29 Sentyabr 2022 00:50
440
İQTİSADİYYAT
A- A+

...Əyir, salır budaqları

 

Azərbaycanın meyvə bağlarında məhsul yığımı davam edir

 

Azərbaycanda aparılan aqrar islahatlar sayəsində məhsul istehsalı ildən-ilə artır. Bu sektorda məhsul istehsalında öndə gedən sahələrdən biri də meyvəçilikdir.  Qeyri neft-qaz sektoruna aid ixracda da meyvə satışında dinamik inkişaf müşahidə olunur.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında  kənd təsərrüfatında istehsal olunan məhsulun 4087,7 milyon manatlığı bitkiçilik məhsullarının payına düşür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artım deməkdir. Hesabat dövründə sahələrdən 479,3 min ton və ya 11 faiz çox meyvə və giləmeyvə yığılmışdır.
İndi kəndli əziyyət çəkib yetişdirdiyi barı yığır və verilən məlumatlar məhsulun bol olduğundan xəbər verir. Ölkəmizin əsas meyvəçilik üzrə ixtisaslaşan Quba rayonunda 14 min hektar alma bağı var. Rayonda ildə alma bağlarından 110-120 min ton məhsul yığılır. Əhalinin əsas məşğulluğu və gəlir əldə etməsi də bu sahə ilə bağlıdır.
Hazırda alma bağlarında məhsul yığımının qızğın çağıdır. Təsərrüfatçılar sentyabrın ikinci ongünlüyündən kütləvi yığıma başlayıblar. Qubanın fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Məhsulun keyfiyyətini müəyyənləşdirmək üçün toplanan məhsul ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Eyni zamanda meyvənin bir hissəsi satış üçün yerli və paytaxt bazarlarına, həmçinin respublikamızın digər bölgələrinə göndərilir. Hazırda almanın bağlardan topdansatış qiyməti 40-50 qəpik arasında dəyişir.
Rayonda məhsul yığımına əlavə işçi qüvvəsi cəlb olunur. Bu da əhalinin məşğulluğuna və gəlir əldə etməsinə öz müsbət təsirini göstərir. Günəmuzd çalışan işçilər almanın bir yeşiyini 70-90 qəpiyə toplayırlar. 
Qubada bağlarda daha çox məhsuldarlığı ilə seçilən "Qolden" və "Simirenko" alma sortlarına üstünlük verilir, intensiv bağçılıqla məşğul olan bağbanlar isə "Qrani smit", "Fuji" sortlarından istifadə edirlər. 
İsmayıllı rayonunda da meyvə və giləmeyvə yığımı davam edir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, təbii iqlim şəraiti meyvəçilik üçün əlverişli olan rayonda 3937 hektar meyvə bağı var. Mövcud bağların 928 hektarı bar verir. Son illər bölgədə intensiv meyvə bağlarının salınmasına maraq artıb və belə bağların sahələri 429,5 hektara çatıb. İntensiv meyvə bağlarının hər hektarından 40-50 ton məhsul götürmək olur.
Bu mövsümdə bağlardan bol məhsul yığılır. Artıq meyvə və giləmeyvə istehsalı 3965 tona çatıb. Ötən il 9586 ton məhsul istehsal edən bağbanlar bu il 10 min tondan çox məhsul gözləyirlər. Yığılan meyvənin xeyli hissəsi yerli bazarlara çıxarılır.
Şamaxıda isə üzüm yığımı davam edir. Qısa vaxtda plantasiyalardan 7500 tonadək süfrə və texniki üzüm sortları yığılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, Şamaxıda 1870 hektar üzüm bağı var və bunun da 1700 hektarı bar verən sahələrdir. Məhsul yığımı bütün ərazilərdə, xüsusilə Meysəri, Məlcək, Mirikənd, Qaravəlli, Həmyəli, Sabir, Adnalı, Çarhan, Mədrəsə, Şəhriyar inzibati ərazi dairələrində daha mütəşəkkil aparılır. Hər gün sahələrə 300-350 nəfərə yaxın işçi qüvvəsi çıxır. Yığılan süfrə üzümü yerli və xarici bazarlara çıxarılır. Mütəxəssislər cari ildə sahələrdən 11 min tonadək məhsulun istehsal olunacağını proqnozlaşdırırlar.
Ölkənin digər bölgələrində də bağların barı vaxt  və  məhsul itkisi olmadan toplamaqda davam edir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video