28 Sentyabr 2022 01:23
448
CƏMİYYƏT
A- A+

Erməni polkovnikini yalın əlləri ilə boğdu

 

Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri xalqımız heç zaman unutmayacaq. Cəsarəti ilə əfsanəyə çevrilən Vətən müharibəsi şəhidlərimizdən biri də Cəbrayıl Dövlətzadədir. O, torpağına bağlı insan idi. 2020-ci il sentyabrın 28-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən şəhid olub. Şəhid olandan sonra onun barəsində çox məqalələr yazıldı. Qəhrəmanlığından döyüş yoldaşları danışdılar, xatirəsini hər zaman yaşatdılar. 
19 yaşlı Cəbrayıl haqq savaşımızda düşmənə sözün əsl mənasında dağ çəkdirib. Yoldaşları deyir ki, o qədər cəsarətliymiş ki, yanındakı ailəli silahdaşlarına "siz qayıdın, ailəniz sizi gözləyir, mən tək döyüşəcəyəm!" deyib düşmənin üzərinə şığıyırdı. 

 

Hücum zamanı erməni generalını öldürür

 

Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən zəngilanlı idi. Ailədə bir bacı və iki qardaş olublar. O, orta təhsilinə Sumqayıt şəhəri "Təfəkkür" liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib. Rəsm və musiqiyə həvəsi olan Cəbrayıl eyni zamanda 9 il cüdo ilə məşğul olub. İdman sahəsində mükafatlara layiq görülüb. Hətta həvəskar rep ifaçısı da olub.
O, 2019-cu ildə Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə olarkən xüsusi təyinatlılara seçilib. Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması onu məyus edib. Daha sonra 44 günlük Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşlərə qatılıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalıb. O bu hücum zamanı öncə erməni generalını öldürüb. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllərilə boğub. Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 28-də əməliyyat zamanı xeyli qan itirdiyi üçün şəhidlik məqamına ucalıb. 

 

"Onunla bağlı gözəl xatirələrim var"

 

Cəbrayıl özünü həmişə ailənin başçısı kimi aparıb. 12 yaşından ofisiant işləyib. 3 övlad anası olan Məleykə Məmmədzadə uşaqlarını çətinliklə boya-başa çatdırdığını deyir. Oğlunun uşaqlığından danışan Məleykə Məmmədzadə övladının hələ iki yaşından yaşıdlarından seçildiyini deyir: "Cəbrayıl ilə bağlı gözəl xatirələrim var. Mən özümə baxanda Cəbrayıl sevinirdi. Heç vaxt başıma yaylıq bağlamırdım. Bəlkə indi məni görsəydi, hirslənərdi ki, niyə solğunsan. Oğlumun hələ də köynəyində, bayrağında qoxusu qalıb. Bir təsəllim odur ki, əziyyətlə böyüdü, vicdanlı insan oldu, ən ali zirvəyə yüksəldi".
Məleykə xanımın bibisi Zöhrə Bayramova Cəbrayıl Dövlətzadə ilə bağlı xatirələrini qürurla danışdı: "Onu axırıncı dəfə hərbi xidmətə getməmişdən öncə gördüm. Bizimlə görüşməyə gəldi. Çox bacarıqlı, qabiliyyətli, tərbiyəli və düşüncəli oğlan idi. Deyirdi ki, anasının onunla fəxr etməyini istəyir. Məzuniyyətə gələcəyi günü gözləyirdik. 2 günə gəlməliydi. Düzdü, daha tez gəldi, ancaq bizim gözlədiyimiz şəkildə yox. Şanla-şöhrətlə qayıtdı..."

 

Şəhid ailəsinə diqqət və qayğı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Cəbrayıl Dövlətzadə II Fəxri xiyabanda general-mayor Polad Həşimovun yanında torpağa tapşırılıb. Vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
Cəbrayıl kimi igid oğullarımızın sayəsində torpaqlarımızı geri qaytara bildik. Onlar 30 illik həsrətə 44 gündə son qoydular. Vətənə olan sevgiləri ilə analarımızın, bacılarımızın qisasını aldılar.

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video