26 Iyun 2022 02:31
300
CƏMİYYƏT

Əfsanəvi döyüşçü

 

Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin 44 günlük savaşda qəhrəmanlıqlarla dolu döyüş yolu

 

Neçə saat idi ki, göz-gözü görməyən dumanda bellərində ağır yük dayanmadan Murovun sıldırım qayaları ilə yuxarı dırmaşır, tez-tez ayaqlarının altından çıxan daş parçaları əks-səda verərək üzüaşağı diyirlənirdilər. Belə halda 34 nəfərlik dəstə üzvləri nəfəslərini içlərinə çəkib bir neçə saniyə sanki daş heykələ dönür, ətrafı dinləyib başqa bir səs gəlmədiyindən əmin olan kimi irəliləyir, bəzən dik və dar cığırlarla sürünə-sürünə yüksəklikdə yerləşən düşmən postuna çatmağa tələsirdilər...

Getdikcə hava açılırdı, bayaqdan bəri təbii pərdə çəkərək onları düşməndən gizlədən duman seyrəlirdi deyə, dəstənin önündə gedən Qəzənfər öz-özünə düşünməyə başladı ki, artıq aşkar olunmaları an məsələsidir...

Bu an elə ürəyinə dammış kimi sağ-sollarından güllələr şütüməyə başladı. Amma sanki onları Tanrının özü qoruyurdu, yorğun, yüngül silahlanmış, əlverişsiz mövqedə olsalar da, ölüm güllələri bu igidlərdən yan keçirdi. Düşmənə 30 illik qəzəblə silahlanmış Qəzənfərgilin hədəfi isə yayınmırdı. Elə buna görə idi ki, bir həmlədəcə mənfur düşmənin onlarca döyüşçüsünü məhv etmiş, digərləri isə qorxularından özlərini sıldırımlardan ataraq qaçmışdılar.

Həmin vaxt sevinc gözyaşları içərisində Azərbaycanın üçrəngli bayrağını Murov silsiləsində dalğalandıran azman döyüşçülər Murovdağ yüksəkliyini azad etdiklərini fəxarətlə komandanlığa məruzə etmişdilər.

Bu igid oğullar adlarını hərb tariximizə Vətən müharibəsi zamanı misilsiz şücaət göstərərək ilk azad edilən torpaqlarımızda bayrağımızı dalğalandıran qəhrəmanlar kimi qızıl hərflərlə həkk etmişdilər...

II Xüsusi Təyinatlı Kəşfiyyat qrupunun komandiri, Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan baş leytenant Qəzənfər Mahmud oğlu Ağayevin rəhbərliyi ilə çox qısa zaman ərzində icra edilən bu uğurlu tapşırıq zamanı nə itkimiz, nə də yaralımız olmuşdu...

 

Kəşfiyyatçı olmaq istəyirdi

 

1996-cı il oktyabr ayının 13-də Cəlilabad rayonunun Təklə kəndində anadan olan Qəzənfər ipə-sapa yatmaz, dəli-dolu bir uşaq kimi böyüyürdü. İdmanı çox sevir, məktəb illərindən həvəskar kimi boksla, peşəkar olaraq sərbəst güləşlə məşğul olurdu. Eyni zamanda dərslərini də yaxşı oxuyur, dəqiq elmləri, fizika, riyaziyyatı öyrənməyə xüsusi səy göstərirdi. Hələ uşaqlıq dövründən əksər oğlanlar kimi, Qəzənfərin də arzusu polis olmaq idi, amma televiziya verilişlərində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçılarını görüb çox həvəslənərək kəşfiyyatçı olmaq qərarına gəlir.

- Həyatda insanı çətinliklər daha çox cəlb edir. Hesab edirəm ki, dünyanın hər yerində hərbiyə həvəsi olanlar bu cür düşünür, amma bizi hərb sənətinə meyilləndirən həm də milli qürurumuz, düşməndən qisas almaq hissi idi.

Onu da deyim ki, hərbçi olub düşməni məhv etmək arzum idi, amma zaman keçdikcə  bu, bir məqsədə çevrildi. Düşünürəm ki, tək mən yox, bütün Azərbaycan gəncliyi eyni ruhda, eyni amalla böyüyürdü: bir gün mütləq düşməndən qisas alacağımıza and içmişdik.

 

Azərbaycan Ordusunun ən yenilməz silahı

 

Akademik Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbin məzunu olan Qəzənfər Ağayev arzularının arxasınca gedərək 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasında "qoşun kəşfiyyatı" ixtisası üzrə təhsil alır.

