21 Iyun 2022 01:31
568
DÜNYA
A- A+

Fransada xalq hakimiyyətə mandat vermədi

 

Makronun koalisiyası seçkilərdə üstünlük qazansa da, mütləq səs çoxluğundan məhrum oldu

 

Fransada keçirilən parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, Prezident Emmanuel Makronun ətrafında yaradılmış "Birgə!" koalisiyası Milli Assambleyada mütləq çoxluğu itirərək 245 mandat (38,57 faiz səs) əldə edib. Bu, iyunun 20-də Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi nəticələrdən görünür. Mütləq çoxluq üçün hakim koalisiyaya 577 yerdən 289 mandat lazım idi.

Eyni zamanda Makronun koalisiyası yenə də seçkilərdə birinci yeri qazanıb. Onun əsas rəqibi Jan-Lük Melanşonun başçılıq etdiyi solçu "Yeni Xalq Ekoloji və Sosial İttifaqı" (NUPES) Fransa parlamentinin aşağı palatasında 131 mandatla (31,6 faiz səs) ikinci yerdə qərarlaşıb. Marin Le Penin ifrat sağçı "Milli Birlik" Partiyası seçkilərin ikinci turunda 89 (17,3 faiz səs) yer qazanıb. Bu, sağ populistlərə Milli Assambleyada öz fraksiyalarını yaratmağa imkan verəcək. Ölkənin sabiq prezidenti Nikola Sarkozinin yaratdığı və hazırda Kristian Jakobun sədrlik etdiyi mərkəz sağçı "Respublikaçılar" Partiyası 61 yer (6,98 faiz səs) qazanıb.

 

İslahatları həyata keçirmək xeyli çətinləşəcək

 

Prezident Makronun nöqteyi-nəzərindən seçkinin nəticəsini, yəni 100-ə yaxın mandatın ititilməsini, çətin ki, uğurlu hesab etmək olar.

Ənənəvi olaraq Fransada prezident seçkilərindən qısa müddət sonra keçirilən parlament seçkilərində səsvermənin nəticələri seçicilər tərəfindən dövlət başçısının dəstəyinin bir növ təsdiqi kimi qiymətləndirilir. Ölkənin baş naziri Elizabet Born bildirib ki, hakim koalisiya parlamentdə çoxluq yaratmaq üçün müttəfiqlər axtaracaq. O hesab edir ki, seçkilərin nəticələri ölkə üçün riskdir.

Makronun mərkəzçi blokunu təmsil edən bir çox keçmiş deputat öz dairələrində uduzub. O cümlədən ilkin məlumatlara görə, Fransanın səhiyyə naziri və Milli Assambleyasının sədri Riçard Ferran parlamentə seçilə bilməyib. Bu isə o deməkdir ki, Makron üçün islahatları həyata keçirmək xeyli çətinləşəcək.

Əvvəlki Fransa parlamentində Makron 300-dən çox səsə nəzarət edirdi. Hazırkı seçkilərin nəticəsi Makron üçün sosioloqların proqnozlaşdırdığından daha pis oldu.

Xatırladaq ki, seçkilərin birinci turunda solçu və yaşıllar partiyalarının ittifaqı  təxminən Makronun liberal koalisiyası ilə təxminən eyni sayda səs toplamışdı.

Marseldə səs verən Melanşon kommunistlər, sosialistlər, yaşıllar və özünün ifrat sol partiyasından ibarət koalisiya qurub.

Parlamentdə tam çoxluğu təmin edə bilmədikdən sonra Makron pensiya yaşının artırılması, vergilərin azaldılması və sosial təminat sistemində reformaların aparılması kimi geniş islahatlarını həyata keçirmək üçün digər partiyalardan dəstək istəməli olacaq.

Seçki kampaniyasından sonra NUPES-in rəsmi nümayəndəsi və Kommunist Partiyasının üzvü Jan Brossat Lonjümo şəhərində toplaşan tərəfdarlarına siyasi rəqiblərinin "solçular və yaşılların bir araya gələ biləcəyini, bunun xaos və fəlakət olacağını düşünmədiklərini" bildirib. Siyasətçinin dediyinə görə, ölkədə onsuz da iqtisadi xaos hökm sürür və bunun nəticəsində 10 milyon insan yoxsulluq içində yaşayır.

Prezidentlik kampaniyası zamanı Emmanuel Makron siyasi spektrdə seçicilərin dəstəyini qazanmağı bacarıb. O, əsas rəqibi Marin Le Peni fikirləri Fransa Respublikasının dəyərlərinə uyğun gəlməyən ekstremist kimi təqdim edib. Lakin Melanşonun tərəfdarlarına qarşı bu taktika işə yaramayıb. Makron seçiciləri, xüsusən də "Avropanın qapılarında Rusiyanın hərbi əməliyyatlarının qızışdığı bir vaxtda, millətin ən yüksək maraqları naminə ona möhkəm səs çoxluğu verməyə" çağırmışdı…

Keçmiş marksist Jan-Lük Melanşon çoxdandır ki, Fransanın NATO-dan çıxmasını istəyirdi, lakin indi bunun onun üçün prioritet olmadığını deyir. Bununla belə, onun siyasi baxışları kifayət qədər radikal olaraq qalır: məsələn, bu yaxınlarda  sağ populist siyasətçi tviterdə yazıb ki, "polis ölkə vətəndaşlarını öldürür". Bundan əlavə, Melanşon seçkilərdə qalib gələcəyi təqdirdə Wikileaks-in qurucusu Culian Assanja Fransa vətəndaşlığını verəcəyini vəd edib.

 

Seçicilərin bir qismi ölkə liderinin öhdəliklərini yerinə yetirmədiyini düşünür

 

Prezident partiyasının və Melanşon alyansının vədlərinin üst-üstə düşdüyü yeganə məsələ ekoloji problemlərdir. Amma seçicilərin bir qismi hesab edir ki, ölkə lideri bununla bağlı əvvəlki öhdəliklərini yerinə yetirməyib.

Prezident Emmanuel Makron daha çox vətəndaş cəmiyyətinin iştirakı ilə "yeni idarəetmə üsulu" vəd edib. O, bunları təklif edir: Fransanı daha demokratik etmək üçün yerli sakinlərdən ibarət Milli Dirçəliş Şurasının yaradılması; həyatın bahalığına qarşı mübarizə sahəsində islahatlar və əhalinin tam məşğulluğunun təmin edilməsi, o cümlədən karbohidrogen enerji mənbələrindən istifadənin azaldılması tədbirləri; pensiya islahatı və pensiya yaşının tədricən 65-ə qaldırılması.

Solçular və yaşıllar Alyansı isə pensiya yaşının 62-dən 60-a endirilməsini, minimum əməkhaqqının təxminən 15 faiz artırılaraq ayda 1500 avroya çatdırılmasını, əsas tələbat mallarının qiymətlərinin dondurulmasını və bir milyon iş yerinin yaradılmasını istəyir.

Fransa Milli Assambleyasının  yeni tərkibinin ilk sessiyası iyunun 28-də açılacaq.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video