05 May 2022 01:07
2376
SİYASƏT
A- A+

Heydər Əliyevin arzuladığı Azərbaycan

 

Tarix  və şəxsiyyət!

Tarixdə şəxsiyyətin rolu...

Bu  barədə  çox deyilib  və çox  yazılıb, xeyli müzakirələr də aparılıb.

Yekun fikir isə belə olub:

Tarixdə  şəxsiyyətlərin rolu danılmazdır!

Bəzən şəxsiyyətlər tarixi proseslərin  gedişinə təsir göstərə, onun istiqamətini müəyyən qədər dəyişə bilirlər!

Azərbaycan tarixində də belə görkəmli insanlar, baş verən proseslərə təsir  göstərməyi bacaran şəxsiyyətlər olub.

Onlardan biri də müasir Azərbaycan dövlətinin banisi və qurucusu,  xalqımızın  Ümummilli  Lideri  Heydər Əliyevdir.

 

Heydər Əliyev  öz fəaliyyəti ilə tarixin  gedişinə təsir edən,  tarixdə silinməz  izi qalan fenomenal  insanlardan olub. Onun Azərbaycan xalqı üçün etdikləri, müasir, müstəqil Azərbaycanın quruculuğuna  verdiyi misilsiz töhfələr  hamı tərəfindən minnətdarlıqla  etiraf olunur.

Əslində, Heydər Əliyevin tərcümeyi-halı  həm də doğma Azərbaycanın inkişaf  mərhələləri,  keçdiyi yol,  qazandığı uğurlarının  təsdiqi və təsviridir.

Ulu Öndər Heydər Əliyev Azərbaycana  34 il rəhbərlik etmişdir.  Bu rəhbərlik illəri bir-birindən  əhəmiyyətli dərəcədə fərqlənən iki  dövrdən ibarət olmuşdur.

Hər bir dövrün isə öz  xarakterik xüsusiyyəti, prinsipial fərqləri mövcuddur. Lakin  bu fərqli dövrlərə  baxmayaraq,  Ümummilli Liderimiz  bütün illərdə və hallarda  Azərbaycana fədakarlıqla xidmət göstərmiş,  mövcud imkanlar dairəsində  xalqın sosial rifahının,  həyat şəraitinin  yaxşılaşdırılmasını, iqtisadiyyatın  yüksələn xətlə inkişafını təmin edə bilmişdir.

Ulu Öndər Heydər Əliyev qeyri-adi  zəka sahibi, xarizmatik şəxsiyyət olmuşdur. Yüksək  təşkilatçılıq  bacarığı, nəhəng iş qabiliyyəti, siyasi uzaqgörənlik, üstəlik, yorulmadan çalışması uğurlarının başlıca  səbəbləri idi.

SSRİ  adlı super dövlət kommunizm  ideologiyasına  əsaslanırdı. On beş müttəfiq respublikadan təşkil olunan bu qırmızı imperiyada  hər şey mərkəzə  tabe edilmişdi.  Sov. İKP  sözdə siyasi partiya  olsa da, həqiqətdə  dövləti idarə edən qurum, bütün məsələlər  barədə son söz deyən, qərar verən orqan sayılırdı.

Ulu Öndər özünəməxsus  müdrikliyi və yüksək təşkilatçılıq bacarığı sayəsində  həmin  dövrdə qeyri-millətlər üçün  heç də asan olmayan  bir səviyyəyə  - Sov. MK  Siyasi Bürosu  üzvlüyünədək yüksəldi.

Azərbaycana rəhbərliyi dövründə və hələ Sov.İKP MK Siyasi Büro üzvlüyünə  namizəd olarkən  şəxsi nüfuzundan  istifadə edərək mərkəzi büdcədən ölkəmizə daha çox vəsait ayrılmasına  nail olurdu. Həmin vəsaitlər isə Azərbaycanın inkişafına yönəldilir, xalqımızın bəhrələnməsinə sərf olunurdu.