- Aprel döyüşləri zamanı akademiyanın III kursunda oxuyurduq. O zaman Qaraheybət Hərbi Təlim Mərkəzində təlimlər keçirdik. Xəbər tutduq ki, döyüş başlayıb, böyük coşqu, ruh yüksəkliyi ilə biz də savaşa can atdıq. Eşitmişdik ki, Birinci Qarabağ müharibəsində III kursda oxuyan kursantlar döyüşə leytenant kimi qatılmışdılar, biz isə israrla döyüşə əsgər kimi qatılmaq istəyimizi bəyan etdik. Lakin buna lüzum görmədilər.

Təhsil müəssisəsində bizə ilk təbliğ olunan o idi ki, general da Vətən üçün əsgərdir. Yəni komandir, əsgər anlayışı Azərbaycan Silahlı Qüvvələrində o qədər də önəm kəsb etmir. Bizdə əsas olan döyüş qardaşlığıdır.

Ulu Öndər Heydər Əliyevin təkcə adını yox, eyni zamanda vətəndaşlıq amallarını da özündə yaşadan Ali Hərbi Məktəbdə bu ruhda təhsil aldıq. Müharibədə isə döyüş qardaşlığımız daha yüksək zirvələrə daşındı.

2020-ci ildə Tovuz döyüşləri başlayanda zabit kimi "N" saylı hərbi hissədə xidməti fəaliyyətdə idim. Artıq iyun ayından etibarən ərazi çıxışlarında idik, çətin relyefli yerlərdə təlim keçirdik. Qəhrəman generalımız Polad Həşimovun şəhidlik xəbəri bütün heyətimizi o qədər dərindən sarsıtdı ki, qisas almaq üçün dərhal döyüşlərə qatılmaq istədik. Lakin o vaxt savaşda iştirak bizə qismət olmadı. Azərbaycan Ordusunun digər cəsur döyüşçüləri qısa zaman ərzində mənfurlara layiqli cavab verərək onları yerlərinə otuzdurdular.

Düşmənlə hər çarpışmada Azərbaycan Silahlı Qüvvələrinin onları əzib keçməsi təsadüfi xarakter daşımırdı. Bu qüdrətin arxasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir, nizami və güclü ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dururdu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və nəzarəti altında ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəldi, ordumuz ən müasir texnika və silahlarla təmin olundu, ölkəmizin hərbi sənaye kompleksi inkişaf etdirildi. Görülən işlərin nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığında və istənilən tapşırığı yerinə yetirmək əzmində oldu.

Azərbaycan Ordusunun ən yenilməz silahı isə bütün döyüşçülərində olan ruh yüksəkliyi, güclü vətənpərvərlik hissləri idi.

 

"Son gülləmiz, son nəfərimiz qalsa belə o tapşırıq icra olunmalı idi"

 

2020-ci il sentyabr ayının 23-də Qəzənfərin qız övladı dünyaya gəlmişdi. O, körpə Əsnanı sadəcə bir gün, sentyabrın 24-də xəstəxanadan evə çıxaran zaman görmüşdü. Səhərisi Cəlilabaddan Bakıya yollanmış, sentyabrın 26-sı axşamüstü isə evə gəldikdən yarım saat sonra düşmən tərəfində hərəkətlənmə müşahidə edildiyi üçün dərhal xidməti yerinə çağırılmışdı.

Müharibə bitəndən sonra həmin anları təhlil edəndə isə Qəzənfərin özünü belə heyrətə salan bir gerçəkliklə üz-üzə qalmışdı. Hər şey çox sürətlə baş vermişdi və döyüşə gedə biləcəyi ehtimalına görə o qədər ruh yüksəkliyi ilə yola düşmüşdü ki, bəlkə də bir daha övladını görə bilməyəcəyi qorxusunu belə hiss etməmişdi...

- Sentyabrın 27-də erməni təxribatına qarşı Murovdağ istiqamətində əks-hücum əməliyyatlarına qoşulduq. Murovdağın "3340" yüksəkliyində ermənilərin mövqelərinin arxasında bir postları yerləşirdi, oranı ələ keçirməli idik. II Xüsusi Təyinatlı Kəşfiyyat qrupu olaraq istiqamət üzrə hərəkətə başladıq. Bu bölük korpusun nəzdində olan 34 nəfərlik kəşfiyyat dəstəsi idi, mən də bölüyün qrup komandiri kimi tapşırıqları icra edirdim. İstehkamçılarımız keçid sahəsini açdı. Hava dumanlı və dağlıq ərazi olduğundan düşmənin bizi görməsi o qədər də ehtimal olunmurdu. İstiqamət üzrə irəliləməyə başladıq, getdiyimiz post yüksəklikdə olduğu üçün strateji əhəmiyyəti böyük idi. Buna görə də "son gülləmiz, son nəfərimiz qalsa belə o tapşırıq icra olunmalıdır" deyərək irəlilədik.

