02 Dekabr 2022 01:15
296
SİYASƏT
A- A+

Fransa, həddini bil!

 

Milli Məclis növbəti dəfə bu ölkəyə yerini göstərdi

 

Məyusluğa düçar olan Ermənistan vəziyyətdən çıxmaq üçün özünə dəstəkçi axtarır. Ona görə də Fransada fəaliyyət göstərən lobbiçilik institutlarının hiylələrindən istifadə edərək ölkəmizə qarşı məqsədli addımlar atmağa çalışır. Görünür, rəsmi İrəvan "dostluqda" erməni xislətli fransızları özünə bir köynək daha yaxın bilir.
Fransa parlamenti heç bir qanuni və mənəvi haqqı olmadan, sırf erməni şovinistlərinə xoş görünmək üçün Azərbaycan əleyhinə bədnam qətnamələr qəbul edir. Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında ölkəmiz əleyhinə növbəti qərəzli qətnamə layihəsinin müzakirəyə çıxarılması da bunu bir daha sübut etdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə bu yalan və iftira dolu qətnaməni bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatı adlandırdı.
Qətnamə müəllifləri "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ ilə birgə fəaliyyət göstərməyə" çağırıblar. Sənəddə "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsinin zəruri olduğu" vurğulanır. Güya cəzasızlığa qarşı mübarizə üçün Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsi təklif olunur. 
Fransanın belə saxta ittihamlarla dolu "cızma-qara"ları Azərbaycanı haqq yolundan döndərmək iqtidarında deyil, hətta həmin "sənəd"lərin ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Görünür, Fransa senatorları "böyüklük məndə qalsın" deyib kiçik bacılarının hər cürə nazını çəkməyə razıdırlar. Ona görə də bu ölkə öz milli maraqlarını belə qurban verərək, Avropanın enerji təhlükəsizliyində vacib aktora çevrilmiş Azərbaycanla dövlətlərarası münasibətləri pozmağa hazırdır. 

 

Fransanın qanunvericilik orqanları siyasi avantüra meydanına çevrilib

 

Azərbaycan Parlamentinin Fransa Milli Assambleyasının qəbul etdiyi bədnam qətnaməyə adekvat cavabı gecikməyib. Parlament həmin qətnamə layihəsini qəti şəkildə rədd edib və onu siyasi riyakarlıq nümunəsi adlandırıb. Milli Məclisin qətnamə ilə bağlı açıqlamasında bildirilib ki, Fransa Senatının noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil edib, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz  akt qəbul edib. Qeyd edilib ki, bu qətnamələr Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. 
"Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olub. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir", - deyə açıqlamada qeyd edilib. 
Həmçinin bildirilib ki, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı.
Görünən odur ki, yalnız həqiqətlərin yer aldığı bu açıqlamalar Fransanın heç bir dəyərə sahib olmayan kağız parçalarından daha obyektivdir. Yəni Fransa parlamentinin erməni cəmiyyətinə, şəxsən Ermənistanın baş naziri Nikol Paşinyana növbəti qətnamə sürprizi onları yalnız müvəqqəti eyforiyada saxlaya bilər. Milli Məclisin məsələyə münasibəti, ümumilikdə rəsmi dövlət mövqeyimiz ermənilərin və fransızların saxta sevinclərini onların qursağında qoyur. Riyakar Fransa və təcavüzkar Ermənistan həmişə olduğu kimi, yenə də başa düşəcəklər ki, haqlı mövqeyini müdafiə etməkdən çəkinməyən Azərbaycanı mühakimə etmək, ona qarşı qərəzli tələblər irəli sürmək əsassızdır və qəbul olmayacaq duaya "amin" demək vaxt itkisindən başqa bir şey deyil. Azərbaycan parlamentinin ən sadə mövqeyi belə Fransa Senatının və Milli Assambleyasının imzalı-möhürlü sənədlərindən dəfələrlə çox kəsərlidir. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video