05 Yanvar 2022 15:39
585
İDMAN

Gənclər və İdman Nazirliyi: 2021-ci il Azərbaycan idmanı üçün mühüm uğurlarla zəngin olub

 

Gənclər və İdman Nazirliyi 2021-ci ilin idman yekunları ilə bağlı məlumat yayıb.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, məlumatda həyəcanlı və xoş anları ilə yaddaşlara yazılan 2021-ci ilin idman dünyası üçün bir çox əlamətdar hadisələrlə zəngin olduğu vurğulanıb. Ötən il dünya idmanı üçün ən mühüm hadisənin 2020-ci ildən təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi olduğu bildirilib. Qeyd edilib ki, dünyanı cənginə alan pandemiya idmana və Olimpiya hərəkatına mane ola bilmədi. Azərbaycan 44 idmançı ilə qatıldığı Olimpiadadan 3 gümüş, 4 bürünc olmaqla 7 medalla qayıtdı. Paralimpiyaçılarımız isə möhtəşəm çıxışları ilə tarix yazdılar. Bu mötəbər yarışda 14 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olan komandamız ölkələrin sıralamasında ilk onluğa daxil olmaqla, Paralimpiya tariximizin ən böyük uğurunu qazandılar.

Məlumatda bildirilib ki, futbol üzrə Avropa çempionatının final mərhələsi də bir il təxirə salındıqdan sonra Bakı da daxil olmaqla 11 şəhərdə təşkil edildi və Azərbaycan futbol azarkeşləri paytaxtımızda qrup mərhələsinin 3 və dörddəbir finalın bir oyununu tribunalardan canlı izləmək imkanı qazandılar.

Azərbaycanın dünya və qitə miqyaslı turnirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal alıb. Bu il cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, aerobika və batut gimnastikası üzrə dünya çempionatları, 28-ci dünya yaş qrupları yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, Formula 1 Azərbaycan Qran-Prisi, paracüdo üzrə Qran-Prisi kimi yarışlar da Azərbaycanın yüksək təşkilatçılıq etdiyi növbəti tədbirlər kimi tarixə yazıldı. Ümumiyyətlə, bu il ölkəmiz 15 beynəlxalq yarışa ev sahibliyi edib.

Qeyd olunub ki, ötən il müxtəlif növlər üzrə yığma komandalarımız 92 təlim-məşq toplanışına cəlb ediliblər. Milli komandalarımız 182 beynəlxalq yarışa qatılıblar. Pandemiya qaydalarına riayət etməklə, Bakıda və ölkəmizin müxtəlif şəhər və rayonlarında 57 respublika miqyaslı idman yarışı təşkil edilib. İdmançılarımız il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran-Pri və digər nüfuzlu beynəlxalq yarışlarda uğurla çıxış edərək Azərbaycan üçün 519 medal qazanıblar. Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si isə qeyri-Olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana qayğı və diqqətini əks etdirən məqamlardan biri də idmançıları və bu sahədə çalışanları dövlət mükafatları, fəxri adlarla təltif etməsidir. İl ərzində dövlətimizin başçısı idman sahəsinə aid 11 Sərəncam imzalayıb.

2021-ci ildə bir sıra yeni idman mərkəzləri istifadəyə verilib. Azərbaycan Prezidentinin iştirakı ilə Goranboy Olimpiya İdman Kompleksinin və Şamaxı şəhər stadionunun açılışı, həmçinin Milli Gimnastika Arenasının yeni məşq binasında, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanışlıq olub. Dövlətimiz başçısının futbol tariximizdə ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” klubunun üzvlərini qəbul etməsi və həmin gün imzaladığı Sərəncamla kluba maliyyə dəstəyi göstərməsi idmana dövlət qayğısının növbəti nümayişi oldu.

Ölkəmizin idman həyatında mühüm hadisələrdən biri də Azərbaycan Prezidentinin 2021-ci il 7 sentyabr tarixli Sərəncamı ilə Fərid Qayıbovun gənclər və idman naziri vəzifəsinə təyin edilməsi oldu. Dövlətimizin başçısı həmin gün gənclər siyasəti və idmanın inkişafı ilə bağlı bir sıra tapşırıq və tövsiyələrini verdi. Həmin tapşırıqların icrası, o cümlədən bədən tərbiyəsinin kütləviliyi, idmanın inkişafı bu gün Gənclər və İdman Nazirliyinin fəaliyyətində prioritet məsələdir.

Ötən müddətdə bir çox idman federasiyalarında görüşlər keçirilib, həmin qurumların fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb.

Zəfər Günü münasibətilə Dənizkənarı Milli Parkda “Qürurla irəli!” şüarı ilə təşkil edilmiş “Qələbə qaçışı” həm əlamətdar, həm də kütləvi yarış kimi cəmiyyətdə rəğbətlə qarşılandı. Ölkəmizin əksər bölgələrindən, müxtəlif yaş kateqoriyalarından olan insanlar qaçışa qoşularaq həmrəylik nümayiş etdirdilər. İştirakçılar “YAŞAT” Fonduna ianə etməklə Qarabağın düşmən işğalından azad edilməsində canından keçmiş şəhidlərimizin ailələri və qazilərimizin sosial müdafiəsinə dəstək oldular. Daha bir xeyriyyə tədbiri - “Unutma, YAŞAT” futbol turniri də böyük maraqla qarşılandı. Gənclər və idman sahələrində çalışan 1000-dək insanı bu nəcib təşəbbüs ətrafında bir araya gəldi.

Olimpiya ili başa çatdığı üçün və eləcə də bir çox idman federasiyalarının nizamnamələrinə uyğun olaraq, bu ilin noyabr-dekabr aylarında cüdo, üzgüçülük, qılıncoynatma, şahmat, voleybol, velosiped idmanı, güləş, badminton, basketbol, atıcılıq, triatlon, avarçəkmə, stolüstü tennis və taekvondo federasiyalarının hesabat-seçki konfransları təşkil olundu. Həmin federasiyaların ötən Olimpiya dövrü üçün hesabatları dinlənildi və yeni seçkilər keçirildi.

Ən mühüm hadisələrdən biri də Ağdamda “İmarət” stadionunun yenidən inşa olunması ilə bağlı qərarın qəbuludur. Prezident İlham Əliyevin "Şuşa ili" elan etdiyi 2022-ci ildə ilk addım kimi həmin stadion yenidən inşa olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video