Düşmənin səni görmə ehtimalının basqısı altında, çox sıldırım yerlərlə hərəkət, həm də bunu taktiki gedişlərlə etmək çox çətindir. Buna baxmayaraq 8 saat dağlarla, sıldırımlarla yuxarılara qalxaraq sızma əməliyyatını uğurla yerinə yetirdik.

Artıq Murovdağın özündə yerləşən posta doğru irəliləyirdik, haradasa ora çatmağımıza 500-600 metr məsafə qalmışdı. Çox pis sıldırım olduğu üçün iki ayaq üstdə hərəkət etmək qeyri-mümkün idi, bəzən sürünüb irəliləyirdik. Qəfil düşmən bizi gördü. Bizdən erməni dilində cavab aldıqdan sonra onlar özlərininki olduğumuzu sanıb arxayın düşdülər. Posta bir az da yaxınlaşanda formamızın üzərindəki atributlarımızı gördülər. Xüsusi Təyinatlı Qüvvələrin hamısının forması eynidir, sadəcə onları üzərlərindəki bayraq, rəmzlər fərqləndirir. Onlar da üçrəngli bayrağımızı görüb dərhal atəş açmağa başladılar, amma biz daha cəld tərpəndik. 12 düşmən döyüşçüsünü məhv edərək bir həmlədəcə postu tutduq. Əlimizdən sağ qurtulan ermənilər isə özlərini sıldırımlardan ataraq vahimə ilə qaçdılar.

Onların solunda da, sağında da olan postlardan bizə atəş açmağa başladılar, amma sığınacaq tapıb özümüzü qoruduq. Yüksəkliyi ələ keçirəndən sonra komandanlığa məruzə edəndə əvvəlcə inanmadılar. Dedilər ki, "açın xəritəyə bir də baxın ki, həmləmizdə olan yer dəqiq oradırmı?!" Həqiqətən də, inanılası deyildi. Çünki çox qısa zamanda sızma əməliyyatı edəsən, dərinlikdəki postu götürəsən, üstəlik də, sağ qalasan, bu, möcüzə idi.

Beləliklə, işğal olunmuş ərazilərdə ilk qaldırılan bayraq Murov silsiləsinin Murovdağ yüksəkliyində oldu.

 

İlk işimiz qondarma rejimin bayrağını söküb ayaqlarımızın altına atmaq oldu

 

Qəzənfərgil Murovdağdakı yüksəkliyi düşməndən azad etsələr də, əsas tapşırıqları oranı qoruyub əldə saxlamaq idi. Çünki düşmən hər vəchlə o postu geri qaytarmağa çalışırdı...

- Onu da deyim ki, bu yüksəkliyə çıxdığımız 8 saat ərzində üzərimizdəki bütün ərzaq təminatı bitmişdi. Silahlı Qüvvələrimiz tərəfindən posta gələn yollar bağlandığı üçün ermənilərin də postda ərzaq təminatı yox idi.

Beləliklə, 4 günə yaxın ac-susuz o postun müdafiəsində durduq. Yanımızda olan tibbi sistemlərdəki sudan 34 nəfər qurtum-qurtum içdik, Murovun bizim tərəfdəki hissəsinə keçib yeməli otlardan tapıb yedik. Axşamlar o qədər soyuq olurdu ki, bir yerə yığışsaq da, bədənimizin hərarəti bizi isitmirdi. Səhəri titrəyə-titrəyə açırdıq, ancaq gün çıxanda qızınırdıq. Amma heç bir halda gücdən düşmürdük, hətta ermənilər bu müddət ərzində bir neçə dəfə posta hücuma cəhd etdilər, lakin uğursuzluğa düçar olub, itki verib geri çəkildilər.

Rabitə əlaqəsindən bilirdik ki, sağ-sol istiqamətində qüvvələrimiz hər gün irəliləyir. Xüsusilə də kiçik radioqəbuledicidən Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına torpaqlarımızın azad edilməsi müjdələrini çatdırmasını eşitdikcə özümüzdə qürur hissi keçirirdik. Bütün bu ali hisslərin qarşısında isə aclıq da, susuzluq da, erməni hücumu da aciz idi, çünki bizdə ruh yüksəkliyi yaranmışdı.

