23 Sentyabr 2022 00:42
515
İQTİSADİYYAT
A- A+

Geri qaytarılan ƏDV məbləği artıb

 

Amma bəzi çatışmazlıqlar da var

 

Artıq iki ildən çoxdur ki, ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi istehlakçılara geri qaytarılır. Vətəndaşların əksəriyyəti "ƏDV geri al" sistemindən istifadə edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyondan çox istifadəçi qeydə alınıb. Ölkədə əlavə dəyər vergisinin geri qaytarılmasının tətbiq edildiyi vaxtdan cari ilin sentyabrına qədər istehlakçılara ümumilikdə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust aylarında isə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. 
ƏDV-nin geri qaytarılması prosesinin iki ildən çoxdur ki, davam etməsinə baxmayaraq, bununla bağlı problemlər hələ də müşahidə olunur. Bəzən satıcılar çeki alıcıya verməkdən yayınır, bəzən isə çeklərin ikinci surətini çıxararaq alıcıdan əvvəl ƏDV-ni öz hesablarına yükləyirlər. Bəzi istifadəçilər iddia edirlər ki, onlar ƏDV çeklərindən əsasən böyük mağazalarda yararlana bilirlər. Kiçik marketlərdə isə yeni nəsil kassa aparatları olmur. 

 

İstehlakçıya çekin təqdim edilməməsi məsuliyyətsizlikdir

 

Vergi Məcəlləsinin 2020-ci ildə təsdiq edilmiş yeni qaydasına əsasən, qaytarılan ƏDV nağdsız ödənişlər üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz müəyyən edilib. Nəzarət kassa-aparatlarının tətbiqinin nəzərdə tutulduğu sahələrdə alıcılara çek təqdim olunması mütləqdir. 
Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılması, alıcıya çekin verilməməsi və ya çekdə alıcının ödədiyi məbləğdən daha aşağı məbləğin göstərilməsi qanunsuzdur.  Eyni zamanda POS-terminalların məcburi olduğu obyektlərdə onların quraşdırılmamasına və terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulur. 
Mövzu ilə bağlı "Azərbaycan" qəzetinin əməkdaşına danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, əlavə dəyər vergisinin alıcılara geri qaytarılmasının əsas məqsədi xidmətlər sektorunda, eləcə də ictimai iaşə obyektlərində şəffaflığın təmin edilməsinə və vətəndaşların plastik kartlardan istifadə vərdişlərinin formalaşdırılmasına nail olmaqdır. Etiraf etmək lazımdır ki, ƏDV ilə bağlı statistika bu sahədə praktiki olaraq uğurlar əldə edildiyini göstərir. Təbii ki, ƏDV-nin qaytarılması mexanizminin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Növbəti ildən etibarən plastik kartlarla alış zamanı ƏDV-nin daha çox faizlə qaytarılmasının reallaşdırılması gözlənilir. Əlavə dəyər vergisinin hesablanıb qaytarılması elektron müraciət sistemi ilə həyata keçirilir. Monitorinqlər göstərir ki, onlayn platformanın yüklənməsi ilə bağlı vətəndaş müraciətləri daha çoxdur. Nəzərə almaq lazımdır ki, ƏDV-nin geri alınması üçün elektron sistemə müraciətlər də kütləvi xarakter daşıyır. Ona görə də istifadəçi sayının artdığını nəzərə alaraq elektron sistem növbəti mərhələdə təkmilləşdirilə bilər.

 

Prosesdə şəffaflıq yaranıbmı?

 

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, ƏDV-nin geri alınması layihəsinin əsas məqsədi şəffaflığın təmin edilməsi olduğuna görə qismən və ya kifayət qədər şəffaflığa nail olunmuş sahələr "ƏDV geri al" layihəsindən çıxarılıb. Çünki bəzi sahələrdə ödənişlərin həyata keçirilməsində müəyyən nizam onsuz da formalaşıb. Daha çox intizamın ehtiyac duyulduğu yeni sahələrə isə əksinə, "ƏDV geri al" konsepsiyası tətbiq olunmağa başlanılıb. Yəni dövlət məhz bu vasitələrlə həmin sahələrdə də qeyri-qanuni ödənişlərin, vergidən yayınmaların qarşısının alınması prosesində istehlakçıların iştirakını təmin etmək istəyir. Mövcud layihənin digər məqsədi həm də nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Bunun effektini müəyyən qədər görməyə başlamışıq. Nəzərə almaq lazımdır ki, nağd ödənişlər üzrə ƏDV-nin 10 faizi geri qaytarıldığı halda nağdsız ödənişlər üzrə 15 faizi geri qaytarılır. Bu da təbii olaraq istehlakçıları ödənişləri nağdsız formada həyata keçirməyə stimullaşdırır. Alkoqollu içkilər, tütün məmulatları və avtomobillərin alışı zamanı əlavə dəyər vergisinin geri qaytarılması nəzərdə tutulmayıb. Onların əvəzində tibbi xidmətlər və yeni mənzillərin alqı-satqısı ilə bağlı proseslər layihəyə əlavə edilib. 
İqtisadçı əlavə edib ki, alıcılar QR kodların olduğu kassa çeklərini ala bilmədikdə Dövlət Vergi Xidmətinə və ya digər aidiyyəti qurumlara şikayət ünvanlaya bilərlər. Müəyyən zaman kəsiyində bütün şikayətlərə baxılır. Lakin ödənişlər zamanı ƏDV miqdarının böyük olmadığını nəzərə alaraq deyə bilərik ki, vətəndaşlar bir neçə qəpikdən ötrü vaxtlarını itirmək istəmirlər, əsəblərini qorumağa çalışırlar. Ona görə də çeklərlə bağlı problem yarandıqda alıcılar şikayətlərini kassa işçilərinə deməklə kifayətlənirlər. 

 

Yeni nəsil kassa aparatları ilə təminat önəmlidir

 

E.Əmirov bildirib ki, çeklərin bəzilərində ƏDV-nin geri alınması üçün kodun olmaması köhnə kassa aparatları ilə əlaqədardır. Yeni nəsil kassa aparatlarından çap edilən çeklərin üzərində ƏDV-nin geri alınması üçün xüsusi kod olur. Bir müddət əvvəl də aidiyyəti qurum yeni nəsil kassa aparatlarının ilin sonuna qədər bütün respublikanı əhatə edəcəyi ilə bağlı açıqlama verib. Sevindirici haldır ki, yeni nəsil kassa aparatlarından istifadə edən satıcıların sayı da artmaqdadır. Misal üçün 2022-ci ilin ilk 4 ayında yeni nəsil kassa aparatları ilə olan dövriyyə 6.1 milyard manat təşkil edib. Bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 42 faiz çoxdur. Yeni nəsil kassa aparatlarının dövriyyəyə girməsi ƏDV-nin geri alınması ilə bağlı proseslərdə daha çox irəliləyişə səbəb ola bilər. 
Ekspertin sözlərinə görə, layihə çərçivəsində ümumilikdə 305,5 milyon manatlıq ƏDV məbləği geri qaytarılsa da, bunun faydasının ölçülməsi üçün indikator mövcud deyil. Şəffaflaşma nəticəsində vergi yığımı artıb, amma artmış vergi yığımının neçə faizinin məhz ƏDV-nin geri alınmasından toplanıldığı məlum deyil. Lakin bu layihənin effekti təkcə yığılan vəsaitin maddi dəyəri ilə ölçülməməlidir. Layihə vergi ödəyicilərində müəyyən nizam-intizamın da yaradılmasına səbəb olub. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video