***

1969-cu ildə  Heydər Əliyev Azərbaycan  KP MK-nın  birinci katibi seçilərkən Azərbaycan geridə qalmış  aqrar respublikalardan idi.

Yeni texnika və texnologiya  tətbiq edilmədiyindən neft sənayesində əsaslı geriləmə, tənəzzül yaranmışdı.

Aqrar sektorda vəziyyət  daha acınacaqlı idi. Məhsuldarlıq və bütövlükdə ümumi  istehsal az olduğundan kəndlinin qazancı da aşağı səviyyədəydi. Bu, insanların güzəranına mənfi  təsir göstərirdi.

Ulu Öndərimiz  özünəməxsus enerji və ciddiyyətlə  işə başladı. Hər iki sahədə işlər paralel şəkildə aparıldı.  Əvvəlcə  ümumittifaq  fondundan kifayət qədər vəsait ayrılmasına nail olundu. Neft sənayesinin  dirçəldilməsi  prosesinə start  verildi.   1941-1945-ci illərdə  Azərbaycan cəbhənin yanacaqla təminatında mühüm rol oynamışdı.  Artan tələbatı daim ödəmək üçün neft quyuları şiddətli  istismar  olunmuşdu. Yeni yataqların kəşfinə, qoyulan  investisiyaların  artırılmasına, təzə texnologiyanın tətbiqinə isə  lazımi diqqət yetirilməmişdi.

Neft sənayesindəki mövcud vəziyyəti dərindən təhlil edən Ulu Öndər Heydər Əliyev  sahənin imkanlarından  geniş istifadə olunması üçün zəruri  addımların ardıcıllıqla atılmasına  nail oldu.  Azərbaycanda  neft-maşınqayırma, kimya sənayesi yaradılaraq  sürətlə inkişaf etdi.  "Neft daşları"nda  istehsalın həcmi xeyli artdı. Beləliklə, yeni, yüksək məvacibli iş yerləri  açıldı, dövlət hesabına mənzillər  tikilərək neft və  neftmaşınqayırma  sənayesi sahəsində çalışan vətəndaşların  mənzil-məişət şəraiti,  sosial rifahı ciddi şəkildə  yüksəldildi.

Ümummilli  Liderimiz  şəxsi nüfuzundan istifadə edərək  bir sıra əhəmiyyətli layihələrin Azərbaycana  gətirilməsinə nail olurdu.  Məişət  kondisionerləri  zavodunun,  Bakı Dərin Özüllər Zavodunun və digər  müəssisələrin  Azərbaycanda  inşası  həmin dövrün əhəmiyyətli  hadisələrindən sayılırdı.

***

Azərbaycanda  kənd təsərrüfatının  yeni inkişaf mərhələsinə  qaldırılması, bu sahədə baş verən  inqilabi  dəyişikliklər də Ulu Öndərimizin  adı ilə bağlıdır.

Müharibədən sonra  Azərbaycan kəndi özünə gələ bilmirdi. Məhsuldarlığın və bütövlükdə istehsalın aşağı olması,  kolxoz və sovxozların  zəif texniki bazası bu sahəni qeyri-rentabelli vəziyyətə salmışdı.

Ulu  Öndər Heydər Əliyev  kənd əməkçilərini  səfərbərliyə  almağı, ittifaq miqyasındakı yeniliklərin  kənd təsərrüfatına  da gətirilməsini  təmin  etdi.  Məhsuldar  toxumçuluğun  təmini, mal-qaranın  cins tərkibinin yaxşılaşdırılması,  daha müasir  kənd təsərrüfatı  texnikasından istifadə tezliklə öz müsbət nəticəsini verməyə başladı.

