06 Sentyabr 2022 01:00
696
Elm və texnika
A- A+

Elm, təhsil və istehsalat əlaqələrinin inteqrasiyası qlobal çağırışlar kontekstində

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli fərmanına əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılmışdır. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu nazirliyə həvalə edilmişdir. 
 

Fərman elm, təhsil və istehsalat vektoru üzrə inkişafın reallaşdırılması istiqamətində həyata keçirilən sistemli və ardıcıl siyasətin tərkib hissələri olan "Azərbaycan-2020: gələcəyə baxış inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", "Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" kimi dövlət proqramlarının məntiqi davamı ilə əlaqədar fəaliyyət perspektivlərinə hədəflənmişdır. 
Elm, təhsil və istehsalat vektoru üzrə inkişafın klassik anlayışına görə elm istehsalat tərəfindən müəyyənləşdirilmiş fundamental və tətbiqi problemlər və onların arasındakı əlaqələr üzrə tədqiqatlar aparır, nəticələri monoqrafiyalar, dərsliklər, məqalələr, konstruktiv-texnoloji işləmələr, yeni materiallar, kəşflər, ixtiralar, normativ materiallar və s. şəklində təhsilə və istehsalata ötürür. Təhsil bir tərəfdən, biliyin istifadəçisi, digər tərəfdən, yaradıcısı kimi elm və istehsalat üçün kadr hazırlığını həyata keçirir. İstehsalat isə elmin və təhsilin təklif etdiyi yeni texnika və texnologiyalar əsasında məhsul istehsal edir, elmin qarşısında fundamental və tətbiqi problemlər qoyur və təhsil sisteminin hazırladığı mütəxəssisləri işlə təmin edir. Bu baxımdan ölkə iqtisadiyyatının mövcud və perspektiv təhdidlərə qarşı dayanıqlı olması üçün elm, təhsil və istehsalat vektoru üzrə inteqrasiyanı davamlı iqtisadi inkişafın əsas resursuna çevirmək, istehsaledici bilikləri və innovasiyaları yeni məhsullara və texnologiyalara transformasiya etmək, ölkə üçün prioritet əhəmiyyət kəsb edən sahələrdə milli texnoloji platformalar formalaşdırmaq, yüksəkixtisaslı kadr hazırlığına diqqəti artırmaq yeni nazirliyin qarşısında duran əsas vəzifələrdir. 
Təcrübə göstərir ki, elm, təhsil siyasəti və menecmentinin müxtəlif mərkəzlərdən həyata keçirilməsi "fundamental tədqiqatlar, tətbiqi tədqiqatlar və sənaye istehsalı" siklinin komponentləri arasında əlaqələrin, nəticədə isə elm, təhsil simbiozundan yaranan sinerqetik effektin zəifləməsinə səbəb olur. Nəticədə elmi-tədqiqat sektorunun inkişaf tempi ölkə iqtisadiyyatının inkişaf tempindən geri qalır və sahibkarlığın yeni texnologiyalara olan ehtiyaclarına cavab vermir. 