Düşmən bu postun üzərində bədnam rejiminin qondarma bayrağını dəmirdən düzəldib asmışdı. İlk işimiz bunu söküb ayağımızın altına atmaq oldu. Özümüz dəmirdən dirək düzəldib, ay-ulduzlu, üçrəngli müqəddəs bayrağımızı asdıq. Elə bundan 5-6 dəqiqə sonra bizi minaatan silahdan atəşə tutdular. Hər bir insanın içərisində qorxu hissi olur, amma o qorxunu idarə etmək əsl döyüşçüyə xas olan haldır. Biz də o anda, hətta ölüm qorxusuna belə qalib gələrək müqəddəs bayrağımızı endirmədik və bayrağımız Murovun zirvəsində hər dəfə dalğalanıb açıldıqca düşmənin bağrına ox kimi sancıldı.

Atəş nəticəsində gizir Natiq Verdiyev şəhid oldu. Onun ölümü bizi çox sarsıtdı. Natiqin qismətində Azərbaycanın ən uca zirvələrindən birində insanlığın ən uca zirvəsi olan şəhidliyə yetmək məqamı var imiş.

 

Yüngül çaplı silahlarla düşmənin yüksəklikdəki bütün canlı qüvvəsini məhv etdik

 

Oktyabrın 4-də Qəzənfərgil postu qüvvələrimizə təhvil verib dislokasiya məntəqəsinə dönürlər və bir gündən sonra növbəti tapşırıq alaraq Suqovuşan istiqamətinə yola düşürlər. Həmin zaman Talış kəndi və Suqovuşan yaşayış məntəqəsi azad olunsa da, ətraf ərazilərdə qızğın döyüşlər gedirdi. Suqovuşan yaşayış məntəqəsinin ərazisindəki əsas strateji yüksəkliklər hələ də ermənilərin əlində idi.

- Texnikadan istifadə etmədən bir neçə kilometr yolu piyada irəliləyərək dağlıq ərazidən sızma əməliyyatını yerinə yetirdik. Tapşırığımız Suqovuşanın "951" yüksəkliyini azad etmək idi. Həm Sərsəng su anbarı, həm də Ağdərəyə giriş üçün bu yüksəkliyin tutulması vacib idi. Biz o yüksəkliyə girmək üçün gecə yağışın altında gözlədik və səhər saat 7-8 radələrində hücuma keçdik. Amma qalxdığımız istiqamətdə erməni hərbçiləri bizi gördülər. Buna görə dərhal geri qayıdıb digər istiqamətdən, sərt dağ sıldırımı olan hissədən hücuma keçdik, hansı ki, düşmən bizi heç zaman o tərəfdən gözləmirdi. Yarım saatdan sonra yüksəkliyə çatdıq, orada 50-yə yaxın erməni var idi. Biz cəld tərpənərək yüngül çaplı silahlarla düşmənin bütün canlı qüvvəsini məhv etdik. Bizim cəmi 5 yaralımız oldu. Rabitə zamanı məlumat verildi ki, sağ-solumuzdakı düşmən qüvvələri artıq qaçır.

Hazırlaşırdıq ki növbəti zirvəyə qalxaq, yüksəkliyi snayper atəşinə tutdular. Həmin yüksəklik elə yer idi ki, bir istiqamətində düşmən yerləşmişdi, digər üç tərəfi isə açıqlıq idi. Yəni biz nə qədər gizlənsək də, aydın görünürdük, real hədəfdə idik. Snayperin arxasınca minaatan, tank atışı başladı və idarə olunan raketlərlə bizi hədəfə aldılar. Atışlar bitəndən sonra tutduğumuz mövqeyi nəzərdən keçirdim, lakin heç kim gözümə dəymədi. Bölük komandirimi, hərbi hissəmizin komandirinin müavinini çağırdım, amma cavab ala bilmədim...

 

"Gördüm ki, şəhid bildiyim heyətin çoxu orada məni gözləyir"

 

Bir tərəfdən tutduqları mövqeyi əldən vermək qorxusu, digər tərəfdən şəxsi heyətin şəhid olması Qəzənfəri dəhşətə gətirmişdi. Artıq düşmənə qarşı qəzəb və nifrəti o qədər artmışdı ki, geriyə dönməyi düşünməmiş və hərbi hissə ilə ratsiya vasitəsilə əlaqə saxlayıb demişdi ki, bacardığı qədər düşmənin üzərinə hücuma gedəcək.