Kolxoz və sovxozlar varlandıqca, kənddə  çalışanların  əməkhaqları  artdıqca,  Azərbaycan kəndinin də  siması  əsaslı şəkildə  dəyişir, müasirləşirdi. İlbəil  abad kəndlərin sayı artır, insanlar daha yaxşı yaşayırdılar.  Köhnə, palçıq komalardan yaxasını qurtaran  Azərbaycan kəndlisi  özünə mişar daşından  ikimərtəbəli, yaraşıqlı evlər tikir, məişət şəraitini  şəhərdəkinə  yaxınlaşdıra bilirdi. Ötən əsrin  yetmişinci illərindən etibarən  Azərbaycan kəndləri  tanınmaz dərəcədə  yeniləndi. Evlərdə müasir  mebellərdən,  kondisionerlərdən  istifadə olunur, ailələr özlərinə minik maşınları alır,  kəndli balaları ölkə paytaxtına gələrək  ali məktəblərdə oxuyurdular.  Beləliklə,  həm Azərbaycan kəndi tikilərək gözəlləşir, müasirləşir, həm də kənddə yaşayanların mədəni səviyyəsi yüksəlirdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan kəndinə daha bir töhfəsi üzümçülüklə bağlı  digər müttəfiq respublikalar üçün nəzərdə tutulan layihəni  ölkəmizə gətirməsi oldu.  Belə ki,  "Azərbaycan  SSR-də  üzümçülüyün və şərabçılığın  inkişafı haqqıda"  Sov.İKP  MK-nın, SSRİ  Nazirlər Sovetinin  qərarının icrası  ölkəyə böyük vəsait  qoyulması ilə nəticələndi. Qərara əsasən,  az müddət ərzində  kəndlərdə geniş üzüm plantasiyaları salındı,  emal müəssisələri tikildi,  yeni qəsəbələr inşa olundu. Üzümçülüyün və şərabçılığın inkişafı  Azərbaycanın iqtisadi cəhətdən  xeyli varlanmasına,  kəndlilərin sosial rifahının əsaslı şəkildə yüksəlməsinə şərait yaratdı.

*** 

Ulu Öndər Heydər Əliyev  gənclərdən də  diqqət və qayğısını heç zaman əsirgəməyib. Müasir, firavan  Azərbaycan quruculuğunu  qarşıya məqsəd qoyan  Ümummilli  Liderimiz  yeni nəsil  kadrların  hazırlanmasına  xüsusi diqqət yetirirdi.  Çünki  yaxşı bilirdi ki,  bacarıqlı, savadlı və səriştəli kadrlar olmadan qarşıya qoyulan  vəzifələri uğurla həyata keçirmək mümkün deyildir. Odur ki,  Azərbaycanın bu gününə və gələcəyinə  xidmət göstərəcək  kadrların  hazırlanması və yetişdirilməsi üçün bir sıra gərəkli işlər gördü.

Ulu Öndərin rəhbərliyi dövründə ölkəmizdə bir sıra yeni  təhsil ocaqları açıldı, ali və orta ixtisas təhsili  məktəblərinə qəbulun həcmi artırıldı. SSRİ dövründə  Rusiyada  bir çox nadir ixtisaslar üzrə  ali məktəblər  fəaliyyət göstərirdi.  Ulu Öndər Heydər Əliyev hər il yüzlərlə, bütövlükdə rəhbərliyi dövründə isə minlərlə  azərbaycanlı gənci dövlət hesabına həmin institutlara  göndərərək orada müxtəlif  ixtisaslara  yiyələnmələrinə şərait yaratdı. Həmin gənclər həm sovet, həm də müstəqillik illərində  doğma vətənlərinə xidmət göstərərək ölkəmizin inkişafında fəal iştirak etdilər.