Elm, təhsil və istehsalat əlaqələrinin vahid mərkəzdən idarə olunmasının yeni arxitekturasının formalaşdırılmasında texnoloji inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən istifadə etmək səmərəli olardı. Bu ölkələrdə son illər həyata keçirilən islahatlar həm elmin institusion təşkili və funksional formaları, həm də dövlət menecmenti stili üzrə xarakterikdir. Məsələn, ABŞ-da elm, təhsil və istehsalat əlaqələrinin inteqrasiyası məqsədilə aparıcı universitetlərin və sənaye şirkətlərinin elmi potensialları Kooperativ Tədqiqat mərkəzləri çərçivəsində konsentrasiya edilərək prioritet problemlərin həllinə yönəldilmişdir. Fransanın "Ali təhsil və elm haqqında" qanununda elm və təhsil birlikləri arasındakı əlaqələri daha da möhkəmləndirmək və müxtəlifləşdirmək, mütəxəssislərin ixtisas səviyyələrini və tədqiqatların keyfiyyətini yüksəltmək, tədqiqatların nəticələrini iş yerlərinə transformasiya etmək imkanı verən elm, təhsil və iqtisadiyyat əlaqələrinin hibrid modelinin yaradılmasına üstünlük verilmişdir. Almaniya, Böyük Britaniya və Yaponiyada isə fundamental elmi-tədqiqatların konkret nəticələrə istiqamətləndirilməsi trendi çərçivəsində elmə dövlət dəstəyinin yeni strukturu işlənmiş, elmi inkişafın maliyyə qaynaqlarının diversifikasiya mexanizmləri yaradılmış, elmə və işləmələrə yatırım edən müəssisələrə vergi stimullarının təkmilləşdirilməsi sistemi tətbiq olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, elmi-tədqiqatlara bank kreditləri, dövlət subsidiyaları və vergi kreditlərinin verilməsi, innovasion qrantlardan və intellektual mülkiyyətdən gələn gəlirlərin vergi ilə yüklənməsində əlavə güzəştlərin nəzərdə tutulması kimi stimullaşdırma formaları ölkəmiz üçün də xarakterik ola bilər. Qərb universitetləri, bir qayda olaraq, sənaye və texnoloji mühütlə sıx əlaqələri ilə fərqlənirlər. Məsələn, Almaniyada elm çoxplanlı struktura malikdir və əsas aksent elmi-tədqiqatların nəticələrinin praktiki reallaşdırılma alətlərinə yönəldilir. Böyük Britaniyada elmi-tədqiqatların ölkə iqtisadiyyatına yönəldilməsinin oturuşmuş modeli mövcuddur. Bu model universitetlərdə müvafiq strukturlar kompleksi - texnologiyaların transfert mərkəzləri, xüsusi dövlət fondları, texnoparklar və s. vasitəsilə fəaliyyət göstərir. Ali məktəb elminə investisiya yeni yaradılmış şirkətlərdən vergilər, yeni iş yerləri, perspektivli mütəxəssislər, sertifikasiya üçün hazır olan innovasion məhsullar və s. şəklində dövlət üçün də preferensiyalar yaradır.         
Texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə elm, təhsil və istehsalat əlaqələrinin inteqrasiyasında tədqiqat universitetlərinin, biznes-məktəblərin və tərəfdaşlıq proqramlarının tətbiqinə böyük önəm verilir. Tədqiqat universitetində tədqiqat və təhsil prosesləri sintez edilərək həm biliyə çevrilir, həm də texnoloji, iqtisadi və sosial innovasiyalar həyata keçirə bilən mütəxəssis formalaşdırılır. Bu universitetlərdə tələbə modeli iki aparıcı fəaliyyət sahəsini özündə əks etdirir - tədris və tədqiqat işi. Tələbə tədris prosesinin müxtəlif formalarında və elmi cəmiyyət mühitində reallaşdırılan proseslərdə (müsabiqə, konfrans, elmi jurnallarda çap, eksperimentlərin aparılması və s.) iştirak edir. Elm və təhsil proseslərində iştirak tələbədə çeviklik, digər mühitlərə asanlıqla adaptasiya olmaq, elmi cəmiyyətlər, xarici tərəfdaşlar, mərkəzlər və s. arasında qarşılıqlı fəaliyyət qurmaq kimi vacib kompetensiyalar formalaşdırır. Tədqiqat universitetlərində innovasion təhsil proqramlarının infrastrukturu yeni arxitektura üzrə qurulur. Universitet nəzdində elmi-innovasiya kompleksləri, elmi-tədqiqat və analitik mərkəzlər yaradılır, yüksək texnoloji avadanlıqlarla təminat və mütəxəssislərin məqsədli hazırlığı həyata keçirilir, məzunlara dəstək sistemi yaradılır və tədris prosesinə yüksəkixtisaslı tədqiqatçı mütəxəssislər cəlb edilir. 
