04 Oktyabr 2022 01:15
944
SİYASƏT
A- A+

Heydər Əliyev Azərbaycanda inkişaf və tərəqqi dövrünün əsasını qoydu

 

Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, hadisələrin fövqündə dayanmaqla tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirən fenomen siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. 
Taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider daim öz cəsarəti, çevik və prinsipial qərarları, ən ağır vəziyyətlərdə optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev zəngin siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri mətinliklə dəf edən, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan dahi şəxsiyyət, böyük dövlət adamı, qüdrətli siyasi xadimdir. 
Hazırda biz Azərbaycan xalqının tarixində parlaq bir mərhələni yaşayırıq. Bu,  XXI əsrdə ölkəmizin yeniləşməsi, möcüzə kimi davam edən intibah dövrüdür. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən ölkəmiz indi dahi şəxsiyyətin həyat amalının təntənəsinə çevrilmişdir. 
Ümummilli Lider Heydər Əliyev xalqın taleyində nadir hadisə, fenomendir!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması haqqında tarixi bir sərəncam imzalamışdır. Növbəti il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Sərəncamda dahi şəxsiyyətin dövlətçilik fəaliyyətinə misilsiz qiymət verilir, onun zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti olduğu xüsusi vurğulanır. Heydər Əliyev xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və yüksək uğurlar qazanan qüdrətli siyasi xadimin dövlətçilik fəaliyyəti ölçüyəgəlməz dərəcədə böyükdür. Reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə arxa-dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən, onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlıdır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq həqiqətin meyarı dəyişməz olaraq qalır.

 

Fenomen şəxsiyyət 

 

1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətə başlamasının ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır.
Ulu Öndər həm birinci, həm də ikinci dəfə ölkənin ən ağır vaxtlarında - ictimai münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, cəmiyyətin zehnində dolaşıqlıq və mənəvi dayaqlarında hərc-mərclik yarandığı dövrlərdə rəhbərliyə gəlmiş və respublikanı nəinki düşdüyü vəziyyətdən çıxara bilmiş, habelə qısa vaxtda onun sürətli inkişafına nail olmuşdur. Heydər Əliyev ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyətə ədalət gətirmişdir. Haqqın gücünə insanların sönmüş inamını bərpa etmişdir. İlk növbədə respublikada sağlam milli kadr bazasının yaradılmasına nail olmuşdur.
1970-1980-ci illərdə azərbaycanlılar üçün çətinlik törədən amillərdən biri sovet Azərbaycanının partiya və inzibati orqanlarında kök salmış kosmopolit kadrların olması idi. Xüsusilə o zaman Bakıda yaşayan ermənilər hakimiyyətin əksər pillələrində təmsil olunur və bütün qüvvələrini milli kadrların yerləşdirilməsinin qarşısını almağa yönəldirdilər. Rəhbərliyə gəlməmişdən əvvəl DTK orqanlarında durmadan yüksələn və yüksəldikcə də Azərbaycan milli elitası ilə güclü əlaqələr yaradan böyük vətənpərvərin qarşısıalınmaz qətiyyəti erməniləri qorxuya salırdı. 
Ümummilli Lider uzaqgörən və məqsədli siyasi xətt yeridərək birinci növbədə milli kadrların yüksəlişinə nail oldu və rəhbər vəzifələrdən erməniləri uzaqlaşdırdı. Heydər Əliyev siyasətinin başlıca məramı güclü dövlət, güclü iqtisadiyyatla yanaşı, sağlam milli kadrlar yetişdirmək idi. Ona görə də ölkə rəhbəri milli təhsilin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün fəal təhsil və kadr konsepsiyasını irəli sürdü. Təhsildə islahatlar dönüş xarakteri aldı. Ötən əsrin 70-ci illərinin ortalarında artıq bu mühüm vəzifələr yerinə yetirildi. 
Ulu Öndər ana dilində danışan ilk rəhbər idi. Böyük siyasi xadimin hələ ötən əsrdə Azərbaycana birinci katib seçiləndən bəri yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Müstəqillik illərində isə - 1995-ci ildə Konstitusiya Komissiyasının sədri olan Heydər Əliyev layihədə dövlət dilinin adı ilə bağlı geniş müzakirələr keçirdi. 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi tədbirləri haqqında" fərman imzaladı. 2003-cü ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qüvvəyə mindi.
Güclü respublika, güclü iqtisadiyyat konsepsiyasından çıxış edən Ulu Öndər qısa zamanda dünyanın ən iri müəssisələrinin Bakıda tikintisinə nail oldu. Sovetlər birliyinin mərkəzi dövlət və təsərrüfat orqanlarından respublika üçün çox böyük vəsaitlər ayrılmasına çalışdı. 
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki çıxışında Ulu Öndərin sovet dövründəki xidmətlərini qeyd edərək demişdir: "Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici "Qırmızı bayraq" var idi. Yəni "Qırmızı bayraq" ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu "Qırmızı bayrağ"ı alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir".
Qəlbi daim Vətən sevgisinin gücü ilə döyünən böyük rəhbər milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına xüsusi  diqqət göstərirdi. Ulu Öndər Azərbaycanın ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə etməyə, onların sıxışdırılmasının qarşısını almağa müvəffəq olmuşdu. 
Bu, bir cəsarət nümunəsi idi! Heydər Əliyev bu nümunəni tarixin başqa anlarında da təkrar-təkrar nümayiş etdirdi. Milli ruhun daşıyıcısı olan ziyalılarımızı təzyiq və təqiblərdən qoruyanda da, bu ruhu əks etdirən əsərlərə himayədarlıq edib onlara həyat qazandıranda da, keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə də  Azərbaycan və ümumilikdə müsəlman ölkələri ilə bağlı göstərdiyi təəssübkeşlikdə, prinsipiallıqda da...
Qüdrətli dövlət adamının elan etdiyi prinsip və ideyalar ötən əsrin 70-ci illərində respublikada tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdir. 

