23 Noyabr 2022 01:47
1255
SİYASƏT
A- A+

Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam edən siyasət

 

Bu, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib

 

Ötən ay müstəqilliyinin bərpasının 31 ilini geridə qoyan Azərbaycanın bütün parametrlər üzrə ən qüdrətli dövrünü yaşaması əsas tarixi reallıqlardan biridir. Təsadüfi deyil ki, bu gün ölkəmiz dünyada Qafqazın lideri, torpaqlarını güc yolu ilə azad edən qalib dövlət, özünün müstəqil və qətiyyətli siyasəti olan, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən, qlobal sülhə mühüm töhfələr verən ölkə kimi tanınır. Və bütün bu həqiqətlər zəncirvari şəkildə birləşərək tarixin ən güclü Azərbaycanını dünyaya bəyan edir.

 

Azərbaycan təhlükələrdən xilas olaraq bugünkü uğurlara istiqamət aldı

 

Bu gün tariximizin qürurverici dönəmindən ötən dövrə nəzər salanda Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hansı dolanbaclardan, hansı maneələrdən keçdiyini daha aydın görürük. Bir daha qətiləşdiririk ki, əgər Heydər Əliyev olmasaydı, onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olmasaydı, Ulu Öndər 1993-cü ilin ağır günlərində hakimiyyət sükanının arxasına keçməsəydi, bugünkü güclü Azərbaycan barəsində qürurla bəhs edə bilməzdik.
Tarixi elə müstəqil Azərbaycanın tarixi ilə bərabər olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu məqamlar üzərində xüsusilə dayandı. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi: "Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi".
Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin yaşadılması üçün ziyalıların Heydər Əliyevə müraciət etmələri təsadüfi deyildi. Çünki Azərbaycan cəmiyyəti buna qədər Ulu Öndərdən Vətən və xalq sevgisi görmüşdü. Heydər Əliyev istər Azərbaycana sovet dövündə rəhbərliyi zamanı, istərsə də SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkəmizin inkişafı üçün əlindən gələni etmişdi. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan o dövrdə tarixinin ən böyük iqtisadi yüksəlişinə nail olmuşdu. Cəmiyyət həyatının bütün sahələrində yüksək göstəricilər əldə olunmuş, şəhərdən tutmuş ucqar kəndlərə qədər Azərbaycanın siması dəyişmiş, inkişaf etmiş, insanların sosial rifahı yüksəlmişdi. Daha sonra Ulu Öndər öz siyasi təcrübəsi ilə milli azadlıq mücadiləsinin güclənməsinə layiqli töhfələr vermiş, Naxçıvanı erməni işğalından qətiyyətlə qorumuşdu.
Buna görə də 1993-cü ilin ağır günlərində Azərbaycan xalqı ən doğru seçimini edərək Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Məhz Ulu Öndərin sayəsində Azərbaycan bütün təhlükələrdən xilas olaraq bugünkü uğurlara doğru istiqamət aldı. Heydər Əliyev müasir dövlətçiliyimizin əsaslarını yaratdı, hüquqi dövlət quruculuğunu reallaşdırdı, mütərəqqi islahatlar yolu ilə Azərbaycanı inkişaf yoluna çıxardı, dünya birliyinin ehtiram olunan üzvünə çevirdi.
 

Dünya Azərbaycanın qüdrətinə şahidlik edir

 

Ötən 19 ildə Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edərək, tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bütün bunları təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən möhtəşəm inkişaf yolu müstəqillik tariximizin mühüm hadisəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin siyasi xətti davam və inkişaf etdirilərək güclü Azərbaycan dövləti quruldu: "Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır".
Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti bu gün regionda söz sahibi olan dövlətdir. Ölkəmiz həm də qlobal enerji təhlükəsizliyində aparıcı rol oynayır. Ən əsası, Azərbaycan dövləti malik olduğu enerji resursları ilə iqtisadi və sosial inkişafı sürətləndirdiyi kimi, özünün  milli  maraqlarını da qətiyyətlə təmin edir. Bu mənada Azərbaycan regionda öz sözünü deməklə yanaşı, qlobal miqyasda da ehtiramla qəbul olunan, prinsipial mövqeyi olan ölkədir.
Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam etdirilən inkişaf siyasətinin mərkəzində dayanan əsas məsələlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi idi. Düzgün və qətiyyətli siyasət, Azərbaycanın yüksəlişi, beynəlxalq mövqelərini daha da möhkəmləndirməsi nəticə etibarilə torpaqlarımızın da işğaldan azad olunmasını təmin etdi. Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın tarixinin ən qüdrətli dövləti olmasının praktik təsdiqidir.
İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ulu Öndərin etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Bu inkişaf hər bir azərbaycanlının qürur mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa və yenidənqurma işlərinin timsalında dünya bir daha Azərbaycanın qüdrətinə, iradəsinə şahidlik edir. Bütün bunlar bir daha təsdiq edir ki, bu siyasi kurs Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video