Tədqiqat universitetlərində yeni texnologiyaların, tədqiqat və işləmələrin nəticələrinin kommersiyalaşmasını sürətləndirmək məqsədilə texnopark, texnoloji inkubator, startap və şəbəkə innovasiya strukturları kimi xüsusi statusa malik innovasion qurumlardan geniş istifadə olunur. Bu qəbildən olan fəaliyyət meydançalarında elmlə istehsalat arasında ümumi maraqlar formalaşır, təhsilin səviyyəsi yüksəlir və işçilərin yeni texnologiyalar üzrə təkmilləşdirilməsi həyata keçirilir. Tədqiqat universitetlərinin innovasion qurumları yeni texnologiyaların kommersiya reallaşdırılmasını həyata keçirir, gənc mütəxəssislər üçün yeni iş yerləri açır və yerləşdiyi məkanın sosial-iqtisadi həyatında aktiv fəaliyyət göstərir. Bu qurumlarda universitetin elm və təhsil xidmətləri və sosial aktivliyi ilə kiçik biznesin iqtisadiyyatı və rəqabət qabiliyyəti vahid bir arxitektura daxilində fəaliyyət göstərir. Vahid bir kompleksdə cəmlənmiş intellektual potensial və yüksək texnologiya tədqiqat universitetinin ümumi innovasiya strukturunu formalaşdırır. Biznes-məktəblərdə isə tələbələr əmək bazarı barəsində təsəvvür əldə edir, biznes-planların işlənməsində iştirakçı olur, kommersiya xüsusiyyətlərini inkişaf etdirir və sahibkarlıq fəaliyyəti üzrə təcrübə qazanırlar. Tərəfdaşlıq proqramları vasitəsilə universitetlərdə aparılan tədqiqatların maliyyələşdirliməsinə milli, bəzən də beynəlxalq biznes cəlb edilir. Tədqiqatların nəticələrindən istifadədə və istedadlı tələbələrin seçimində isə bu şirkətlərə üstünlük verilir. 
Avropa təcrübəsinə görə elm, təhsil və iqtisadiyyat sisteminin arxitekturasının açar xarakteristikalarını aşkarlıq və sadəlik təşkil edir. Aşkarlıq anlayışına görə, bütün yaş dərəcələrindəki insanların ali təhsil almaq imkanlarının olması, ömürboyu təhsilin stimullaşdırılması və elm, təhsil sisteminin ölkənin sosial-iqtisadi qurumları və beynəlxalq əməkdaşlıq üçün açıq olması əsas götürülür. Sadəlik anlayışı isə elm və təhsilin təşkilati strukturunun sadələşdirlməsini, sahələrarası baryerlərin aradan qaldırılmasını, təhsil, elm və istehsalat müəssisələri arasında əməkdaşlıq və koordinasiyanı nəzərdə tutur. Başqa sözlə desək, elm, təhsil və iqtisadiyyat əlaqələrinin yeni arxitekturası üç milli strategiyanın vahid maraqlar çərçivəsində reallaşdırılmasına istiqamətləndirilir. 
Avropa təcrübəsinə görə elm, təhsil və iqtisadiyyat proqramlarının operator funksiyası eyni vaxtda bir neçə təşkilata həvalə oluna bilər. Məsələn, təhsil və elmi-tədqiqatlar sahəsində operator funksiyasını Elm və Təhsil Nazirliyi ilə korporativ elmi-tədqiqat institutları, ekologiya və energetika sahəsində Ekologiya və Energetika nazirlikləri, sənaye klasterləri üzrə İqtisadi İnkişaf Nazirliyi və müvafiq investorlar operator funksiyalarını yerinə yetirə bilərlər. 
