26 Yanvar 2022 01:12
1289
SİYASƏT
A- A+

Ermənistanda hərbi xunta birdəfəlik sıradan çıxarılır

 

Paşinyanla “Sarkisyan-Koçaryan” koalisiyası arasında siyasi mübarizənin növbəti mərhələsi başlayır

 

Ermənistanda baş verən son proseslər ölkədə yeni qarşıdurma mərhələsinin başlandığını göstərir. Belə görünür ki, prezident Armen Sarkisyanın istefa verməsi ilə Nikol Paşinyan “Sarkisyan-Koçaryan” koalisiyasını tam şəkildə çökdürməkdə davam edir.

Hadisələrin inkişafı qarşıda mövcud hakimiyyətlə keçmiş hərbi xunta arasında sərt mübarizənin daha yüksək həddə çatacağını  göstərir.

Xatırladaq ki, 2015-ci ildə baş tutmuş referendumla həyata keçirilmiş konstitusiya dəyişikliyinə əsasən, bütün əsas səlahiyyətlər baş nazirə verilmişdi.

Armen Sarkisyanın istefası, ilk növbədə, keçmiş hərbi xunta ilə Paşinyan hökuməti arasında siyasi mübarizənin növbəti mərhələsidir ki, burada da Paşinyanın qalib gəldiyi ortadadır.

Qeyd edək ki, Armen Sarkisyan özünün qərbyönümlü imici ilə keçmiş prezident Serj Sarkisyan tərəfindən ictimaiyyətdə siyasi islahat illüziyasının yaradılması üçün ortaya atılan fiqur olub. Sabiq prezident konstitusiyaya dəyişiklik edərək bütün səlahiyyətləri baş nazirin əlində cəmləşdirib, həmin kürsüdən ölkəni idarə etməyi düşünürdü, Armen Sarkisyan isə nominal prezident kimi ölkənin Qərbə inteqrasiya yolunda olduğunu imitasiya etməli idi. Lakin 2018-ci ildə baş vermiş inqilabla hakimiyyətə gələn Nikol Paşinyan bu planların gerçəkləşməsinə imkan vermədi və baş nazir postunu əldə etdirməklə faktiki bütün hakimiyyəti ələ keçirdi. Konstitusiya ilə bütün əsas səlahiyyətlərin, hətta müharibə və sülh elan etmək səlahiyyətlərinin  baş nazirdə olması “Sarkisyan-Koçaryan” koalisiyasının bir həmlədə hakimiyyətdən tam kənarda qoyulması ilə nəticələndi.

1996-cı il noyabrın 8-dən 1997-ci il fevralın 28-dək Ermənistanın baş naziri olmuş Armen Sarkisyanın Britaniya vətəndaşı olması da maraqlı məqamlardan biridir. 2002-ci ildə Britaniyanın Uels bölgəsində 4/451/865 saylı qeydiyyat sənədi ilə rəsmi qeydiyyata alınmış “Eurasia House International” fondunun təsisçisi və baş direktoru olan Armen Sarkisyan Britaniya DİN-dəki sənədlərə görə 2014-cü ilədək Britaniya vətəndaşı olub. Halbuki Ermənistanın mövcud qanunvericiliyinə görə, dövlət başçısı postuna iddialı və ya namizəd şəxs son 6 ildə yalnız Ermənistan ərazisində yaşamalıdır. Lakin nədənsə Ermənistanda bu məqama həmin vaxt diqqət yetirilməyib. Halbuki 2011-2014-cü illərdə Armen Sarkisyanın bütün sənədlərində yaşayış yeri kimi Britaniya, “vətəndaşlıq” qrafasında isə “Britaniya vətəndaşı” göstərilib. Bu səbəbdən də Ermənistan və Britaniya vətəndaşı olan Armen Sarkisyan elə Ermənistan qanunlarına görə ölkə prezidenti seçilə bilməzdi. Amma sabiq prezident Serj Sarkisyanın maraqlarına cavab verdiyi üçün bu fakt ümumiyyətlə nəzərə alınmayıb.

Armen Sarkisyan nə qədər özünü heç bir siyasi qütbə bağlı olmayan biri kimi göstərməyə çalışsa da, faktik olaraq “Koçaryan-Sarkisyan” koalisiyasının fəal üzvü olub və prezidentlik müddətində əsas məqsədi Paşinyan rejiminin hakimiyyətdən uzaqlaşdırılması idi. Bunun aydın nümunəsi 44 günlük müharibədən sonra ölkədə yaranmış siyasi böhranın həlli məqsədilə Armen Sarkisyanın bir-birinə qarşı duran siyasi qüvvələr arasında vasitəçi qismində çıxış edərək, özünün siyasi çəkisini artırmağa çalışması və ardınca Paşinyanın istefasını tələb etməsi idi. Nikol Paşinyanın hakimiyyətə qarşı çıxmış qərargah rəisi Onik Qasparyanın tutduğu vəzifədən azad olunması ilə bağlı qərarını təsdiq etməməklə də Armen Sarkisyanın əsl siyasi mövqeyi ortaya çıxmışdı.

Lakin fərqli düşünənlər də var. Belə ki, Ermənistanın “Respublika” partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan prezidentin istefaya getməsi ilə Nikol Paşinyana kömək etmiş olduğunu düşünür. O qeyd edib ki, Sarkisyan yalanlar üzərində və zəif bir şəkildə vəzifədə qaldığı kimi elə belə yalançı və zəif açıqlama ilə də istefa verdi: “Ermənistanın başı üzərində hərlənən buludlarla birlikdə xarici aləmdən yeni güclü tufan gələcək ki, Armen Sarkisyan da belə bir ərəfədə aradan çıxmağa qərar verdi”.

Belə bir vəziyyətdə ölkənin ciddi ictimai-siyasi böhran yaşadığını anlamamaq mümkün deyil.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video