31 Avqust 2024 08:05
92
SİYASƏT
A- A+

Fransanın məkrli siyasəti yeni faciələrə yol aça bilər

 

Parisin Ermənistanı silahlandırması Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə xidmət edir

 

"Tarixən müstəmləkəçi dövlət kimi tanınan Fransa təəssüflər olsun ki, hazırda da bu ənənəsini davam etdirir. Hər kəsə məlumdur ki, 50-dən çox ölkədə müstəmləkəçilik siyasəti yürüdən Fransa illərlə xalqları əsarət altında saxlayıb, milyonlarla insanın məhvinə səbəb olub. Sözsüz ki, bu, bəşəriyyətə qarşı təhdiddir və cinayətkar hərəkətdir". 
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, bəşəriyyət heç vaxt belə mənfur halları qəbul etmir, ancaq yenə də Fransa və onun Prezidenti Emmanuel Makron çirkin əməllərindən əl çəkmək fikrində deyil. Dünyada baş verən hadisələrə təcavüzkarlıq prizmasından yanaşan Paris nəinki ayrı-ayrı ölkələrdə, eləcə də Cənubi Qafqazda möhkəmlənmək, Ermənistanı silahlandırmaqla Azərbaycana təsir dairəsini genişləndirmək üçün bütün imkanlarını səfərbər edib. O, Ermənistanı silahlandırır, maddi yardım göstərir, hərbi təlimatçılarını ora göndərir. Hər vəchlə Ermənistanın arxasında olduğunu nümayiş etdirir. "Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədri kimi də məkrli, çirkin məqsədlərini həyata keçirib və Ermənistanın işğalçılıq, təcavüzkar siyasətini ört-basdır etməyə çalışıb. Bu sahədə çox böyük "zəhməti" olan Fransa Ermənistan hakim dairələrini daim müharibəyə sövq edib", - deyə müsahibimiz əlavə edib.
Komitə sədri qeyd edib ki, dünyada neokolonializm siyasətinin bariz təbliğatçısı və məkrli niyyətləri ilə ad qazanan Fransanın yürütdüyü siyasət bəşəriyyətin gələcəyi üçün yaxşı heç nə vəd etmir. O, bir çox xalqı əsarət altında saxlamaqla, onları əzməklə, var-dövlətlərini talamaqla yeni faciələrə yol açır. Bu ölkə insan hüquqlarını ciddi şəkildə pozur, beynəlxalq normaları ayaqlar altına atır. Təəssüf ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin rəhbərləri Fransanın tutduğu bu yaramazlığı lazımınca qiymətləndirmirlər. Əslində, Avropa İttifaqı, Avropa Parlamenti Fransanın əlində oyuncağa çevrilib. AŞPA-da Azərbaycan əleyhinə qəbul olunan qətnamələr, yürüdülən siyasət bilavasitə Fransanın təkidi ilə həyata keçirilir. Acınacaqlı haldır ki, bu siyasətə vaxtında düzgün qiymət verilmir. 
T.Rzayev vurğulayıb ki, Azərbaycan qüdrətlənən, inkişaf edən dövlətdir. Prezident İlham Əliyev dünyada sülhün, əmin-amanlığın tərəfdarıdır və bu istiqamətdə bütün səylərini birləşdirib: "Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxlasa da, şəhər və kəndlərimizi viran qoysa da, yüz minlərlə insanın başına olmazın müsibətlər gətirsə də, Azərbaycan yenə də sülh danışıqlarına üstünlük verir, sağlam, mehriban qonşuluq şəraitində yaşamağı vacib sayır. Ancaq ABŞ, Fransa kimi dövlətlər sülh müqaviləsinin bağlanmasına, iki dövlət arasında münasibətlərin normallaşmasına əngəl törədirlər. Bütün bunlar Fransanın çirkin siyasətindən irəli gəlir və bu gün Paris özünün məkrli niyyətlərini həyata keçirmək üçün Azərbaycana qarşı bütün vasitələrdən istifadə edərək faşist xislətini göstərir". 
Komitə sədri bildirib ki, bunlar heç vaxt Azərbaycan xalqına təsir göstərə və tutduğu haqq yolundan döndərə bilməz. Bəşəriyyətin gələcəyi, insanların xoşbəxtliyi naminə dövlətlərin bir olması, dövlətlərarası münasibətlərin yaxşılaşması dövrün tələbi və reallığıdır. Bu baxımdan Fransanın müstəmləkəsində olan dövlətlərin azadlıqları uğrunda atdıqları addımlar təqdirəlayiqdir. Çox yaxşı haldır ki, həmin xalqlar haqq səslərini ucaldır və müstəmləkəçiliyə qarşı mübarizəni genişləndirirlər. "Bu, ümid verir ki, Fransa dünyada müstəmləkəçi ölkə kimi daim tənqid hədəfinə çevriləcək", - deyə komitə sədri əlavə edib. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video