17 Avqust 2022 16:12
391
CƏMİYYƏT
A- A+

Gənclər Fondunun BMT və IDEA İctimai Birliyi ilə birgə yay düşərgəsi başlayıb

 

Ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest”in “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri”nə həsr olunan həftəsinə start verilib.

Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, 250-yə yaxın gəncin iştirakı ilə Şamaxıda keçirilən və beş gün davam edəcək çadır tipli yay düşərgəsi müddətində Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif agentliklərinin, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Uşaq Fondu, Əhali Fondu, Qaçqınlar üzrə Agentliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə və ekspertlərinin iştirakı ilə fəaliyyətlər baş tutacaq.

Həftə ərzində tematik mövzular üzrə interaktiv sessiyalar, təlim və təqdimatların təşkili nəzərdə tutulub. Gənclərə BMT strukturuna daxil olan qurumların ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında gənclərin iştirakçılığının əhəmiyyəti barədə geniş məlumat təqdim olunacaq, onların karyera və şəxsi inkişafına töhfə veriləcək. “Yay Fest”in sentyabrın 9-dək davam edəcək düşərgələrində BMT-nin qeyd olunan yerli nümayəndəliklərinin rəhbərlərinin də iştirakı planlaşdırılır.

Düşərgənin açılış mərasimində iştirakçıları salamlayan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti ölkə gənclərinin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır. Bu da Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Azərbaycanda səmərəli icrasına əlavə təkan verir. İcraçı direktor vurğulayıb ki, Prezidentin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair monitorinq və hesabatlıq mexanizmi müəyyən edilib, aidiyyəti dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyulub. Qeyd edilib ki, Azərbaycan MDB məkanında ilk olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2019-cu ilədək iki Könüllü Milli Hesabat təqdim edən ölkə olub.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva bu il Azərbaycanla BMT arasında əməkdaşlığın 30-cu ildönümünün qeyd olunduğunu, BMT-nin və onun strukturuna daxil olan digər təşkilatların paytaxt və bölgələrdə gənclərə dair apardıqları işlər, eləcə də “Yay Fest 2022” çərçivəsində bu cür düşərgənin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Açılış mərasimində çıxış edən IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov tərəfindən Birliyin həyata keçirdiyi fəaliyyətlər nəticəsində gənclər arasında ekoloji mühitin qorunması, ətraf aləmə həssas yanaşma və gələcək nəsillərə sağlam təbiətin ötürülməsi barədə gənclərə geniş məlumat verilib.

Daha sonra çıxışçılar düşərgədə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırıblar.

Düşərgə çərçivəsində keçirilən ilk təlimdə BMT-nin Bakı ofisinin tərəfdaşlıq və inkişaf üzrə maliyyə mütəxəssisi Şəms Mustafayeva düşərgə iştirakçılarına gənclərin DİM-lərin həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat təqdim edib.

Qeyd edək ki, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri” düşərgəsi Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin ölkəmizdəki nümayəndəliyi və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.

“Hədəf gələcəkdir!” şüarı altında iyulun 19–dan sentyabrın 9-dək təşkil olunan “Yay Fest 2022” festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu (“Tələbəlik”, “Dəmir Yumruq”, “Yaradıcılıq”, “Könüllülük”, “SDG Camp”, “İdeyadan biznesə”, “Karyera və inkişaf” və “Həmrəylik”) üzrə düşərgələr keçirilməkdədir.

Artıq üçüncü ildir həyata keçirilən “Yay Fest” gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video