06 Avqust 2022 01:40
662
İQTİSADİYYAT
A- A+

Hasilat sabit, ixrac ahəngdardır

 

bp ilin birinci yarısının yekunlarını açıqlayıb

 

"Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" karbohidrogen yataqlarından neftin, qazın və kondensatın hasilatı bu ilin əvvəlindən də ahəngdar və təhlükəsiz şəkildə davam edir. Birinci yarımillikdə Heydər Əliyev adına  Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin daşıdığı xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. "Şahdəniz" qazının ixracı da uğurla həyata keçirilir.

bp cari ilin birinci yarısının yekunlarına aid açıqlamasında bu və digər  layihələrdə işlərin necə getdiyi barədə ətraflı məlumat verib. Belə ki, şirkətin əməliyyatçı olduğu AÇG layihəsi üzrə 6 ayda ümumi hasilat gündə orta hesabla 424 min barel, ümumilikdə  təxminən 77 milyon barel, yəni 10 milyon ton olub. "Çıraq" platformasından gündəlik orta hasilat 25 min, "Mərkəzi Azəri"dən 108 min, "Qərbi Azəri"dən 109 min, "Şərqi Azəri"dən 62 min, "Dərinsulu Günəşli"dən 78 min və "Qərbi Çıraq"dan 42 min barel təşkil edib. Hazırda  AÇG  yataqlar blokunda 136 neft hasilatı, 37 su injektor və 8 qaz injektor quyusu istismardadır.

Birinci yarımillikdə "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi plana uyğun şəkildə irəliləyib. İkinci rübün sonuna layihə üzrə işlərin ümumilikdə 75 faizi tamamlanıb. Mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatın 2023-cü ildə əldə olunması  üçün qrafiklə davam edir.

6 ay ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulub.

Səngəçal terminalının  texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG-nin səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir. İlin birinci yarısında terminaldan təxminən 114 milyon barel neft və kondensat ixrac olunub. Bunun 107 milyon bareli  BTC və təxminən 7 milyon bareli QİBK (Qərb İxrac Boru Kəməri) marşrutu ilə daşınıb.

Qaz terminalından, əsasən, CQBK (Cənubi Qafqaz Boru Kəməri), genişləndirilmiş CQBK sistemi, terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama şəbəkəsi ilə birləşdirən Azərbaycana məxsus  kəmərlə  nəql edilir. İlin ilk 6 ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (təxminən 2 milyard 440 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.

Azərbaycan, Gürcüstan və Türkiyədən keçən BTC kəmərinə Səngəçal terminalından vurulan neftin Ceyhanda yüklənildiyi 5000-ci tankerin yola salınması da  sözügedən vaxta təsadüf edib. Bu, martın 23-də olub. 2006-cı ilin ortalarında istismara veriləndən cari ilin ikinci rübünün sonunadək isə kəmərlə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft daşınıb və bu həcm Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri, əsasən, AÇG nefti və"Şahdəniz" kondensatı, bundan  əlavə,  Xəzərin digər regional xam neft və kondensat həcmlərini də nəql edir.

"Şahdəniz"dən Azərbaycan ("Azərkontrakt" ASC-yə), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması ahəngdar şəkildə həyata keçirilir. 6 ayda yataqdan - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat alınıb. "Şahdəniz"in mövcud qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir. "İstiqlal" və "Maersk Explorer" qurğuları "Şahdəniz-2"dən hasilatı və onun sonrakı tədrici artımını təmin etmək üçün indiyədək 21 quyu qazıb və bunlardan 19-nu tamamlayıb.

Xatırladaq ki, "Şahdəniz" qazını daşıyan CQBK 2006-cı ilin sonlarında istismara verilib və həmin vaxtdan başlayaraq Azərbaycana, Gürcüstana və Türkiyəyə mavi yanacaq çatdırır. Genişləndirilmiş CQBK isə kommersiya qaz həcmlərini Türkiyəyə 2018-ci ilin iyun ayında, Avropaya  2020-ci ilin dekabr ayında ixrac etməyə başlayıb. Bu ilin ilk altı ayında CQBK-nın ixrac üçün gündəlik orta ötürücülük gücü 56,9 milyon kubmetr olub.

Yarım ilin yekunlarında bp Azərbaycan vətəndaşı olan işçilərinin sayını da açıqlayıb. Belə ki, müddətli müqavilə əsasında işləyənlər də daxil olmaqla, onların sayı 2268 nəfərdir. 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardır.

bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə  də davam edirlər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə kömək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 2022-ci ilin birinci yarısında  bp  əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları ilə birlikdə Azərbaycanda sosial investisiya layihələrinə 1,3 milyon dollardan artıq vəsait xərcləyib. bp belə hesab edir ki, Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının region ölkələrinin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video