26 Yanvar 2023 00:59
564
SİYASƏT
A- A+

Erməni cinayətləri qlobal hüquq müstəvisində obyektiv qiymətini almalıdır

 

Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi iddia sənədi minlərlə səhifəlik dəlillərə əsaslanır

 

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti Ermənistanın cinayət əməlləri ilə bağlı əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Sənəddə etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış, müharibə cinayətlərinin, mina terrorunun qurbanına çevrilmiş azərbaycanlılar, eləcə də yerləyeksan edilmiş torpaqlarımız, dağıdılmış tarixi-mədəni irsimiz və digər bu kimi cinayət əməlləri barədə ətraflı məlumatlar və sübutlar yer alıb.  Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır.
Azərbaycan tərəfi hüquqlarımızın geniş şəkildə pozulmasına görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasını məhkəmədən tələb edib. Materiallar "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" Konvensiyası çərçivəsində hazırlanıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

 

Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycan hökuməti tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinə əsas iddia sənədinin təqdim edilməsi erməni cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi məqsədi daşıyır: "Bu, ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişaf kimi dəyərləndirilir. Burada söhbət kifayət qədər ciddi əsaslandırılmış sənədin təqdim edilməsindən gedir. Sözsüz ki, 30 illik erməni işğalı nəticəsində Azərbaycan tərəfinə dəymiş ziyanın ödənilməsi, reallaşdırılan cinayət əməllərinə beynəlxalq hüquqi qiymətin verilməsi vacibdir. Bu baxımdan, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməsi ilə dəymiş ziyanın ödənilməsi üçün Azərbaycanın haqlı iddiası ortaya qoyulur. Ümid edirik ki, bu, Ermənistanın vandalizminə beynəlxalq hüquqi qiymətin verilməsi ilə nəticələnər".
Deputatın sözlərinə görə, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, yəni ölkəmizin qaldırdığı məsələ beynəlxalq hüququn prinsiplərinə tamamilə uyğundur: "Konvensiyalar imkan verir ki, Azərbaycan tərəfi dəymiş ziyana görə Ermənistandan təzminat tələb etsin, həm də ermənilərin həyata keçirdiyi soyqırımlara və məqsədyönlü etnik təmizləmə siyasətinə hüquqi qiymət verilsin. Ermənistanın 2020-ci ilə qədər davam etdirdiyi işğal və etnik təmizləmə fəaliyyətinin məqsədi rayon və kəndlərimizin dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq olub. Erməni qəsbkarlığı nəticəsində Azərbaycan tərəfinə dəymiş ziyanın məbləği 100 milyardlarla ölçülür. Dövlətimiz təzminatın tələb edilməsi, eləcə də beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı fəaliyyətini davam etdirməkdə haqlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Yəni əsaslı dəlillərimiz kifayət qədər çoxdur. Belə olan halda, Beynəlxalq Ədalət Məhkəməsi də dəlillərə düzgün qiymət verərək ölkəmizin iddiasını təmin etməyə çalışmalıdır". 

 

Göstərilən faktlar Azərbaycanın mövqeyini dəstəkləyən qərar üçün kifayətdir

 

Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan hökuməti Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktları, 30 illik işğal ərzində torpaqlarımızın darmadağın edilməsi və etnik təmizləməyə məruz qalması, minlərlə şəhər və kəndlərimizin yerləyeksan edilməsi, mülklərimizin dağıdılması və Azərbaycan xalqına məxsus dini və mədəni-tarixi irsin silinməsi ilə bağlı müfəssəl sübutlar təqdim edib. "Azərbaycan tərəfi həmin sübutlar əsasında, soydaşlarımızın hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Ermənistanın uzun illər boyu həyata keçirdiyi təcavüz siyasəti bu sənədlərlə ifşa edilir. Göstərilən faktlar Beynəlxalq Ədalət Məhkəməsinin adına layiq şəkildə, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qərar çıxarması üçün kifayətdir. Ümid edirik ki, sözügedən beynəlxalq məhkəmə qurumu həmin sənədləri diqqətlə nəzərdən keçirərək xalqımıza qarşı törədilmiş, insanlıq əleyhinə yönəlmiş cinayətlərə obyektiv qiymət verəcək. Sənəddə ötən 30 il ərzində Azərbaycan torpaqlarının işğal nəticəsində viran qoyulması ilə yanaşı, 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanmasından sonra ermənilərin törətdiyi cinayət hadisələrinə də xüsusi diqqət çəkilib. Beləliklə, Azərbaycan vətəndaşlarının müharibədən əvvəl və postmüharibə dövründə Ermənistanın mina terrorundan əziyyət çəkmələri, 4 min nəfərə yaxın soydaşımız haqda heç bir məlumatın təqdim edilməməsi və digər bu kimi faktlar BMT-nin "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" Konvensiyası çərçivəsində təqdim edilib", - deyə deputat bildirib.
T.Gəncəliyev deyib ki, burada artıq əsas məsələ Beynəlxalq Ədalət Məhkəməsinin vicdanına qalıb: "Bu qurum fəaliyyəti ərzində çox sayda müharibə cinayətləri, etnik təmizləmə və insan hüquqlarının kütləvi şəkildə pozulması halları, genosid və soyqırımı məsələlərini nəzərdən keçirib. Beynəlxalq Ədalət Məhkəməsi təkcə Xocalı soyqırımı ilə bağlı təqdim edilmiş sübutlara obyektiv yanaşarsa, təkzibedilməz faktlar əsasında bu məsələyə beynəlxalq hüquqi qiymət verər və Ermənistan dövlətini məsuliyyətə cəlb edər. Bu hadisə beynəlxalq hüququn təcəssümü və tərənnümü kimi tarixə düşər. Azərbaycan hökumətinin erməni təcavüzü ilə bağlı əsas sənədləri Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etməsinin səbəbi də elə budur ki, biz dünyanın bir nömrəli məhkəmə qurumunun Ermənistan dövlətinin məsuliyyətini tanımasını və ermənilərin bəşəriyyətə qarşı törətdiyi cinayət əməllərinə hüquqi qiymət verməsini istəyirik. Əks halda, Beynəlxalq Ədalət Məhkəməsinə xatırlatmaq yerinə düşər ki, dünyanın təhlükəsizlik sahəsində ən ali qurumu olan BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın təcavüzü ilə bağlı 4 qətnamə qəbul edib".
Deputat vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsindən gözlənti böyükdür: "Əgər bütün dünyaya özlərini əsas məhkəmə qurumu kimi nümayiş etdirirsə və beynəlxalq ictimaiyyət də bunu qəbul edirsə, deməli, biz Beynəlxalq Ədalət Məhkəməsindən beynəlxalq hüququn bərpa  edilməsini tələb edə bilərik. Bu qurum Azərbaycanın haqlı səsini eşitməklə beynəlxalq hüquq prinsiplərinə nə qədər sadiq olduğunu nümayiş etdirəcək". 

 

Belə sənədlərin təqdim olunmasını sürətləndirməliyik

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan Qarabağ həqiqətlərinə hüquqi qiymət verilməsi üçün uzun müddətdir ki, iş aparır: "Beynəlxalq Ədalət Məhkəməsinə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" Konvensiyası çərçivəsində hazırlanmış belə bir sənədin təqdim edilməsi də bu baxımdan xüsusi önəm daşıyır. Azərbaycan bütün dünyaya çatdırmaq istəyir ki, Ermənistan bizim 10 min kvadratkilometr ərazimizi vəhşicəsinə, barbarcasına dağıdıb, soyqırımları törədib, vətəndaşlarımızı mina terrorunun qurbanına çevirib. Təəssüf ki, erməni cinayətlərinin göz önündə olmasına baxmayaraq,  dünyanın bu haqsızlığa, ermənilərin hətta üçtərəfli Bəyanatdan sonra da təxribata cəhd etdiklərinə göz yumduğunun şahidiyik. Ona görə Beynəlxalq Ədalət Məhkəməsi qarşısında belə iddiaların qaldırılması bizim üçün önəmlidir".
Deputatın sözlərinə görə, biz bu məsələ ilə bağlı səylərimizi gücləndirməli və belə sənədlərin təqdim olunmasını sürətləndirməliyik: "Xüsusilə informasiya müharibəsi dövründə bu kimi amillərə diqqət yetirmək daha vacibdir. Birmənalı olaraq, Qarabağ həqiqətlərinin təbliğatı, erməni yalanlarının isə ifşası davamlı xarakter almalıdır".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video