oğul anası olub. Üçüncüsünə hamilə imiş. Bir gün anasıyla harasa gedib. Yolüstü yazıçı İlyas Əfəndiyevin ata evində qonaq olublar. Onlarla ailəvi tanışlıqları, yaxınlıqları var imiş. Elə orada Həcərin ağrısı tutub. Uşaq tələf olub. Həcər də vəfat edib. İki körpə uşaq anasız qalıb. Böyüyünün - Cəlalın beş yaşı var imiş. Uşaqların ikisini də - Cəlalı da, Camalı da ana nənələri himayəsinə götürüb. Dərdli qadın gənc yaşda itirdiyi qızının ətrini nəvələrindən almaq istəyib. Uşaqları da götürüb Şuşaya gedib.
Həyat yoldaşı dünyadan köçəndən sonra uşaqlarından da ayrı düşən Məhərrəm bir neçə il sonra yenidən evlənib. Bir qızı dünyaya gəlib. Uşaq körpə ikən Məhərrəm vəfat edib. O vaxt on bir-on iki yaşı olan Cəlal qardaşıyla birlikdə nənəsigildə yaşayırdı.
Vaxt gəlib çatanda Cəlalı orta məktəbə göndəriblər. İllər bu minvalla ötüb. Bir də görüblər ki, Cəlalın bütün fikri-zikri şəkil çəkməkdir. Onun əl işləri evdəkiləri əvvəlcə sevindirib, heyranlıqla baxıb, Cəlalı öyüblər. Günlər keçdikcə onun rəssam fantaziyaları bitib-tükənməyib. 

 

Rəssamlıq məktəbinin ilk azərbaycanlı müəllimlərindən biri

 

