03 Noyabr 2022 01:29
1364
SİYASƏT
A- A+

Ərəb dünyasından İlham Əliyevə böyük ehtiram

 

Azərbaycan Prezidentinin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı ölkəmizin bu təşkilat və onun  üzvləri ilə əlaqələrinə impuls verəcək

 

Asiya istiqaməti, Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirib. 

 

Dostluq və qardaşlıq əlaməti

 

Hazırda Azərbaycanla Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, həmin dövlətlər Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyir, Səudiyyə Ərəbistanı isə Ermənistanla diplomatik münasibətlər qurmayıb və bunun səbəbi Azərbaycan torpaqlarının işğalı idi. 
Eyni zamanda Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmiz müşahidəçi statusunda təşkilatın  üzvüdür. Hazırda liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış anlaşma memorandumları əsasında əməkdaşlıq edir. Anlaşma memorandumu 2005-ci ildə imzalanıb. 2014-cü ildə isə Ər-Riyadda Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan Respublikası arasında əməkdaşlıq memorandumu imzalanıb. 
Xatırladaq ki, 2007-ci ilin may ayında Prezident İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının Baş Qərargahında liqanın baş katibi ilə görüşmüş, bu təşkilata üzv olan ölkələrin səfirləri qarşısında çıxış etmişdi. 
Bu il noyabrın 1-də isə Prezident İlham Əliyev Əlcəzair Prezidentinin dəvəti ilə bu ölkədə keçirilən  Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak edib. Bu dəvət Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi, bu, dostluq və qardaşlıq əlamətidir: "İlk növbədə mən Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının baş katibinə dəvətə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bunu dostluq və qardaşlıq əlaməti hesab edirəm. Bu mötəbər sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur. Mən Əlcəzair Prezidentini və hökumətini, bütün Əlcəzair xalqını Azadlıq Günü münasibətilə təbrik edirəm".
Onu da qeyd edək ki, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində ərəb ölkələrinin həmrəyliyi, yeni qlobal çağırışlar fonunda birgə fəaliyyət planı müzakirə olunub.

 

İlham ƏLİYEV: "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır"

 

Bu səfər zamanı Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Bu ölkə Azərbaycanla oxşar taleyi yaşayıb. Dünyaya demokratiya dərsi verməyə çalışan Fransa vaxtilə Əlcəzairi işğal edib, onun maddi və mənəvi sərvətlərini talayıb, xalqına dərin iztirablar yaşadıb. 
Fransa 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirib. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. 
Bəli, bir vaxtlar Əlcəzairi işğal edən, əhalisini soyqırımına məruz qoyan Fransa indi də düz yol tutmayıb. Fransanın Ermənistana verdiyi dəstək elə işğal siyasəti yürütməyin oxşar formasıdır. Birinci Qarabağ müharibəsi dövründə Xocalıda, Qaradağlıda, Xocavənddə, Kəlbəcərdə yüzlərlə azərbaycanlını soyqırımına məruz qoyan Ermənistana göstərilən dəstək elə soyqırımını dəstəkləmək deməkdir. Ona görə Əlcəzairdə insanlıq əleyhinə cinayətlərə imza atan Fransanın bu gün canfəşanlıqla Ermənistanın yanında yer alması heç də təəccüblü deyil. Bu ölkənin ermənipərəst siyasətinin kökündə həm də işğal təfəkkürü dayanır.
Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsi və Milli Mücahidlər Muzeyi Fransanın insanlıq əleyhinə cinayətlər, əlcəzairlilərə qarşı qətliamlar törədən bir ölkə olduğunu dünyaya çatdırır. "Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Milli Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik", - deyə Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı deyib.
Bütövlükdə Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda bu səfər zamanı Azərbaycan həqiqətləri bir daha dünyada maraqla izlənən bir əməkdaşlıq platformasından dünyaya bəyan edildi. Təbii ki, bu səfər Azərbaycanla Ərəb Dövlətləri Liqası və təşkilata üzv olan ərəb dövlətləri arasındakı əlaqələrin inkişafına təsir göstərəcək, əməkdaşlığın dərinləşdirilməsinə impuls verəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video