21 Yanvar 2022 17:41
382
Mədəniyyət

Heydər Əliyev Fondunun Vatikanda və Romada icra etdiyi layihələr dinlərarası dialoqun qurulmasına öz töhfəsini verir 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda və Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Vatikanda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir. Həmin layihələr Azərbaycan-Vatikan əlaqələrinin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq dinlər və mədəniyyətlər arasında platformaya mühüm töhfələr verir, Azərbaycanın bu sahədəki fəaliyyəti üçün böyük önəm daşıyır. Roma Papası Fransisk də ölkəmizin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.

Layihələr üç mühüm mərhələdə reallaşdırılıb

Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, dinlərarası dialoqun inkişafına da töhfəsini verir. Fond ilə Müqəddəs Tax-Tac arasındakı əməkdaşlıqda mühüm əhəmiyyət daşıyan bu layihələr üç mərhələdə həyata keçirilib. Birinci mərhələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. Hazırda ictimaiyyət möhtəşəm freskaları restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilir.

İkinci mərhələdə Müqəddəs Sebastian Bazilikasında yeni muzey yaradılıb və sarkofaqlar restavrasiya edilərək həmin muzeydə qorunur. Muzey hazırda ziyarətçilər üçün açıqdır.

Üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Müqəddəs Komodilya katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir. Hazırda Komodilya katakombalarının bərpası işləri həyata keçirilir.

Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombaları

Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Sebastian Bazilikasındakı katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. Bu Bazilika IV əsrdə katakombaların üzərində inşa edilib. Ümumilikdə katakombalarda 8 minə yaxın sərdabə yerləşir. Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır.

İtaliyalı arxeoloq Barbara Matzei AZƏRTAC-a müsahibəsində bildirib ki, katakombaların bərpası işləri mükəmməl həyata keçirilib. Layihələr zamanı bərpa işlərinə beynəlxalq ekspertlər də cəlb olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva burada sarkofaqların restavrasiya edilərək qorunduğu muzeyin təşkilinə yaxından dəstək göstərib. 2018-ci ilin sentyabrında isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılış mərasimində iştirak edib. “Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkənizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi töhfədir”, - deyə o qeyd edib.

Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır.

Qeyd edək ki, əvvəllər Romada Müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Bu katakombalar 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.

Vatikanda Müqəddəs Pyotr Kilsəsində “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi bərpa olunub

Heydər Əliyev Fondu Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpası işlərini 2020-ci ildə başa çatdırıb. Layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Vatikandakı Müqəddəs Pyotr Kilsəsi italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Bura həm də məşhur ziyarətgah və dini mərasimlər yeridir. Buna görə də erkən xristianlıq dövründən etibarən əksər Roma papaları burada dəfn olunub. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.

Xatırladaq ki, 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikana səfər çərçivəsində “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin də yerləşdiyi Müqəddəs Pyotr Kilsəsinin Bazilikası ilə tanış olublar.

Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq növbəti mərhələyə qədəm qoyub

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsi icra edilir. Ötən ilin martında Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Roma şəhərinin VIII rayonu ərazisində yerləşən Komodilya katakombaları tarixi əhəmiyyətə malikdir. Məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan bu katakombaları bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir. Bərpa işləri bu tarixi abidəyə ictimaiyyətin və turistlərin marağını artıracaq, eləcə də bu abidənin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edəcək. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlər dini və mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, katakombalar təbii və ya süni yeraltı məntəqələrdir. Onlar çox dar dəhlizlərdən ibarət olur. Roma şəhərində 60-dan çox katakomba mövcud olmasına baxmayaraq, onlardan cəmi bir neçəsi ictimaiyyət üçün açıqdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, həmin layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir. Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video