27 Sentyabr 2022 01:43
348
CƏMİYYƏT
A- A+

Evin tək övladının qəhrəmanlıq yolu

 

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən, işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. 
Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərib, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazanıb və tarixi ədalət bərpa olunub. Bu və digər işğal altında olan yurd yerlərimizin azad olunmasında üç minə yaxın oğlumuz qəhrəmancasına şəhid olub. Həmin şəhidlərdən biri də Rüfət Zöhrab oğlu Mustafayevdir.
Əslən Qubadlı rayonunun Dondarlı kəndindən olan Rüfət Mustafayev 1996-cı il martın 12-də Sumqayıt şəhərində anadan olub. 18 nömrəli məktəbdə oxuyub və 2013-cü ildə həmin təhsil ocağını bitirib. Elə həmin il dövlət imtahanını uğurla verərək Azərbaycan Texniki Universitetinin Maşınqayırma və robototexnika fakültəsinə qəbul olunub. 
Evin tək övladı olan Rüfətin ən böyük arzusu ali məktəbi qurtarandan sonra polis olmaq, insanların asayişini qorumaq idi. Öncə hərbi xidmətini keçməli, Vətənə olan borcunu yerinə yetirməliydi. O, ordu sıralarına könüllü getmişdi. Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında həqiqi hərbi xidmət keçirdi. Sentyabrın 27-də  başlayan İkinci Qarabağ müharibəsinə əsgər Rüfət Mustafayev də qatıldı. Döyüşlərin ən qaynar nöqtələrində xidmətini davam etdirdi. 
Rüfət Mustafayev Vətən müharibəsi döyüşlərində fəal iştirak edir, cəsarəti və cəsurluğu ilə seçilirdi. O, cəmi bir aydan sonra tərxis olunmalıydı. Ata və ana artıq hazırlıqlara başlamışdılar. Hərbidən qayıdan kimi onu evləndirməyi belə fikirləşirdilər. "Tək övladdır. Vaxtında evlənib, oğul-uşaq sahibi olsun", - deyib planlar qururdular...
Rüfət gündə iki dəfə valideynlərinə zəng vurar, hal-əhval tutar, onlara toxtaqlıq verərdi, ondan nigaran qalmamağı dönə-dönə tapşırardı. Heç vaxt yerini aşkar bildirməzdi. Halbuki Suqovuşanın alınmasında qəhrəmancasına iştirak etmişdi. Rüfət sonuncu zəngini oktyabrın 9-da atasına edib. Həmin gecə polkovnik-leytenant Zaur Cəfərov, kapitan Samir İslamov və Rüfət döyüş tapşırığını yerinə yetirmək üçün yola çıxıblar. 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən, idarə etdiyi minik avtomobili ilə minaya düşərək, komandiri polkovnik-leytenant Zaur Cəfərovla birlikdə qəhrəmancasına şəhid olmuşdur. Oktyabrın 13-də şəhidin nəşi valideynlərinin yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Cənazəsi yaşadığı ərazidə izdihamla qarşılanmışdır. Oradan avtomobil karvanı ilə Sumqayıt Şəhidlər xiyabanına yürüş olmuşdur.
Anası Afət Mustafayeva oğlu ilə bağlı xatirələrini bizimlə bölüşdü: "Sonuncu dəfə sentyabrın 6-da onunla görüşə getdik. Hər dəfə də gedəndə ürəyi istədiyi xörəkləri bişirib aparardım ki, həm özü, həm də əsgər yoldaşları yesinlər. Bu dəfə gedəndə bayrağımızı da apardım ki, maşınından assın. Sonuncu dəfə görüşəndə bayrağı atasına verib ki, Qubadlı işğaldan azad olunanda aparıb o yerlərdə ucaldarsınız.  Sanki əvvəldən bilib ki, Qubadlı azad olunandan sonra atası yurdumuza gedəcək və onun əmanət elədiyi bayrağı aparıb Aşağı Xocamsahlı kəndində ağaca sancacaq. Çünki bayrağımızı sancmağa nə bir ev, nə də məktəb var idi. Düşmən daşı daş üstündə qoymamışdı".
Şəhidliyindən 15 gün sonra Qubadlı rayonu erməni işğalçılarından azad edildi. Qubadlı haqqında nənələrdən, ata və analardan çox söhbətlər eşidib xəyallar qurmuşdu. O yerlərə qayıdacaq günlərin xəyallarını edirdi.
Prezident İlham Əliyevin sərəncamları ilə Rüfət Mustafayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video