15 May 2022 02:02
518
İQTİSADİYYAT
A- A+

Gələn il AÇG-nin yeni platformasından hasilata başlanılması gözlənilir

 

Zaman göstərdi ki, 1994-cü il sentyabrın 20-də  imzalanmış möhtəşəm kontrakt -  "Əsrin müqaviləsi"  həqiqətən də gələcək əsrlərə hesablanmış bir sazişdir. 2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" (AÇG)  yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması  bunu bir daha təsdiq etdi.

  AÇG potensialı böyük olan yataqlar blokudur. Yeni sazışə əsasən, onun əsrin ortasınadək ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. 2050-ci ilədək bu yataqlara 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar ARDNF-yə (Azərbaycan Respublikası Dövlət Neft Fondu) 3,6 milyard dollar bonus ödəyəcəklər.

  Sazişin reallaşması üçün   "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi həyata keçirilir. COVID-19 pandemiyası dövründə yaranan çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, işlər  indiyədək vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz icra edilib.Hazırda layihə çərçivəsində  bir neçə istiqamətdə iş aparılır. AÇG-nin operatoru olan bp şirkətinin  2022-ci ilin birincı rübünün yekunlarına aid hesabatında bildirilir ki,  layihə plana uyğun şəkildə irəliləyir.

Məlum olduğu kimi, ACE layihəsi  çərçivəsində eyni adlı platforma tikilir. Hazırda qurğunun üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edir. Üst modulların tikintisini icra edən işçi heyəti tərəfindən bu ilin fevral ayında əməyin təhlükəsizliyi üzrə mühüm bir nailiyyət  - qəzasız başa vurulan 10 milyon iş saatı qeyd olunub.

İlin birinci rübü ərzində bu tikinti sahəsində bir sıra iri avandanlıqların qaldırılması əməliyyatları tam təhlükəsiz icra edilib. Həmin  avadanlıqlara əsas enerji generatorunun buraxıcı qurğusu, məşəl qülləsinin özül hissəsi və qazvurma kompressoru daxildir.  Bundan əlavə, bir sıra digər  qurğu və avadanlıqlar da yerində quraşdırılıb. 

Qazma borularının yığılması və yerdə hidrosınağı başa çatmaq üzrədir, üst modullara aid  boruların yığılması işləri isə qrafiki qabaqlayaraq irəliləyir. Rüb ərzində  qazma modulunun yerdə istismar sınaqları davam edib, bəzi hissələrin  funksiyasının sınaqları artıq yekunlaşıb. Qazma modulunun yığıldığı yerdən ayrılması, dayaq domkratı ilə qaldırılması  və sürüşdürmə qurğusu vasitəsilə bütövlükdə üst modulların üzərinə   hərəkəti üçün planlaşdırma işləri davam edib. Bu əməliyyatın icrası ilin ikinci rübündə nəzərdə tutulur. Üst modulların istismar sınaqları da davam edib - fövqəladə vəziyyətləri idarəetmə lövhəsi cərəyana qoşulub, yaşayış blokunun idarəetmə otağı və batareya ötürücü otaqları istismar sınaqlarına təhvil verilib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda isə dayaq blokunun tikintisi aparılır. Bu qurğu üçün son əsas qaldırma əməliyyatı  yerinə yetirilib  - şərq qülləsi çərçivəsi təhlükəsiz şəkildə dayaq blokunun üzərində yerləşdirilib. Növbəti,  7-ci çərçivənin bükülmədən  sonra  mərkəzi qutuya qaynağı başa çatıb, qüllə çərçivələrinin bükülmədən sonra dayaq blokunun üzərinə qaynaq edilməsi işləri davam edib.

"İsrafil Hüseynov" borudüzən gəmisi platformanın sualtı neft və qaz xətlərinin çəkilişini başa çatdırıb. "Tofiq İsmayılov" gəmisində dalğıc suyadalma sisteminin yenidən işə salınması yekunlaşıb.

ACE platformasının "Azəri" yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı "Şərqi Azəri" platformasında aparılan quraşdırma işləri də rüb ərzində  plan üzrə gedib.

ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında modifikasiya tikinti işlərinə başlanıb. 

Birinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 70 faiz  tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddinə çatıb.  Bu  işlər əsasən  Bakıda görülür. Bir sıra avadanlıqların hazırlıq işləri isə Birləşmiş Krallıqda və Avropanın digər yerlərində həyata keçirilir.  Ümumilikdə, 5500 nəfər insan işə cəlb olunub. İşlərin böyük hissəsi Bakıda yerinə yetirildiyindən əməkçilərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə  mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video