 

Müasir Azərbaycanın qurucusu

 

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratdı. Bu dəyərlər və ideyalar müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirən baxışlar sistemi kimi nəzərdən keçirilirdi. Ümummilli Lider uçurumun bir addımlığında dayanan millətin öz dövlətini yaşatmasını təmin etmək üçün milli dövlətçilik ideologiyasının ictimai şüurda möhkəmlənməsinə nail oldu, bununla da cəmiyyəti ümumi bir məqsəd ətrafında birləşdirdi. Heydər Əliyev ölkəni iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz etdi. Bu qayıdış əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin özünə qayıdışına çevrildi və Azərbaycan müstəqillik tarixinin daha şərəfli, əzəmətli mərhələsinə qədəm qoydu. 
Ulu Öndərin müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam hissi bərpa edildi, sabitlik və firavanlığa ciddi təminat yaradıldı. Azərbaycanın sosial-iqtisadi və diplomatik sahədə üzləşdiyi bir çox problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə mümkün oldu. Böyük siyasi xadimin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirdi. Özünəməxsus müdrikliklə bəyan etdi ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. 
Ulu Öndər Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri reallaşdırdı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.
Ümummilli Lider yeni neft strategiyasının işlənib hazırlanmasına və uğurla həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. 
Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət bütün dövrlərdə Ulu Öndərin fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Bu illərdə elmi intellektual sferada hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdı. Sağlam təfəkkürlü insanları öz ətrafında topladı, Azərbaycanın elmi potensialının dağılmasının qarşısını aldı. 
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan hüquqi və demokratik islahatlar ilk növbədə qanunun aliliyinə əsaslanan ictimai münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı, ölkədə dövlət quruculuğu prosesini uğurla həyata keçirməyə  şərait yaratdı. Sosial həyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunların qəbulu, aparılan tədbirlər, görülən işlər cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında, Azərbaycanın modern bir dövlət olaraq beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynadı. Böyük rəhbərin dövlətçilik ideyaları həm də xalqımızın tarixi ənənələrinə, milli-mənəvi dəyərlərinə söykənirdi.
Ümummilli Lider Azərbaycanda iki sivilizasiyanın konseptual paramentrlərini özündə təkmil bir formada birləşdirən unikal bir dövlət modeli yaratmışdı. Məhz bu model Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına çevrilməsində, Cənubi Qafqazın nüfuzlu ölkəsi kimi  tanınmasında və nəhəng uğurlara imza atmasında həlledici təsirə malik olmuşdur.
Heydər Əliyev Azərbaycanın istiqlalını əbədi etmiş qüdrətli liderdir! 
Ulu Öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən ən böyük dəstəyi xalqdan almışdır. Bu isə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı vermişdir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video