02 Avqust 2022 01:07
344
DÜNYA

Enerji böhranı getdikcə daha da qloballaşır

 

Neft və qazın qiymətinin artması əksər ölkələrin iqtisadi təlatümlə üzləşməsinə səbəb olub

 

Avropa qitəsini həyəcanlı enerji böhranı gözləyir. Ancaq bəla təkcə Avropaya gəlmir. Neft və qazın daim qalxan qiymətləri artıq aylardır ki, bütün dünyada xaos yaradıb və ekspertlər bu barədə ciddi xəbərdarlıq edirlər. Qeyd edilir ki, əzab çəkən təkcə Avropa və ABŞ deyil - yüksək qiymətlər bütün dünyaya ziyan vurur.

Yanacaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən Ekvadordan Cənubi Afrikaya qədər idxaldan asılı olan ölkələr iqtisadi təlatümlə üzləşir və onların hökumətləri hazırkı vəziyyətdən çıxış yolu axtarırlar. Bir sıra dərinləşən böhranlardan əziyyət çəkən Şri-Lankada kəskin qıtlıq yaranıb. Bu, hökuməti əhaliyə evdən işləməyi tapşırmağa məcbur edib. Panama isə kəskin qiymət artımı ilə bağlı başlayan etiraz nümayişlərindən sarsılır.

ABŞ-dakı Kolumbiya Universitetinin enerji üzrə eksperti Ceyson Bordoff  hazırda ilk qlobal enerji böhranının yaşandığını bildirib. O, qeyd edib ki, kəsir dünyanın, demək olar ki, bütün regionlarını və enerji mənbələrini vurub. Dalğalanma effekti hər yerdə müşahidə olunur və ən ağır günlər hələ qarşıdadır.

Rusiya-Ukrayna münaqişəsindən əvvəl də bazarlar ciddi çatışmazlıq içində idi. Bu, bir sıra amillərin birləşməsinin nəticəsidir: pandemiya, tədarük zəncirlərindəki ləngimələr və iqlim sarsıntıları...

Vəziyyət Rusiyadan qaz ixracının azalması ilə daha da gərginləşib, buna görə də Avropa enerji resurslarını başqa yerdə axtarmağa məcbur olub. Bu isə dünya bazarlarında qiymətləri daha da artırıb. İndi iqlim dəyişikliyinin səbəb olduğu ekstremal isti hava vəziyyəti daha da gərginləşdirir və bunun nəticəsində yaranan problemlər daha da güclənir.

Axırıncı dəfə 1970-ci illərdə enerji ehtiyatlarının fəlakətli çatışmazlığı (lakin o zaman yalnız neft) yaranmışdı. Daha sonra OPEC bütün neft sənayesini şok dalğası kimi sarsıdan embarqo tətbiq etdi. Bu böhran səbəbindən Beynəlxalq Enerji Agentliyi (International Energy Agency) yarandı və sənayeləşmiş ölkələr gələcək təchizatın pozulmasına hazırlıq üçün strateji ehtiyatlar yaratmağa başladılar. Bu barədə məlumat verən Kolumbiya Universitetində Qlobal Enerji Siyasəti Mərkəzinin əməkdaşı Antuan Half  bildirib ki, bir çox inkişaf etməkdə olan iqtisadiyyatlar və ağır borcu olan ölkələrdə belə bir "ehtiyat yastığı" yoxdur və bu səbəbdən onlar şoklara tamamilə həssasdır. Bu gün tamamilə fərqli ölkələr əziyyət çəkir - kiçik, sürətlə inkişaf edən, getdikcə daha çox enerji tələb olunanlar.

Son həftələr Qana və Kamerunu etirazlar bürüyüb. Nümayişlərin  iştirakçıları yanacağın qiymətinin bahalaşmasından və onun qıtlığından narazıdırlar. Eyni hal, yəni enerji qiymətlərinin kəskin artmasının tətil və nümayişlərə səbəb olduğu Argentina və Peruda da baş verir.

"Dünyanın ən yoxsul ölkələri onsuz da iqtisadi cəhətdən əziyyət çəkirlər. Onların maliyyə vəziyyəti zəifdir və sadəcə olaraq, enerji haqqını ödəyə bilmirlər. Düşünürəm ki, biz getdikcə daha çox elektrik kəsilməsini görəcəyik. Dünyada gəlirləri az olan, elektrik şəbəkələri etibarsız olan ölkələr elektrik enerjisi ilə təminatda çətinlik çəkəcək", - deyə Bordoff bildirib.

Bəzi ölkələr artıq qaranlığa qərq olub. Məsələn, Cənubi Afrika Respublikası uzun müddətdir ki, öz tarixində ən ağır enerji böhranlarından biri ilə üzləşərək, elektrik enerjisinin kəsilməsindən əziyyət çəkir. Tez-tez və geniş şəkildə elektrik kəsilməsinin baş verdiyi Kubada da analoji vəziyyət yaranıb.

Belə bir aqibətdən qaçmaq üçün bir çox ölkələr kömürə üz tutub. May ayında enerji böhranı dərinləşdikcə, Hindistan kömür mədənlərindən hasilatı yenidən başlamağı və artırmağı qərara alıb. İyun ayında Hindistanın kömür idxalı rekord həddə çatıb. Ölkənin energetika naziri Rac Kumar Sinqh bunun uzun müddət davam edəcəyi barədə məlumat yayıb.

Avropa ölkələri Rusiya neftindən imtina etmək qərarına gəldikdə, onların yerini daha ucuz ehtiyatlar alan Çin və Hindistan tutub. İndi Moskva Pekin üçün ən böyük təchizatçıya çevrilir. Lakin böyük həcmdə istehlak heç də o demək deyil ki, Çin və Hindistan böhran səbəbindən iqtisadi itkilərə məruz qalmır. Rusiya yanacağı ora endirimlə göndərildiyi halda, başqa yerlərdə enerji idxalı üçün çox baha qiymətlər ödəyirlər.

"Rapidan Energy Group" şirkətinin geosiyasi risklər xidmətinin  direktoru Fernando Ferreyranın dediyinə əsasən, Moskva bu ölkələrə güzəştli qiymətlər tətbiq etsə də, burada maliyyə təsirləri Rusiyadan neft idxalı ilə tam kompensasiya edilmir. Qarşıdan gələn qışda, Avropanın Rusiya neftinə qarşı sanksiya tədbirləri tam qüvvəyə mindiyi zaman bu bazarlar yeni sarsıntılarla üzləşə bilər.

Ekspertlər qeyd edirlər ki, böhran perspektivləri Rusiya-Ukrayna münaqişəsinin müddəti ilə sıx bağlıdır. Onun dayandırılmasının isə hələ ki, heç bir əlaməti yoxdur. Ferreyranın fikrincə, böhran ancaq münaqişəyə son qoyulanda bitəcək.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video