27 Yanvar 2022 00:28
896
İQTİSADİYYAT
A- A+

Hasilat da, istehlak da, ixrac da artır

 

İndi dünya Azərbaycanı həm də qaz təchizatçısı kimi tanıyır

 

2021-ci ildə Azərbaycanda qaz hasilatı ondan əvvəlki ilə nisbətən 18,1 faiz artaraq 43,9 milyard kubmetrə çatıb. İl ərzində eləcə də mavi yanacağın ölkə daxilində istehlakı və onun xaricə ixracı artıb.

Ötən il ölkəmizdə 13 milyard kubmetrə yaxın təbii qaz istehlak olunub. Bu da 2020-ci illə müqayisədə 8,4 faiz çoxdur. İstehlak göstəricilərinin artması ölkə üzrə qazlaşdırmanın 96,2 faizdən 96,3 faizə çatdırılması, həmçinin karbamid gübrəsinin istehsal həcminin 3 dəfəyə qədər çoxaldılması ilə bağlıdır. Belə ki, SOCAR təbii qazdan xammal kimi istifadə ilə metanol və karbamid gübrəsi istehsal etməklə onun əlavə dəyərini bir neçə dəfə artırır.

Mavi yanacağın istehlakı daha da artacaq. Çünki ölkə ərazisində hələ qazlaşdırılmayan yaşayış məntəqələri az deyil. Onların sayı təxminən 900-dür. Həmin məntəqələrin bir qisminin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsizdir. Yeni yaşayış massivlərinin qazla təmin olunması isə mərhələli şəkildə aparılır. Bu iş “Azəriqaz”ın daxili imkanları hesabına həyata keçirilir.

Cari ildə 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur. Qazlaşdırma hər il artım dinamikası ilə gerçəkləşdirilir. Xatırladaq ki, son 10 ildə 1675 yaşayış məntəqəsi qazlaşdırılıb.

Qazın həm ölkə daxilində istehlakının, həm də xaricə ixrac olunmasının artmasına ilk növbədə artan istehsal imkan verir. “Şahdəniz” yatağının hasilata başlaması son illər Azərbaycanı dünyada qaz ixrac edən ölkə kimi də tanıdıb. Yataqdan alınan mavi yanacağın hasilatı ilə yanaşı, satışı da artır və 2021-ci ildə ixrac marşrutları daha da genişlənib. Belə ki, 2020-ci il dekabrın 31-də “Cənub qaz dəhlizi”nin son seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) istifadəyə verilib və Azərbaycan qazını Avropaya çatdırıb.

TAP infrastrukturu ilə artıq 8 milyard kubmetrdən çox qaz təhlükəsiz nəql olunub. İl ərzində mavi yanacağın Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana, Bakı-Tbilisi-Ərzurum və TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) xətləri ilə Türkiyəyə nəqli də davam edib.

Prezident İlham Əliyev bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, Azərbaycan etibarlı təchizatçıdır. Ölkəmiz uzun illər ərzində neft sahəsində və indi artıq həm də qaz sahəsində etibarlı tərəfdaş kimi tanınıb.

“Cənub qaz dəhlizi”nin əhəmiyyətini, bəlkə də, indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı - həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması. Qış təzə başlayır və gözlənilir ki, qış çox sərt olacaq. Ona görə qazın çatışmazlığı böyük fəsadlara gətirib çıxaracaq. Azərbaycan qazının həcmi o qədər də böyük deyil, amma bir neçə ölkə üçün bu, həlledici ola bilər və əlbəttə ki, ilk növbədə burada bizim maraqlarımız təmin olunur. Çünki əgər bu kəmər çəkilməsəydi, biz zəngin qaz ehtiyatlarının üstündə, necə deyərlər, oturacaqdıq, nəyi isə gözləyəcəydik. Əgər bu perspektiv olmasaydı, heç bir şirkət milyardlarla, on milyardlarla dollar vəsaiti bu yataqların işlənməsinə qoymazdı. Hazırda ixrac artır, yeni rəqəmlər mənə təqdim edildi”, - deyə dövlət başçısı vurğulayıb.

Bu il Azərbaycanda 45 milyard kubmetr qazın hasil olunması və həmin həcmin 19 milyard kubmetrinin ixrac edilməsi gözlənilir. Prezident bunun böyük həcm olduğunu və bizə həm öz tələbatımızı ödəməyə, həm də Avropa məkanına daha çox mavi yanacaq ixrac etməyə imkan verdiyini bildirib: “Məhz bizim bu layihəmiz eyni zamanda Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var”.

Gələcəkdə “Abşeron” qaz yatağı istismara veriləcək. “Ümid”, “Babək”, “Şəfəq-Asiman” kimi yataqlarımız tədricən hasilata başlayacaq və Azərbaycan qazının həcmi xeyli artacaq. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki ölkəmizin həm maddi vəsaiti artacaq, həm də beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində həmin faktor bundan sonra da mühüm rol oynayacaq.

Qeyd edək ki, cari ildə Azərbaycandan ixrac üçün nəzərdə tutulan təxminən 19 milyard kubmetr təbii qazın 8 milyard kubmetrdən çoxu Türkiyəyə, 7 milyard kubmetrdən çoxu isə İtaliyaya çatdırılacaq. Qalan qaz həcmləri Gürcüstan, Bolqarıstan və Yunanıstana nəql olunacaq.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video