Azərbaycanda Avropa ölkələrindən fərqli olaraq elm siyasəti və menecmentində çoxqütblük mövcuddur: universitet elmi Təhsil Nazirliyindən, elmlər akademiyasının institutları Elmlər Akademiyasının Rəyasət Heyətindən, korporativ elm müvafiq nazirliklər və şirkətlər tərəfindən, elmin layihə prinsipi əsasında maliyələşdirilməsi Dövlət Elm Fondu tərəfindən, tələbə qəbulu Dövlət İmtahan Mərkəzindən, elmi adların və dərəcələrin verilməsi Ali Attestasiya Komissiyası tərəfindənt həyata keçirilir. Əlbəttə ki, Avropa ali təhsil məkanına inteqrasiyanı qarşısında məqsəd qoymuş elm və təhsl sisteminin idarə olunmasında bu dərəcədə qütbləşmə xarakterik hal sayıla bilməz. 
Bu kontekstdə cəmiyyətdə ən çox müzakirələrə səbəb olan məsələlərdən biri repititor-tam orta məktəb münasibətləridir. Universitetlərə hazırlıq həyata keçirən, valideyinlərin vəsaitləri hesabına maliyələşən və heç bir hüquqi əsası olmayan repetitorlar korpusu elmi, pedaqoji və hüquqi əsaslara söykənən, şagirdlərdə istedad və qabiliyyətin reallaşdırılması, onların müstəqil həyata və peşə seçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə hörmətlə yanaşması, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlamasına təminat verən tam orta məktəb qarşısında maneəyə çevrilmişdir. Yuxarıdakı xüsusiyyətlərin əsasən formalaşmasının həyata keçirildiyi 8-11-ci siniflərin şagirdlərinin əksəriyyəti məktəb əvəzinə repetitor hazırlığına üstünlük verirlər. Bu isə öz növbəsində tam orta məktəbin deqradasiyasına, dövlət vəsaitinin isə səmərəsiz sərfinə gətirib çıxarır. Elmi, pedaqoji, hüquqi əsaslara və dövlət dəstəyinə söykənən tam orta məktəb, hətta özəl məktəblər belə repetitor rəqabətinə davam gətirə bilmirlər. Cəmiyyəti narahat edən bu problem yeni nazirliyin qarşısında duran vacib məsələlərdəndir. 
Elm, təhsil və istehsalat əlaqələrində yüksək səmərəyə nail olunması üçün onun komponentlərinin inkişaf strategiyaları həmahəng olmalıdır. Bu gün milli elmin əsaslarını universitetlərin dövlətbüdcəli elmi-tədqiqat institutlarında, kafedralarda, elmi-tədqiqat laboratoriyalarında, magistratura və doktoranturada, Elmlər Akademiyasının institutlarında və sahə nazirliklərinin elmi müəssisələrində aparılan tədqiqatlar təşkil edir. Həmin qurumların tədqiqat istiqamətləri əsasən postsovet məkanı üçün səciyyəvi olan, çağdaş dövrün lokal və qlobal çağırışları ilə çox da səsləşməyən, sahibkarların ehtiyaclarına cavab verməyən, bilavasitə kafedralar, institutlar və ayrı-ayrı alimlərin elmi məktəbləri üçün səciyyəvi olan problemlərin həllinə yönəlmişdir. Halbuki ölkənin elm strategiyası iqtisadi və industrial modernləşməyə imkan verə biləcək elmi bazisin formalaşmasına yönəlməli, elmi tədqiqatların əsas problemləri ölkənin iqtisadi yüksəlişi üçün vacib olan çağırışlara istiqamətlənməlidir.
Ümumiyyətlə, elm, təhsil və iqtisadiyyat vektoru üzrə inkişafın milli strategiyasında elmi tədqiqatlar müasir cəmiyyətin qarşılaşdığı qlobal və lokal çağırışlara istiqamətləndirilməli, dövlət və biznes tərəfdaşlığı əsasında texnoloji inkişafın prioritet sahələri müəyyənləşdirliməli, sahibkarlıq fəaliyyəti və yüksək texnoloji kiçik şirkətlər stimullaşdırılmalı, tədqiqatlara və işləmələrə birbaşa xarici investisiyaların cəlb olunmasına diqqət artırılmalı və beləliklə, milli elm, təhsil və iqtisadiyyat ekosisteminin cazibədarlığı yüksəldilməlidir.
Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında iki arxiaktual məsələ durur: iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və milli təhlükəsizliyin dayanıqlı və davamlı təminatı. Bu baxımdan dövlət büdcənin formalaşmasında aparıcı rol oynayan neft-qaz sənayesinin və milli təhlükəsizliyin təminatçılarından olan hərbi-sənaye kompleksinin inkişafında yüksək texnoloji avadanlıqların və proqressiv texnologiyaların tətbiqinə diqqət artırılmalıdır. Təsadüfi deyil ki, Çin və Türkiyə kimi sürətli iqtisadi inkişaf nümayiş etdirən ölkələr artıq uzun müddətdir ki, yüksək texnoloji avadanlıqların istehsalında proqressiv texnologiyalar tətbiq edirlər. Bu mənada reversiv injinirinq, rəqəmsal surət (digital dublikat), rəqəmsal platforma, CALS texnologiyaları (Continuous Acquisition and Life cycle Support), additiv texnologiyalar, "yaşıl enerji", 7D və digər texnologiyalar ölkə iqtisadiyyatının inkişafı və şaxələnməsi baxımından geniş maraq doğurur. Elm və Təhsil Nazirliyi bu qəbildən olan innovativ sahələr üzrə tədqiqatların aparılmasına və mütəxəssis hazırlığının həyata keçirilməsinə xüsusi diqqət verməlidir. 
Bu gün elm, təhsil və istehsalat əlaqələrnin beynəlmiləlləşdirilməsinə böyük ehtiyac vardır. Ali təhsil həm də böyük perspektivli təhsil xidmətləri bazarıdır. Həmin bazarın genişləndirilməsi digər ölkələrlə qarşılıqlı sərfəli iqtisadi əməkdaşlığa, yeni informasiya mənbələrinin, texnoloji platformaların əldə edilməsinə və ölkə büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradardı. Ölkə universitetlərinin elmi-pedaqoji potensialının kifayət qədər yüksək olmasına baxmayaraq, elmi nəticələrin kapitallaşmasından gələn gəlir cüzidir, təhsil, elm və istehsalat müəssisələri arasında qarşılıqlı fəaliyyət lazımi səviyyədə formalaşmamışdır, yeni texnologiyalardan kifayət qədər istifadə edilmir. Bununla belə, nazirlik və universitet rəhbərlikləri ölkənin elmi-pedaqoji potensialının aparıcı qüvvəsini təşkil edən, mövcud elmi məktəblərin və təhsil proqramlarının yaradıcıları olan, beynəlxalq təcrübəyə malik, ölkə sərhədlərindən kənarlarda tanınan və qəbul edilən yaşlı nəsil alim və müəllimlərin əməyindən çox həvəslə imtina edirlər. Halbuki mövcud texnoloji durumun irəli sürdüyü trendlərə vaxtında və keyfiyyətli cavab verə bilmək üçün ölkənin elm və təhsil potensialı tam səfərbər olunmalı, yaşlı nəsil alim və müəllimlərin qabaqcıl təcrübələrinin orta və gənc nəslə ötürülmə müxanizmləri inkişaf etdirilməli, elm və təhsildə yaş senzi aradan götürülməlidir.