Cəlal on bir-on iki yaşlarında ikən bir gün Şuşaya gələn əmisi Cabbara da onun çəkdiyi şəkilləri göstəriblər. Qardaşı oğlunun bacarığı Cabbar Qaryağdıoğlunu fərəhləndirib. Cəlalı 7-ci sinfi bitirən kimi Bakıya aparıb. 1928-ci ildə o, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Bakıya təzə gəldiyi vaxtlarda bir müddət əmisigildə, sonra İlyas Əfəndiyevin evində qalıb. Məktəbin sonuncu kursunda oxuyanda "Gənc işçi", "Yeni yol" qəzetlərində rəssam işləyib. 1932-ci ildə Rəssamlıq Məktəbini bitirib. O vaxtlar həmin məktəbin müəllimlərinin əksəriyyəti qeyri-millətlərin nümayəndələri idi. On səkkiz yaşlı Cəlal Qaryağdı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin ilk azərbaycanlı müəllimlərindən biri olub. Tələbələrinin arasında məşhur partizan Mixaylo kimi tanınacaq Mehdi Hüseynzadə də vardı. 
İki il sonra - 1934-cü ildə Cəlal Qaryağdı təhsilini davam etdirmək üçün Tiflisə yollanıb. Rəssamlıq Akademiyasına qəbul olunub. Maddi cəhətdən korluq çəkən bu gənc tələbə həm oxuyub, həm işləyib. Ağır işlərdə çalışıb, qum, sement daşıyıb. Çox əziyyətə qatlaşsa da, Tiflisdə təhsilini tamamlaya bilməyib. O, üç il oxuduqdan sonra Rəssamlıq Akademiyasını yarımçıq qoyub, Bakıya dönüb.
1941-ci ildə müharibə başlayıb, Cəlalı da hərbi xidmətə çağırıblar. Ancaq rəssam olduğunu bilib geri qaytarıblar. 
Oktyabr inqilabının ildönümü münasibətilə müsabiqə elan olunub. Cəlal Qaryağdı çəkdiyi plakatı müsabiqəyə göndərib. Qalib seçilib. Əsərin qiymətinə mükafat da əlavə olunaraq ona verilib. Yaraşıqlı, qaynar təbiətli gənc rəssam üçün bu, göydəndüşmə olub. Aldığı pulu səxavətlə sağa-sola xərcləyib.
1950-ci illərin əvvəllərində o vaxtın təbiriylə desək, proletariatın dahi rəhbəri Leninin heykəlinin hazırlanması üçün müsabiqə elan olunub. Müsabiqənin şərtinə görə, əsərlər müəlliflərin adları qeyd olunmadan təqdim edilib. Münsiflərin əksəriyyəti Cəlal Qaryağdının hazırladığı heykəlin maketini bəyənib. Müəllifə yaxşı mükafat verilib. 
Uşaqlıq illərinin qayğıkeşləri, himayədarları olan çox sevdiyi nənəsi və xalası da həmin şöhrətli günlərində heykəltaraşın yanında olublar. Bir-birinin ardınca Bakıya köçüb gələn qohumlarından sonra nənəsi də Şuşada qalmaq istəməyib. Ona sonralar "Rəssamlar binası"nda ev veriblər.
Gec ailə qurub. İki dəfə evlənib. İkinci həyat yoldaşı Firəngiz Hüseynova ondan iyirmi doqquz yaş kiçik olub. Firəngiz xanım Cəlal Qaryağdının tələbəsi idi. O, Rəssamlıq Məktəbini başa vurduqdan sonra Cəlal Qaryağdı da pedaqoji fəaliyyətini bitirib yalnız sənətlə məşğul olmaq qərarını verib. Montin qəsəbəsində tikilən emalatxanaların biri də ona verilib. İkimərtəbəli, hərəsinin ayrıca həyəti olan emalatxanalarda heykəltaraşların rahat işləməsi və istirahət etməsi üçün şərait yaradılıb. Cəlal Qaryağdı ailəsi ilə ora köçüb.
Son ağrılar...
Məhsuldar heykəltaraş sayılıb. Molla Pənah Vaqifin, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun heykəllərini, Nizaminin "Xosrov və Şirin" əsərinin motivləri əsasında "Fərhad Bisütun dağını yarır" barelyefini, Həzi Aslanovun və Natəvanın büstünü və başqa əsərlərini ərsəyə gətirib. Sonralar müsahibim olan həyat yoldaşı, heykəltaraş Firəngiz Hüseynova Cəlal Qaryağdı barədə dedi: "Əslində, emalatxanaya vaxtının az hissəsini sərf edirdi. Sadəcə, sürətlə işləyirdi. Dirijor Niyazi hövsələsiz adamıydı. Emalatxanaya gələn kimi deyirdi, Cəlal, əzizim, tez elə. O, Niyazini naturadan işləmək üçün qırx beş dəqiqə sərf etdi. Həmin portret indi İncəsənət Muzeyindədir. Çox məşhur adamları naturadan çəkdi. Fikrət Əmirovu, Qara Qarayevi, Habil Əlivevi, Hacı Xanməmmədovu... Cəlal əsərin ideyası, bədii həlli üzərində çox düşünüb-daşınırdı. O qədər eskizlər edirdi, beynində, kağız üzərində tam formanı tapırdı, sonra işləmək onun üçün asan olurdu".
Bütün əsl sənətkarlar kimi, Cəlal Qaryağdıya da əsərləri çox əziz idi. Sifarişli və ya sifarişsiz onların hər birini ürəkdən, böyük zəhmətə qatlaşaraq yaratmışdı. Və Cəlal Qaryağdı bir vaxtlar ona böyük uğurlar, şöhrət gətirmiş həmin əsərlərin bəzisinin ölümünü gördü… 1990-cı ildə baş verən siyasi hadisələr sovet hakimiyyətinin dağılması ilə nəticələndi. Bakı şəhərinin baş meydanından Leninin heykəlinin götürülməsinə qərar verildi. Hər bir azərbaycanlı kimi, Cəlal Qaryağdı da qərardan razıydı. Amma düşünürdü ki, bu məsələni başqa cür həll etmək olardı. "Ölü heykəllər" qəbiristanlığı düzəldib, Lenin və başqa bu cür abidələri ora qoymaq olardı.
Sənət taleyinin ən böyük qüssəsi isə əvvəldən başıbəlalı olan Nəriman Nərimanovun heykəli idi. Abidənin açılışına az qalmış Moskvaya məktub göndərib, azərbaycanlıların Bakıda Kirovun heykəlindən hündür heykəl ucaltmaq istədiklərini xəbər vermişdilər. Artıq tuncdan tökülmüş abidənin kiçildilməsi mümkün deyildi. Sovet hökuməti Nərimanovun heykəlinin Kirovdan yüksək olmasına icazə verməyib. Heykəlin kürsüsünün kiçildilməsinə qərar verilib. 
Ömrünün son illərində Montindəki emalatxanasından çıxmırdı. Qocalıq ürəyindəki həyat eşqinə toxuna bilmirdi. Yenə cavanlarla dostluq edirdi. Planları çox idi. "Ana" heykəli üzərində işləyirdi. Fərdi sifariş idi. "Bu heykəl bütün analara layiq olmalıdır", - deyirdi. Əsəri hazırlaya-hazırlaya ona bağlandı. "Ana" aparılanda heykəltaraş əməlli-başlı sarsıldı. Çox keçmədi infarkt oldu. Xəstəxanaya düşdü. 2001-ci il yanvarın 1-i, yeni əsrin ilk günüydü... Ölüm artıq onunla üzü-üzə dayanmışdı. Cəlal onu mərdliklə, cəsarətlə qarşılayırdı...

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video