25 Iyun 2022 02:55
1094
SİYASƏT
A- A+

Eyni kökə və tarixə söykənən dostluq

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev: "İlham Əliyevin tarixi səfəri bizim münasibətlərə yeni təkandır"

 

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, qədim Şərqdə böyük sevgi və təmtəraqla qarşılanması, Ulu Öndərin əziz xatirəsinin məhəbbətlə yad edilməsi, adına parkın, meydanın və abidənin açılışı iki xalqın zəngin bağlılıqlarını növbəti dəfə göstərdi.

İlham Əliyev Özbəkistana gələn rəsmi dövlət başçılarından daha böyük çoşqu və sevgi, daha dərin məhəbbətlə qarşılandı. Bu qarşılanma bir tərəfdən xalqlarımızın keçmişindən və ruhunun dərinliklərindən sızan səmimi münasibətlərin, digər tərəfdən isə Azərbaycan Prezidentinə və Ulu Öndərə sərgilənən sonsuz rəğbətin və misilsiz sevginin təzahürü idi.

Azərbaycan Prezidentinin Daşkənddə belə təmtəraqla qarşılanmasını dərk etmək, məsələnin əsl mahiyyətini anlamaq üçün  bir qədər keçmişə qayıtmağa, müəyyən tarixi reallıqları yenidən nəzərdən keçirməyə ehtiyac duyulur. Təxminən 50 il geriyə dönək. O vaxt tələbə idik, Moskvada oxuyurduq. Həmin illər ermənilər konyakları, gürcülər ləhcələri və lətifələri ilə məşhur idilər. Bizi isə yalnız Ulu Öndər keçmiş siyasi büro üzvlüyünə namizəd seçildikdən sonra tanımağa başlamışdılar.

 Yaxşı yadımdadır, gecə idi, imtahana hazırlaşırdıq, böyük rus şairi Aleksandr Blokun həyatını oxuyanda bir fakta heyrətləndim. Blok Mendeleyevin qızı Lyubaya aşiq olur, amma qorxur ki, onu rədd edəcəklər. Görüşürlər. Lyuba Aleksandrın sevgisini qəbul edir. O zaman A. Blok qıza cibindən üstündə belə bir yazı olan kağız verir: "Xahiş edirəm ki, mənim ölümümdə heç kimi müqəssir saymayasınız. Bir Allaha və bir də İsa kilsəsinə inanıram!" Necə fikirləşirsiniz, heyrətamiz ifadə deyilmi? Allaha inancı hamımız başa düşürük, lakin dünyadan köçməyə hazırlaşan bir kəsin İsa kilsəsini Allaha tay tutmasını anlamaq bir qədər çətindir. Ona görə də sessiyadan sonra qatara minib Piterə - ozamankı Leninqrada yola düşdük.

Şəhərə çatan kimi İsa kilsəsinin yanına gəldik. Dahi rus şairinin son nəfəsində ruhən sığınmaq istədiyi bu məbəd bizi gözəlliyi və monumental görkəmi ilə heyrətə gətirdi. Bina, doğrudan da, elə əzəmətli və elə möhtəşəm idi ki, onun yanında özümü çox kiçik hiss etdim. İkinci bir tərəfdən, daxilən məyus oldum ki, niyə Şərqdə, lap elə Azərbaycanda belə möhtəşəm tikililər yoxdur?

Ötən əsrin 80-ci illərində Bakıda ən hündür bina İnşaatçılar prospektindəki 16 mərtəbəli yaşayış evi idi. Bizə elə hündür gəlirdi ki, yanından keçəndə başımız gicəllənirdi. O zaman nə Şamaxıdakı Cümə  məscidi bərpa olunmuşdu, nə də  Bibiheybət məscidi tikilmişdi. Bakı da köhnə Bakı idi, kimə desəydin ki, nə vaxtsa bu şəhərdə göydələnlərin ucbatından ayaq atıb yerimək mümkün olmayacaq, səni topa qoyub atardılar. Ona görə də biz 30-50 il əvvəl İsa kilsəsi kimi abidələrin yanında qəribsəyir, mənəvi əziyyət çəkirdik və sözün həqiqi mənasında, sıxılırdıq.

