24 Yanvar 2022 15:56
666
Səhiyyə
A- A+

Həkim-infeksionist: Hazırda yoluxma hallarındakı artım yeni dalğanın başlanğıcında olduğumuzu göstərir

Qısa müddət ərzində “omikron” dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da aparıcı ştama çevrilir. Bu hal əhali arasında narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, həmin ştama yoluxma zamanı xəstəlik yüngül və qısa müddət ərzində keçir, sağalma tez baş verir, hətta xəstələrin təcridolunma dövrü də az olur. Bir sıra ölkələrdə həmin müddət 7, bəzilərində isə 5 günə qədər qısaldılıb. Azərbaycanda da yanvarın 24-dən etibarən təcridolunma müddəti 14 gündən 7 günə endirilib. Bu, onunla əlaqədardır ki, xəstəlik daha yüngül keçir və belə olan halda məhdudiyyətlər tətbiq etmək lazım olmur. Yalnız səhiyyə müəssisələri yükləndiyi halda müəyyən tədbirlər görmək olar. Güman edilir ki, ölkəmizdə fevral ayında xəstəliyin pik dövrü müşahidə ediləcək və müəyyən müddətdən sonra vəziyyət yaxşılaşmağa doğru gedəcək. Hazırda yoluxma hallarındakı artım göstərir ki, yeni dalğanın başlanğıcındayıq. Son vaxtlar yoluxma sayında müşahidə olunan artım isə “omikron” ştamı ilə izah edilir. Yaxın bir neçə həftə ərzində həmin artımların davamlı olacağını hesab edirik. Yoluxmaların və xəstəxana çarpayılarının sayı nəzərə alınaraq müəyyən tədbirlər görülə bilər. Hələlik buna heç bir ehtiyac yoxdur, çünki yoluxma rəqəmləri o qədər də böyük deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, klinik baxımdan “omikron” ştamı daha çox yüngül formalara səbəb olur və əsasən yuxarı tənəffüs yolları zədələnir. Yəni prosesin aşağı tənəffüs yollarına, ağciyərlərə enməsi halı olsa da, əvvəlki ştamlarla müqayisədə daha azdır. Ağciyər tutulması halının az baş verməsi bir tərəfdən xəstəxanada müalicə olunanların, digər tərəfdən kritik formaların sayını azaldır. Ümumilikdə götürsək, peyvənd edilməyənlərin, immun sistemi zəif və ağır xroniki xəstəlikləri olanların hətta xəstəliyi keçirmiş olsalar da, yenə də risk qrupunda olacaqları, xəstəliyi yenidən keçirmək və ağır hallarla üzləşmək ehtimalı var.

Onun dediyinə görə, “omikron” ştamında epidemik və kliniki fərqləri qeyd etmək olar: “Yəqin ki, əhalini ilk növbədə kliniki əlamətlərin fərqliliyi daha çox maraqlandırır. Hava-damcı yolu ilə yayılan infeksiyaların hamısı - istər qrip, istərsə yeni növ koronaovirus, istərsə də digər respirator infeksiyalar olsun - tənəffüs yollarını zədələyir və onların əlamətləri eynidir. Hər hansı bir infeksiyada və ya infeksiyanın yeni ştamında bu və ya digər əlamət üstünlük təşkil edə və yaxud əvvəlkilərlə müqayisədə daha az müşahidə oluna bilər. Bəri başdan demək istəyirəm ki, “omikron” ştamı digər virusların törətdiyi kəskin respirator xəstəliklərə oxşardır. Burda iki cür əlamət olur: ümumi toksikasiya və yerli əlamətlər. Toksikasiya əlamətlərinə ümumi halsızlıq, zəiflik, baş, əzələ, oynaq ağrıları, hərarətin yüksəlməsi daxildir. Yerli əlamətlər isə virusun tənəffüs yollarının zədələnməsidir. Boğaz ağrısı, burun tutulması və ya axması, quru öskürək baş verir və bunlar kataral əlamətlər adlandırılır. Hazırda qış fəsli olduğuna görə təbii ki, digər respirator virus xəstəlikləri də müşahidə olunur və onların əlamətləri həmin xəstəliklərlə eynilik təşkil edir. İndi pandemiya dövrü olduğuna görə COVID infeksiyasının daha kütləvi yayılmasını müşahidə edirik və dünya üzrə xəstələnənlərin 40 faizinin “omikron”a yoluxması yeni ştamın daha sürətlə yayıldığını və əvvəllər yayılan “delta” ştamını üstələdiyini göstərir.

“Qorunma üsulları ilk növbədə əhalidən asılıdır. Ötən iki il ərzində həmin üsulların zəruriliyi hər kəsə aydın olub. Son vaxtlar qapalı məkanlarda, nəqliyyatda, dükan-bazarlarda həmin qaydalara şüurlu yanaşıldığını, maska taxıldığını, mümkün qədər məsafə saxlanıldığını görürük. Digər məsələ vaksinasiyadır. İndi sutka ərzində peyvənd olunanların böyük hissəsi “buster” doza alanlardır və onların sayı sürətlə artır. Risk qrupunda olanlar da həmin prosesə cəlb olunmalıdırlar ki, nəticədə ağır hallarla üzləşməyək. Bu yaxınlarda belə bir tədqiqat aparılıb: iki doza “Pfizer” peyvəndi vurulandan beş-altı ay sonra üçüncü dozanın tətbiqi nəticəsində “omikron” ştamına qarşı qoruyuculuq yenidən 70 faizə yüksəlir. İnfeksiya ilə mübarizədə ən təsirli və səmərəli vasitə vaksinasiyadır. Doğrudur, ştamlar dəyişir, mutasiyalar baş verir və hər bir variant əvvəlki neytrallaşdırıcı anticisimlərdən yayınmaq imkanı qazanır. Bu, virusun həyat mübarizəsidir və o, sağ qalmaq üçün çalışır, formalar axtarır. İnsanda immunitet yüksək səviyyədədirsə, bu, öz qoruyuculuq xüsusiyyətini göstərəcək. Əhalinin “buster” dozaya çağırışı bununla əlaqədardır”, - deyə mütəxəssis-ekspert bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video