Ən mühüm məsələlərdən biri  hərbi kadrların  hazırlanması sahəsində  görülən işlər idi.  Sovet dövründə  müsəlman respublikalardan olan  çağırışçıları müasir silahların olduğu hərbi hissələrə deyil,  inşaat  batalyonlarında xidmətə salırdılar. Onların hərbi məktəblərə qəbuluna da müəyyən süni maneələr  yaradılırdı.  Ümummilli Liderimiz  əvvəlcə Bakıda  C.Naxçıvanskinin  adını daşıyan  hərbi təmayüllü  məktəbin açılmasını təmin etdi. Sonra  Bakıdakı ali hərbi  məktəblərə  azərbaycanlı gənclərin qəbulu üçün kvota  ayırtdırdı. Eyni zamanda SSRİ  məkanındakı  hərbi məktəblərə təhsil almağa  göndərilən azərbaycanlıların sayı da xeyli yüksəldi.

Hərbi ixtisaslara  yiyələnərək SSRİ-nin müxtəlif guşələrindəki hərbi  hissələrində xidmət edən  azərbaycanlılar Ermənistan-Azərbaycan  müharibəsi  başlayanda geriyə dönərək vətənin  müdafiəsində döyüşərək xüsusi şücaət  göstərdilər.

***

Ümummilli  Liderimizin  Azərbaycana  birinci rəhbərliyi dövründə sözün həqiqi mənasında  inqilabi  dəyişikliklər  baş verdi. Azərbaycan  başdan-başa yenidən tikilib quruldu.  Ölkə paytaxtı Bakı xeyli böyüdü və gözəlləşdi, yeni mikrorayonlar salındı,  məktəblər, mədəniyyət ocaqları inşa edilərək öz qapılarını xalqın üzünə açdı.

Azərbaycan mədəniyyəti, elmi sürətlə inkişaf etdi.  Yeni  teatrlar yaradıldı, tamaşalar qoyuldu.  Bəstəkarlarımızın musiqi əsərləri, yazdıqları baletlər ittifaqın, habelə dünyanın  məşhur  konsert salonlarında  səsləndirildi, səhnələrdə qoyuldu.

Təkcə  zəhmət adamları deyil, yazıçılarımız,  bəstəkarlarımız yüksək dövlət mükafatlarına,  Sosialist Əməyi Qəhrəmanı  adına layiq görüldülər. Xalqımız  daha yaxşı yaşamağa başladı,  mədəni  səviyyəsini yüksəltdi.

Azərbaycan on beş respublika  arasındakı  aşağı mövqeyindən  öncül yerə çıxdı.

Ulu Öndərimiz  SSRİ-nin  rəhbərlərindən biri kimi Moskvaya  işləməyə aparılanda  abad, inkişafda olan bir ölkə qoyub getdi. Moskvada  Sov.İKP Siyasi Bürosunun  üzvü, SSRİ Nazirlər Soveti sədrinin  birinci müavini kimi  işlədiyi dövrdə Azərbaycanı, xalqımızı unutmadı,  daim köməyini, dəstəyini göstərdi.

M.Qorbaçovun  SSRİ rəhbərliyinə  gəlişindən,  "yenidənqurma" adlı  ittifaq miqyaslı oyunbazlıqdan sonra vəziyyət büsbütün  dəyişdi,  qırmızı imperiyanın çöküşü başladı.  Ulu Öndər Heydər Əliyevin  böyük siyasətindən müvəqqəti ayrılması Azərbaycana da təsirsiz ötüşmədi.

Nəhəng  imperiya  çalxalanmağa, mərkəzlə müttəfiq  respublikalar  arasındakı bağlar qırılmağa başladı.  Ölkəni mitinq və tətillər  dalğası bürüdü,  iqtisadiyyat pozuldu,  qıtlıq,  ərzaq növbələri  yarandı,  sabaha inam itdi...

Qarabağ probleminin yenidən  meydana atılması,  milli ədavətin  gücləndirilməsi,  belə bir dövrdə  respublikaya maymaq, qorxaq və qətiyyətsiz adamların başçılıq etməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. "Cızığından çıxmış"  Azərbaycanı cəzalandırmaq üçün  Moskva tərəfindən  20 Yanvar  faciəsi törədildi,  sovet ordusu Azərbaycana gələrək dinc əhalini  küçələrdə  gülləbaran  etdi.

