19 Yanvar 2022 00:26
1584
SİYASƏT
A- A+

Gənclərə böyük etimad və qayğı göstərilir

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin  fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir.

Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq  sahəsində uğurlar qazanaraq  Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.

Dövlət gənclər siyasəti ötən illərdə olduğu kimi, 2021-ci ildə də uğurla davam etdirilib. Ümummilli Liderin müəyyənləşdirdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin fərman və sərəncamlarının tələbi və tövsiyələri istiqamətində milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı və vətənpərvər Azərbaycan gəncliyi formalaşdırılır. Bunun bariz nümunəsi 2016-cı il Aprel döyüşlərində daha aydın göründü. Həmin ayın 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Silahlı Qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini düşməndən təmizlədi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Ordumuz dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevincini yaşatdı. Bu sevincin daha böyük yaşantısı xalqa 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Zəfər qələbəsi ilə başa çatan İkinci Qarabağ savaşında nəsib oldu. Belə ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qətiyyəti, gənc hərbçilərimizin fədakarlığı ilə sentyabrın 27-də işğalçı Ermənistana qarşı başlanan əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında saxlanılan əzəli-əbədi torpaqlarımız azadlığa qovuşdu. Azərbaycan gəncliyindən formalaşmış Silahlı Qüvvələrimiz bu savaşla təkcə işğalçı Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğradaraq dünya hərb tarixinə  yeni şanlı səhifələr yazdı. Azərbaycan gəncləri döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini birdəfəlik darmadağın etdi. Onu da qeyd edək ki, İkinci Qarabağ savaşında döyüşənlərin əksəriyyəti Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dünyaya göz açmış, boya-başa çatmış, həqiqi hərbi xidmətdə olan,  hətta könüllü olaraq döyüşlərə qatılmış vətənpərvər gənclər idi. Bu həmrəylik, milli birlik, vahid amal uğrunda mübarizə ordumuza əlavə güc verdi ki, bəzi mənfur xarici dairələr Azərbaycanda öz çirkin planlarını həyata keçirə bilməsinlər.

Prezident İlham Əliyev çıxışlarının birində deyib ki, təkcə silahlarla müharibəni qazanmaq mümkün deyil: “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın azad edilməsi əməliyyatı əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”. 

Böyük qürur hissi ilə xatırlamalıyıq ki, bütün bunlar Prezident İlham Əliyevin 2021-ci il 18 avqust tarixli “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” barədə sərəncamından irəli gələn reallıqlardır. Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar isə fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanda yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir.

Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Bunun üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yeni strategiya növbəti illərdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir. Bütün bunların yerinə yetirilməsi isə indiyədək qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsini və davamlı inkişafını təmin edəcək. Bu mənada “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclər siyasətində yeni mərhələnin başlanmasından xəbər verir.

Ötən 19 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edib. Böyüməkdə olan nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin genişləndirilməsi, gənclərin bəşəri dəyərlərə yiyələnmələri və digər bu kimi vəzifələr layiqincə icra olunub.

Neft gəlirlərini insan kapitalına çevirməyi qarşıya mühüm vəzifə qoyan dövlət başçısı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqləmişdi. 2007-ci ili ölkədə “Gənclər ili” elan etməklə onların inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoymuşdu. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi dövlət başçısının “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisindən irəli gələrək gənclərə etimad və münasibətinin əyani təzahürü oldu.

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Prezident İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli sərəncamı ictimaiyyət tərəfindən  məmnunluqla qarşılanmışdır. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır.

Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmləndirilməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır. Dövlətimiz bu istiqamətdə də uğurlu addımlar atır.

Gənclərə göstərilən qayğı onlarda vətənpərvərlik hissini gücləndirir, xalqa və vətənə xidmətdə ən ülvi duyğular yaradır. Bu mənada dövlət başçısının “2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncamı ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir. Bu sərəncamla adları “Prezident təqaüdçüsü” sırasında görünən gənclər və onların valideynləri bu təqaüdün məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğundan sonsuz qürur və şərəf duyurlar.

Ötən ilin uğurlu yekunları sırasında ölkə başçısının fevralın 2-də “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncamı da ictimaiyyətdə rəğbət doğurmuşdur. Sərəncama əsasən respublikamızın elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər 2021-ci il Gənclər üçün Prezident mükafatlarına layiq görülmüşlər.

Yola saldığımız 2021-ci ilə nəzər saldıqda Azərbaycan Prezidentinin ölkə gənclərinin sosial şəraitinin yaxşılaşmasına, sağlamlıqlarının qorunmasına, təhsil almalarına münbit şərait yaradılmasına xidmət edən neçə-neçə belə sərəncam və fərmanlar imzaladığının şahidi oluruq. Görünən odur ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video