23 Sentyabr 2022 00:47
442
SİYASƏT
A- A+

Ermənistanın dinc əhaliyə qarşı cəzasız qalan terror əməlləri

 

Ermənistan törətdiyi təxribata görə layiqli cavablar alır. Sentyabrın 21-də Laçın şəhərinə səfər edən Prezident İlham Əliyev vurğuladı ki, qırx dörd günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi zəfəri təsdiqləndi.
Dövlət başçısı çıxışında diqqətə çatdırdı ki, biz sülh təklif etdik, ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır: "Üstəlik, son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq".

 

Ermənistan silahlı qüvvələri mülki şəxsləri atəşə tuturdular

 

Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu peşəkarlığı, döyüş bacarığı baxımından Ermənistan silahlı qüvvələrindən müqayisəyəgəlməz dərəcədə üstündür. Azərbaycan Silahlı Qüvvələrinin hər bir əsgəri, hər bir zabiti hərbi bacarıqlarını yalnız döyüş meydanlarında nümayiş etdirdi. Müharibə dövründə Ermənistan silahlı qüvvələri cəbhədə uğursuzluqlarla üzləşir, qəhrəman Azərbaycan Ordusunun peşəkarlığı, döyüş əzmi, qətiyyəti qarşısında geri çəkilirdilər. Ermənistan döyüş bölgələrində biabırçı məğlubiyyətinin əvəzini yenə terrora əl atmaqla çıxırdı. Hələ 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə məhv oldu. Həlak olan ailənin iki üzvü məktəbli idi. Şəhriyar Qurbanovun on üç, onun əmisi qızı Fidan Qurbanovanın isə on dörd yaşı vardı.
Müharibənin ikinci günü - sentyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutdular. Sonrakı günlərdə də Tərtər rayonundakı şəhər, qəsəbə və kəndləri artilleriya, raket və kasset silahlarla bombardman etdilər. Bu, çox sayda mülki insanın ölümünə səbəb oldu. Minlərlə insan evini tərk etdi. Şəhərdə qalan Tərtər sakinləri isə evlərinin zirzəmilərinə sığındılar.
İşğalçı ölkənin silahlı qüvvələri Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini ağır artilleriyadan atəşə tutdu. Oktyabrın 3-də növbəti hücum zamanı iki sakin həlak oldu. Yaralılar xəstəxanaya yerləşdirildi. Çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəydi. 
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı terror əməllərini sonrakı günlərdə də davam etdirdi. 2020-ci ilin oktyabrında Azərbaycanın döyüş bölgəsindən uzaq olan Gəncə şəhəri 5 dəfə ayrı-ayrı zamanlarda Ermənistan silahlı qüvvələri tərəfindən bombalandı. İlk hücum 4 oktyabrda edildi. Həmin gün birinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən OTR-21 TOÇKA ballistik raketindən Gəncə şəhəri vuruldu. Bir nəfər şəhid oldu, 30 nəfər yaralandı. Bu hücumun məsuliyyətini rəsmi olaraq qondarma "Dağlıq Qarabağ Respublikası" rəsmiləri öz üzərinə götürdü. Onlar hədəfin şəhərdə olan hərbi təyinatlı binalar, həmçinin Gəncə Beynəlxalq Aeroportu olduğunu bildirdilər. Ancaq bu həm etiraf, həm də bəhanə idi. Gəncədə hərbi təyinatlı binaların olduğuna dair rəsmi məlumat yoxdur. Hava limanı isə COVID-19 səbəbindən tamamilə fəaliyyətsiz idi.
Oktyabrın 5-də Gəncə şəhəri ikinci dəfə raket hücumuna məruz qaldı. Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinə düşdü. 3 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər aldı.
Gəncəyə Ermənistan silahlı qüvvələrinin növbəti hücumu oktyabrın 8-də oldu. Bu, gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. O zaman ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi.

 

Öhdəliklərinə əməl etməyən Ermənistan

 

Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət edilməsi barədə razılıq əldə edildi. Ancaq işğalçı Ermənistan humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqda, yaşayış məntəqələrini, strateji obyektləri ağır artilleriyadan atəşə tutmaqda davam etdi.
Oktyabrın 11-i gecəsi Gəncə dördüncü dəfə hücuma məruz qaldı. Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələrinin bölmələri Gəncəni Skad ballistik raketlərindən atəşə tutdu. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil zədələndi. 31 mənzil tamamilə dağıdıldı. Şəhərdəki infrastruktura mühüm ziyan dəydi. Hücum nəticəsində 10 mülki şəxs şəhid oldu, 40-dan çox insan yaralandı.
Gəncəyə mülki şəxsləri hədəf alan beşinci raket hücumu oktyabrın 17-də oldu. Erməni silahlı qüvvələri şəhəri Skad ballistik raketləri ilə atəşə tutdular. Xeyli sayda müxtəlif yaşayış evi və digər tikililər ziyan gördü. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid oldu, 55 nəfər yaralandı.
Oktyabrın 17-də gecə Ermənistan silahlı qüvvələri növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su-Elektrik Stansiyasını hədəfə aldı. Düşmən cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqda yerləşən bu iri sənaye şəhərinə raketlər atdı.
Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə raket hücumları etdi. Oktyabrın 28-də isə Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə "Smerç" tipli 2 ədəd raket zərbələri endirildi. Bərdəyə hücumlar nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı. Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə, 22 nəqliyyat vasitəsinə ziyan dəydi.
Ermənistanın mülki şəxslərimizi hədəfə alan raket hücumları nəticəsində Azərbaycan xalqının tarixinə faciəli səhifələr yazıldı. Cəbhə bölgəsindən uzaqlarda dinc, günahsız insanlar həyatlarını, sağlamlıqlarını itirdilər. Neçə-neçə ailənin rahat, xoşbəxt günlərinə son qoyuldu. Azərbaycan dövləti, xalqı düşmənin namərdliyinə, məkrinə rəğmən humanist mövqeyində dayandı. Azərbaycan Ordusu düşmən tərəfin dinc sakinlərinə silah tuşlamadı. Döyüş meydanında hünər göstərdi və qalib gəldi.
Təəssüf ki, Ermənistan təxribatçılığından, terrorçuluğundan əl çəkməyib. Sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən,  Kəlbəcər,  Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi düşmənin növbəti dəfə həm ərazi,  həm canlı qüvvə,  həm də müxtəlif texnika itkiləri ilə nəticələndi. Təəssüf ki, müharibə istəməyən, sülhün tərəfdarı olan Azərbaycanın da igid əsgər və zabitləri şəhid oldular, yaralandılar. Təxribatçı, terrorçu mövqeyindən əl çəkməyən Ermənistan silahlı qüvvələri bu dəfə də dinc sakinlərimizi atəşə tutdular. Nəticədə Azərbaycanın iki mülki vətəndaşı yaralandı.
Ermənistan silahlı qüvvələrinin istər atəşkəs, istər müharibə, istərsə də postmüharibə dövründə mülki əhaliyə qarşı hücumları bütün insani, bəşəri hisslərə, ənənələrə, beynəlxalq qanunlara zidd və qəbuledilməzdir. Təəssüf ki, dünya birliyi, beynəlxalq  təşkilatlar buna göz yumurlar. Amma gec-tez Ermənistan bu cinayət əməllərinə görə cavab verəcəkdir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video