Azərbaycanın faciəli günləri başladı,  erməni-sovet  ordusu vasitəsilə  torpaqlarımız işğala məruz qaldı.

Özlərini "demokrat" adlandıran, milli-azadlıq  hərəkatının dalğalarında  iqtidara gələn  AXC-Müsavat cütlüyü  fəlakətli vəziyyəti  daha da dərinləşdirdi.  Heç bir  idarəetmə təcrübəsi və səriştəsi olmayanlar, şəxsi maraqlarını  dövlət mənafeyindən üstün tutanlar  naşılıqları ucbatından Azərbaycanı  bir dövlət kimi  məhvolma həddinə çatdırdılar. Ölkə keçmişdəki kimi  kiçik xanlıqlara bölünmə ərəfəsində idi.

Bu məqamda Azərbaycan xalqı  özünün ən müdrik  qərarını verdi: sınanmış oğlunu, dünya şöhrətli siyasətçisini  yenidən ölkə rəhbərliyinə dəvət etdi!

Ulu Öndər xalqının çağırışına  biganə qala bilmədi!

Vətən  dar günündə  ümidini ona bağlamışdı!

Bu müqəddəs  ümidi doğrultmaq lazım idi!

Geriyə qayıtdı, topsuz, tüfəngsiz, ordusuz...

Özü ilə zəngin təcrübəsini, dərin biliyini, bir də vətən sevgisi ilə döyünən ürəyini gətirdi!

***

1993-cü ilin  15 iyununda Ulu Öndər  Heydər Əliyev faktiki olaraq ölkəyə rəhbərliyə başladı.

Lakin o, qurulu, abad Azərbaycanı qoyaraq Moskvaya getmişdi. Qayıtdığı dövrün Azərbaycanı isə  ümummilli böhrana düşərək  boğulan,  torpaqları kəndbəkənd  işğala məruz qalan, iqtisadiyyatı pozulan,  dağılan, insanları isə  ümidsiz bir vəziyyətdə idi.

Ümummilli Liderimiz  ölkəni fəlakətdən qurtarmaq, arzuladığı yeni, müstəqil Azərbaycanı qurmaq üçün dərhal fəaliyyətə başladı. Sutkanın  18 saatını dayanmadan çalışır, bir neçə istiqamətdə  fəaliyyət göstərirdi.

Əvvəlcə atəşkəs  barədə razılıq əldə olundu və beləliklə, yeni ərazilərin işğalının qarşısı alındı. Ölkədəki  anarxiya, qanunsuzluq və  başıpozuqluq hallarının  aradan qaldırılması üçün  təsirli tədbirlər görüldü.  Qanunsuz silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda  silah-sursat toplanıldı.

Ölkədə  daimi və dönməz sabitlik yarandı.

Lakin Azərbaycanın düşmənlərinə xidmət edən qüvvələr bununla barışmaq istəmirdilər.  İki dəfə - 4 oktyabr 1994-cü və 13-18 mart 1995-ci illərdə  dövlət çevrilişi cəhdləri törədildi.

Ulu Öndər həyatını  təhlükə qarşısında qoyaraq  heç bir halda postunu tərk etmədi.

Xalqa müraciət edərək insanları dövləti və dövlətçiliyi qorumaq  üçün meydanlara səslədi.

Bir neçə saat ərzində minlərlə insan dahi rəhbərlərinin səsinə səs verərək küçələrə axışdılar, bədxah və düşmən qüvvələrə qarşı müdafiə cəbhəsi yaratdılar.

Hər iki dövlət çevrilişi cəhdi  iflasa uğradı, təşkilatçılar  qanun məsuliyyətinə cəlb edilərək cəzalarını aldılar.

Quruculuq sahəsində isə  görüləsi işlər hədsiz dərəcədə çox idi.

