31 Avqust 2024 08:50
98
İDMAN
A- A+

Fernandu Santuş uğurlu nəticəyə inanır

 

"Vətən, bayraq üçün əzmkarlıq göstərəcək komanda yaratmaq arzusundayıq"

 

Futbol üzrə milli komandamızın baş məşqçisi Fernandu Santuş dünən mətbuat konfransı keçirib. Əvvəlcə media önündə millinin heyətini açıqlayan portuqaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, əzmkar və mübariz komanda qurub, rəqiblərin qarşısına çıxacaq, Azərbaycanın uğurları naminə çalışacaq.
70 yaşlı mütəxəssis yığmanın aparıcı üzvü Mahir Emrelinin heyətdə yer almamasına aydınlıq gətirib: "O, hazırda zədəlidir. 50 nəfərin olduğu siyahıdan seçim etmək məcburiyyətində idim. İndiki durumda yalnız 24 nəfəri heyətə cəlb etdim. Amma bu o demək deyil ki, digərləri növbəti oyunlarda meydana çıxa bilməyəcəklər. Mahirlə yanaşı, bir neçə futbolçunu da eyni səbəbdən milli komandaya çağırmadım. Fikrimcə, onların yoxluğu komandamızın oyununa mənfi təsir göstərməyəcək".
O bildirib ki, komanda üzvləri Azərbaycanı Millətlər Liqasında yaxşı şəkildə təmsil etmək üçün əllərindən gələni edəcəklər: "Az vaxtımız qalıb. Yalnız qələbə qazanmaq haqqında düşünürük. Məşqlərimiz sentyabrın 4-də yekunlaşacaq. Futbolçuların fiziki hazırlığında köklü dəyişikliklər etməmişik. Onlar hazırda oynadıqları klublarda keçdikləri fiziki məşqləri yerinə yetirirlər".
Portuqaliyalı çalışdırıcı milliyə çağırılan hər bir oyunçunun onun üçün önəmli olduğunu vurğulayıb: "Mənə görə bu millinin formasını geyinən bütün futbolçular bərabərdir. Heç kim digərindən daha üstün deyil.  Biz bura gəlmişik ki, gələcək üçün komanda quraq. Həmin komandanın ölkəni yaxşı təmsil etməsini istəyirik. Cəlb etdiyim futbolçular mənimlə ilk dəfə işləyəcəklər. Biz onları, onlar da bizi tanıyacaqlar. İsveçlə oyuna qədər cəmi bir neçə məşqimiz olacaq. Fiziki baxımdan hansısa dəyişiklik etməyə imkanımız yoxdur. Futbolçular klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur. Gələcək üçün yüksək səviyyədə mübarizə apara biləcək rəqabətədavamlı komanda qurmaq istəyirik. Çox kompakt, istəkli, vətən, bayraq üçün əzmkarlıq göstərəcək komanda yaratmaq arzusundayıq. Milliyə çağırılacaq hər bir futbolçu mənim üçün önəmlidir. Amma onlar ulduz deyillər. Ulduz ancaq göydə olur. Düşünürəm ki, hazırda heyətdə yer alan bütün oyunçular İsveç və Slovakiya ilə matçlarda özlərini yaxşı şəkildə göstərə biləcəklər. Onlar verdiyim şansa layiq futbolçulardır".
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə, bu ayın 8-də isə Koşitsedə Slovakiya ilə üz-üzə gələcək.

Elçin CƏFƏROV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video