Bir il ruhuma yaxın olan Şərqi anlamaq üçün tələbə praktikasında Özbəkistanı seçdim. Bizi qarşılamağa gələn Daşkənd şəhər komsomol təşkilatının təmsilçisi əlini uzadıb "Bahadur" deyəndə sevindim ki, adımı da bilirlər. Amma sən demə, o, özünü təqdim edirmiş. Bir xeyli güldük. Qəzetlərindən biri məni təcrübə keçməyə qəbul etdi, maaş ayırdılar, aspirantlar yataqxanasında otaq verdilər. Dedilər ki, tələbəsən, deməli qonağımızsan, bütün Özbəkistanı gəzib görməlisən. Orada olduğum 40 gün ərzində Xivədə, Buxarada, Səmərqənddə oldum və  gördüklərimə heyran qaldım. Yaşı minilliklərlə ölçülən möhtəşəm abidələr, qədim və böyük mədəniyyət, filisoflar, şairlər, alimlər və münəccimlər İsa kilsəsini gözümdən saldılar. O 40 günün hər birini sanki bir nağıl kimi yaşadım və başa düşdüm ki, keçmiş ittifaqda ən zəngin tarix və mədəniyyət Şərq xalqlarına məxsusdur.

Bütün bunlardan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanda qarşılanma mərasimlərinin incəliklərinə bir daha toxunmaq olar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin adına açılan meydandakı çıxışında qeyd etdi ki, bütün Özbəkistan Heydər Əliyevi cəsarətli, tarixin mürəkkəb anlarında çiyinlərinə ən ağır yük götürə bilən və Azərbaycanın müasir dövlətçiliyinin  əsaslarını yaradan nadir şəxsiyyət kimi tanıyır.

Ulu Öndər nəinki Azərbaycanın, Özbəkistanın, bütün Şərqin  qürur mənbəyidir.  Özbək xalqı heç vaxt Qdlyanın pambıq oyununu unutmayacaq, onun özbək xalqına tutduğu divan yaddan çıxmayacaq.  Bu barədə danışılmasa da, iki xalqın erməni millətçilərinə qarşı mübarizəsində oxşar səhifələr kifayət qədərdir.

Özbəkistanın dövlət başçısı Ulu Öndəri belə dəyərləndirdi: "Heydər Əliyev əsl vətənpərvər idi. Onun adının özü rəmzi məna daşıyır. Məlum olduğu kimi, Heydər "yolgöstərən" deməkdir. O, həqiqətən, öz xalqının yolgöstərəni, lideri idi".

1996-cı ildə Heydər Əliyevin Daşkənddə Teymurilər Tarixi Muzeyini ziyarət edərkən Fəxri qonaqlar kitabında yazdığı qeyd bu gün də bütün Özbəkistan üçün əziz xatirədir: "Əmir Teymurun xidmətlərinə, onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan xalqı çox sağ olsun". Bu, Ulu Öndərin necə yüksək mənəviyyata sahib olduğunu və Əmir Teymurun irsinə necə müdrik qiymət verdiyini göstərir.

Azərbaycan Prezidenti Daşkənddə həm də İkinci Qarabağ savaşında qalib gələn Ali Baş Komandan, sərkərdə kimi qarşılandı. Çünkü bu Qələbə bütün türk dünyasının zəfəridir. Bu zəfərin müəllifi isə 200 illik cəfəng uydurmalara söykənən erməni   təbliğatını darmadağın və bütün müsahibələrində erməni millətçilərinə dəstək verən əcnəbi telekanalların təmsilçilərini məğlub edən İlham Əliyevdir. 

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video