Bir milyondan artıq insan qaçqın və məcburi köçkün  vəziyyətinə düşərək çadır şəhərciklərində,  ictimai binalarda köməksiz vəziyyətdə qalmışdı.  Dövlət büdcəsində ciddi vəsait çatışmazlığı vardı. Ulu Öndər Heydər Əliyev beynəlxalq təşkilatlar və  dost ölkələrə müraciət edərək binəsib insanlara  humanitar yardım  göstərilməsinə nail oldu, sonra isə bu sahəyə sistemli dövlət yardımını təşkil etdi.

AXC-Müsavat cütlüyünün görə bilmədiyi işi, Azərbaycan neftinin dünya bazarına  çıxarılması  və büdcəyə  neft gəlirlərinin gətirilməsi  prosesinə  start verdi. Neft danışıqlarının uğurlu alınması üçün  bu işə o dövrdə  ARDNŞ-in vitse-prezidenti  vəzifəsində çalışan  İlham Əliyev cəlb edildi. Neft danışıqları  çətin və mürəkkəb şəraitdə  keçirilsə də, nəticə uğurlu oldu. Sonradan  Azərbaycanın dövlət maraqları tam təmin olunan  "Əsrin müqaviləsi"  adlandırılan  neft kontraktı bağlandı. Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı boru kəmərinin  tikintisinə  başlanıldı.

***

Azərbaycan "Dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktı"  qəbul etsə də, əslində, müstəqillik deklorativ xarakter daşıyırdı.  Həqiqi müstəqilliyə  nail olmaq üçün də çox iş görülməliydi.

Bazar iqtisadiyyatı münasibətlərinə keçmək, buna zəruri  hüququ baza yaratmaq vacib idi.  Az bir vaxtda  baş müəllifi Ulu Öndər Heydər Əliyev olan yeni Konstitusiya  layihəsi hazırlandı və ümumxalq  səsverməsi yolu ilə qəbul olundui. Dövlət əmlakının özəlləşdirilməsi üzrə  iki dövlət proqramı qəbul olunaraq  icra edildi. Azərbaycan kəndinin yeni istehsal münasibətlərinə keçirilməsi də zəruri idi. Ən çətin problemlərdən  biri olan aqrar  islahatların  aparılması da uğurla başa çatdı, torpaq əsl sahiblərinə qaytarıldı.

Ulu Öndərin ən böyük xidmətlərindən biri də Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsi  yolunda  atdığı qətiyyətli addımlardır. Yeni  Konstitusiyanın  qəbulundan sonra  vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması, mətbuat və söz azadlığının  bərqərar olunması  istiqamətində  mühüm işlər görüldü,  AXC-Müsavat cütlüyü özlərini  "demokrat"  saysalar da, mətbuata  azadlıq verməyə cəsarətləri çatmadı. Əksinə, onların dövründə mətbu orqanlar dəfələrlə təzyiqlərə məruz qaldı, jurnalistlər döyüldü, təhqir olundu.  Bu cəsarəti də  Ulu Öndərimiz öz üzərinə götürdü. 6 avqust 1998-ci ildə mətbuata senzura nəzarətini  birdəfəlik  aradan qaldıran fərman imzaladı. Beləliklə, mətbuat senzura  buxovundan azad edildi.

Ulu Öndər Heydər Əliyev jurnalistlərin  soaial müdafiəsinin yüksəldilməsi sahəsində də  gərəkli işlər gördü. Bir sıra qəzetlərin mətbəələrə olan borcları dövlət hesabına ödənildi. Mətbu orqanların təsis olunması  əhəmiyyətli dərəcədə  asanlaşdırıldı və sadələşdirildi.  Azərbaycan jurnalistləri  Ümummilli Liderimizin  bu qayğılarına cavab olaraq  onu  "Jurnalistlərin dostu" adına layiq gördülər.

Artıq Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdən  dövlətə çevrilmişdi. Əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli idi.