Texnoloji inkişaf kontekstində dövlətin elm və təhsil siyasətinin əsasında iqtisadi imperativin durması vətəndaşın təhsil və informasiya almaq hüququnun reallaşdırılmasına, öz peşə fəaliyyətindən ayrılmadan əsas və ya əlavə təhsil ala bilməsinə xidmət etməlidir. Ənənəvi təhsil formalarından fərqli olaraq təhsil alan biliyə qoğru deyil, bilik təhsil alana doğru istiqamətləndirilməlidir. Vətəndaşın iş yerini itirmədən elm və texnologiyanın ən son nailiyyətləri üzrə ödənişli əsaslarla təkmilləşmə, ixtisasartırma, ikinci ixtisasalma, fasiləsiz təhsil, ömürboyu təhsil, yaşlıların təhsili, onlayn repetitorluq kimi əlavə təhsil ala bilməsinə şərait yaradılmalıdır. Bu sahədə xarici ölkə universitetlərinin aktiv intervensiyası və güclü rəqabəti hiss olunur. Yerli universitetlərin hər bir bakalavr, magistrant, doktorant, mühəndis-texniki işçi uğrunda mübarizə aparması lazım gəlir. Pandemiya dövründə özünü təsdiq etmiş distant təhsil texnologiyalarının daha da inkişafına diqqətin artırılması vacibdir. Bu gün ABŞ-ın MİT Coursera Distant Təhsil Mərkəzi 24 milyon istifadəçini, 2000-dən çox proqramı və 160 ixtisaslaşma üzrə 149 təhsil müəssisəsini təmsil edir. Distant təhsil platformasında təhsil mühiti video və audio mühazirələrdən, elektron dərsliklərdən, interaktiv testlərdən, forumdan, tələbə-tədris materialları-müəllim arasında qarşılıqlı fəaliyyəti təmin edə bilən texnologiyalardan bəhrələnməlidir. Adətən, bu mühit özündə dörd təhsil məkanını birləşdirir: videoteka, mediateka, virtual laboratoriya və on-layn repetitorluq. Distant təhsilin ölkə miqyasında tətbiqi üçün onun hüquqi basası yaradılmalı, pedaqoji və psixoloji problemlərin həllinə, elektron tədris vasitələrinin yaradılmasına, asinxron tədris texnologiyalarının tətbiqinə, təhsil portallarından və multiagentli texnologiyalardan istifadəyə diqqət artırılmalıdır.     
Ölkədə dövlət himayəsinə ehtiyacı olan elm və təhsil müəssisələrinin sayı çoxdur. Bu da dövlət vəsaitlərinin qeyri-rasional bölgüsünə, elmin və təhsilin perspektiv istiqamətlərində maliyyə çatışmazlığına şərait yaradır. İri şirkətlər daxilində korporativ universitetlərin və elmi-tədqiqat müəssisələrinin yaradılması ilə bu problemin aradan qaldırılması mümkündür. Bu baxımdan SOCAR-ın nəzdində yaradılmış Ali Neft Məktəbinin qısa müddət ərzində ölkənin ən nüfuzlu ali məktəblərindən birinə çevrilməsi təcrübəsi xarakterikdir. Elmtutumlu texnologiyaların işlənməsində istifadə olunan laboratoriya və eksperimental avadanlıqların fiziki və mənəvi köhnəlməsi, yeni avadanlıqların isə yüksək dəyəri ali məktəblər arasında kollektiv istifadə mərkəzlərinin yaradılmasına diqqəti artırmalıdır. Klaster tipli regional və sahə strukturlarının yaradılması isə elm və təhsil qurumlarının ölkə ərazisində nizamla paylanmasına xidmət edə bilərdi.
Təhlilin nəticələri göstərir ki, dünya iqtisadiyyatını silkələyən qlobal istiləşmə, pandemiya, müharibələr, aparıcı dövlətlərin bir-birinə qarşı tətbiq etdikləri sanksiyalar və dünya bazarlarında kəskinləşən rəqabət yeni yüksək texnoloji məhsulların istehsalında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində intellektual kapitalı əsas aparıcı amilə çevirərək elm, təhsil və istehsalat əlaqələrinin inteqrsiyasına daha differensial yanaşma tələb edir. Bu baxımdan bir daha vurğulayaq ki, Elm və Təhsil Nazirliyinin yaradılması qlobal çağırışlar kontekstində vaxtında qəbul edilmiş qərardır.

Həsən HÜSEYNOV,
professor, Əməkdar elm xadimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video