Lakin ömür Ulu Öndərimizə möhtəşəm planlarını yerinə yetirməyə möhlət vermədi. O, Azərbaycanın yeni inkişaf yolunu müəyyənləşdirərək  görüləcək bütün işlərin  ağırlığını  siyasi varisi cənab İlham Əliyevin  çiyinlərinə qoyaraq  əbədiyyətə qovuşdu!

Azərbaycan xalqı sevimli rəhbərinin və xilaskarının vəsiyyətinə əməl edərək cənab İlham Əliyevi  dövlət başçısı seçdi.

Beləliklə,  Ulu Öndərimizin arzusunda olduğu yeni Azərbaycanın quruculuğu missiyasını da  Prezident İlham Əliyev yerinə yetirməli oldu.

***

Prezident İlham Əliyev xalqın ona göstərdiyi etimadı  layiqincə doğrultmaq üçün ilk  günlərdən gərgin  və məhsuldar fəaliyyətə başladı.

Hakimiyyətin ilk  anlarından sabitliyi pozmaq üçün  meydana  atılanları dərhal yerində  oturtdu, onlara müstəqil  Azərbaycanın  etibarlı əldə olduğunu anlatdı.

Həmin dövrdə Azərbaycanda iqtisadi çətinliklər  hökm sürürdü. İşsizlik baş alıb gedir, kəndlər boşalır, bölgələrə elektrik enerjisi fasilələrlə verilir,  qaçqın və məcburi köçkünlər  çadır şəhərciklərində,  ictimai binalarda ağır vəziyyətdə yaşayırdı.  Əksər yaşayış  məntəqələri qazlaşdırılmamışdı və Azərbaycan qonşu  Rusiyadan  mavi yanacaq alırdı.

Cənab İlham Əliyev seçkiqabağı  təbliğatında xalqa öz vədlərini bəyan etmişdi: İşsizlik ən aşağı səviyyəyə endiriləcək, hər bir yaşayış məntəqələrində daim elektrik enerjisi olacaq,  bütün kəndlər və qəsəbələr  qazlaşdırılacaq, çadır şəhərciklərində bir nəfər qaçqın  və məcburi köçkün qalmayacaqdır.

Dövlət büdcəsinə neft pulları daxil olduqca vəziyyət sürətlə dəyişirdi. Prezident İlham Əliyev  cari işləri perspektiv problemlərin uğurlu həlli ilə  məharətlə əlaqələndirirdi. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ardınca Bakı-Tbilisi-Qars  dəmir yolunun istifadəyə verilməsi, “Şimal-Cənub”,  “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin işə salınması,  Azərbaycanın logistika mərkəzinə və Avropanın mavi yanacaqla təminatında etibarlı tərəfdaşa çevrilməsi  ölkənin iqtisadi qüdrəti ilə yanaşı, siyasi nüfuzunu da əhəmiyyətli şəkildə yüksəltdi.

Azərbaycan ən əvvəl özünün enerji təhlükəsizliyini təmin etdi. Bu gün ölkəmiz dünya bazarına təkcə neft və təbii qaz deyil,  elektrik enerjisi də çıxarır.

Cənab İlham Əliyev verdiyi bütün vədləri  ləyaqətlə yerinə yetirmişdir. Ölkə üzrə qazlaşdırma  95 faizdən yüksəkdir. Artıq Azərbaycan alternativ elektrik enerjisi  istehsalına başlamışdır və sürətlə yeni, bərpaolunan elektrik enerjisi istehsalı  qurğuları inşa edir.

Ölkənin bütün  magistral  yolları yenidən qurularaq  genişləndirilmiş,  kəndarası yollar asfaltlanmış,  gediş-gəliş  xeyli asanlaşmışdır.

İndiyədək  116 məcburi köçkün qəsəbəsi salınaraq  300 mindən çox insan  rahat mənzillərə köçürülmüşdür.

Paytaxt Bakı yenidən tikilib qurulmuş, təzə küçələr və parklar salınmış,  dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir.

Kənddə sahibkarlığın inkişafı  Azərbaycan  kəndinin  simasını  büsbütün dəyişmişdir. İnsanlar özlərinə  bir-birindən yaraşıqlı, gözəl evlər tikmiş, sosial rifahlarını xeyli yaxşılaşdırmışlar.

Bu qayğıdan jurnalistlər də  kənarda qalmamışlar. Dövlət öz hesabına yeni yaşayış binaları tikib təmir edərək  qələm sahiblərinin ixtiyarına vermişdir.

Azərbaycan həm də turizm diyarına çevrilmişdir. Ölkəyə dünyanın hər yerindən  gələn turistlərin sayı ilbəil artır. Çoxsaylı  istirahət mərkəzləri,  çoxulduzlu hotellər, unikal mətbəximiz gələn qonaqları  hədsiz dərəcədə razı salır.

***

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev  Ulu Öndərimizin  ən böyük arzusunu və vəsiyyətini  də şərəflə yerinə yetirdi.

44 günlük  Vətən müharibəsində  Ermənistan ordusunu  dəmir yumruğu ilə məhv etdi, düşməni qarşısında diz çökdürərək  kapitulyasiya aktını imzalatdırdı!

İndi isə  Qarabağın bərpası, dirçəldilməsi prosesi sürətlə davam edir. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da  fəaliyyəti  ürəkaçandır. Onun Şuşada Heydər Əliyev Fondunun dəstəyi ilə  reallaşdırdığı  layihələr qürur və sevinc doğurur.

Böyük qayıdışa ciddi hazırlıq görülür.  Şəhərlərin baş planları tərtib olunur, yeni, bir-birindən maraqlı layihələr  reallaşdırılır.  Şuşaya, Laçına, Kəlbəcərə yeni yollar çəkilir, dəmir yolu xətləri təzədən salınır.  Kənd təsərrüfatının  dirçəldilməsi, sənaye parklarının tikintisi diqqət mərkəzindədir. Kəndlinin bol suvarma suyu ilə təminatı üçün yeni su anbarları  yaradılır, köhnələri təmir olunur, təzə kanallar çəkilir,  artezian quyuları qazılır.  Müasir tipli, "ağıllı"  kənd və qəsəbələrin  yaradılması da  diqqət mərkəzindədir.

Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı hamının dilinin əzbəridir və hər birimizin qəlbini  qürur hissi ilə doldurur:  "Mən həmişə fəxr etmişəm,  bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!"

Ümummilli Liderimiz təkcə Azərbaycanlı olması ilə fəxr etmirdi. O, Azərbaycanı bütün varlığı ilə sevir, onun yüksəlişi, qüdrətlənməsi, dünyada nüfuzunun artması və müstəqilliyinin  əbədiliyə çevrilməsi üçün mümkün olanları edirdi.

Ulu Öndərimiz Azərbaycanı  azad və müstəqil görmək istəyirdi.

Ulu Öndərimiz  Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istəyirdi.

Ulu Öndərimiz Azərbaycanı müasir, demokratik, gözəl, abad ölkə kimi görmək istəyirdi.

Ulu Öndərimiz Azərbaycan vətəndaşlarının xoşbəxt, firəvan, alnıaçıq və üzügülər yaşamasını  istəyirdi.

Müzəffər Ali Baş Komandanımız,  Prezidentimiz İlham Əliyev  bütün bu istək və arzuları gerçəkliyə çevirdi.

Azərbaycanı Cənubi Qafqazın ən güclü dövləti etdi.

Azərbaycanın dünyada  nüfuzunu qat-qat artırdı.

Qüdrətli ordu yaratdı, ərazi bütövlüyümüzün  bərpasına nail oldu.

Bu gün isə Azərbaycanı  Zəfər yolu ilə  dayanmadan irəli aparır!..

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video