- Düşmənə tərəf irəliləyərək əlimdəki avtomatla bayaqdan bizi atəşə tutub döyüş yoldaşlarımızı şəhid edən minaatanın üzərinə yeridik. Orada minaatanın 4 nəfərdən ibarət heyətini (2 atıcı, 2 mühafizəçi) məhv etdikdən sonra bir az da irəlilədik. Düşmən istiqamətində çox dərinə girmişdik, artıq ermənilərin özlərinin, itlərinin səsini lap yaxından eşidirdik. Sursatımız qurtarmışdı. Əlimizdə yalnız qumbara qalmışdı. Əsir düşməmək üçün silahdaşlarıma dedim ki, vəziyyət gərginləşsə, yığışıb özümüzü partladacağıq.

Gecə saat 11-12 radələrində öz mövqelərimizin yanına qayıtdıq və mənə verilən istiqamətə gedib gördüm ki, şəhid bildiyim heyətin çoxu orada məni gözləyir. Onlar atəşdən sağ qurtularaq geri dönmüşdülər. Sən demə, onlar da mənim ölüb-qalmağımdan xəbərsiz olublar.

Beləliklə, tapşırığımız uğurla yerinə yetirilmiş və həmin yüksəklik yeni qüvvələrimizə təhvil verilmişdi.

 

Zenit raket kompleksləri, toplar, əhəmiyyətli xəritələr ələ keçirdik

 

Daha sonra Qəzənfər Ağayev Xüsusi Təyinatlı Kəşfiyyat Bölüyünün bölük komandiri kimi Suqovuşan istiqamətində tapşırıqların icrasına başlayır.

- Koordinat verildi ki, bu istiqamət üzrə düşmən qruplaşması qeydə alınıb və onları məhv etmək lazımdır. Ermənilərin bu cinahda 2 alayı darmadağın edilmişdi deyə, onlar bizə qarşı pərakəndə halda döyüşürdülər.

Gecə saatlarında icra etdiyimiz tapşırıqlarla bir neçə düşmən qrupunu məhv etdik. Demək olar ki, oktyabrın 16-dan sonrakı dövrlərdə ancaq bu cür qruplaşmaları məhv edirdik, ələ keçirilən qənimətləri, silahları, lazımi məlumatları, xəritələri, rabitə əlaqələrini gətirib komandanlığa təhvil verirdik.

Bir dəfə isə tapşırıq gəldi ki, düşmənin Suqovuşan istiqamətində artilleriya batareyasını zərərsizləşdirmək lazımdır. Biz ora hücuma keçdik, ermənilər hər şeylərini atıb qaçdılar. Zenit raket kompleksləri, toplar, eyni zamanda əhəmiyyətli xəritələr ələ keçirdik. Həmin xəritələrdə qüvvələrimizin yerləşdiyi yerlər haqqında məlumatlar öz əksini tapmışdı. Buna görə qüvvələrimizin yenidən yerdəyişməsi baş verdi və bunun sayəsində itkilərimiz minimum oldu.

 

"Erməni snayper atıcısını tapança ilə güllələdim"

 

Qəzənfərgilin növbəti tapşırıqları Ağdərənin açarı hesab olunan "530" yüksəkliyini ələ keçirmək olur. Oranın ələ keçirilməsi Suqovuşandan Ağdərəyə texnikamızın, şəxsi heyətimizin irəliləməsini rahatlaşdıracaqdı...

- 20 nəfərə yaxın heyətlə Suqovuşan və Ağdərə istiqamətində olan 3 zirvəni asanlıqla ələ keçirdik. Artıq istiqamətimiz "530"-a idi. Həmin yüksəklikdə erməni xüsusi təyinatlıları yerləşmiş, amma bizim bundan xəbərimiz yox idi. Normalda bizi minaatanlar, artilleriya dəstəkləməli idi ki, o posta girə bilək, amma belə olmadı, həmin vaxt yalnız əlimizdəki pulemyot və qumbaraatanla kifayətlənməli olduq. Çox sürətlə düşmən postuna yaxınlaşdıq. Əlimdə avtomat və tapança var idi. Avtomatı döyüş yoldaşıma verib, özüm tapança ilə səngərə girdim. Orada iki erməni xüsusi təyinatlı snayper atıcısını tapança ilə güllələdim. Düşmən istiqamətinə baxanda gördük ki, bu postda yerləşən 10-15 nəfər erməni xüsusi təyinatlısı qaçır. Onlardan da ikisini yaraladıq. Bu tapşırıq da uğurla icra olundu.

Amma "530"-un mühafizəsi zamanı yaralandım. Döyüşlər müddətində tapşırıqlara gedəndə mərmi partlayışları nəticəsində çoxlu qəlpə yaraları almışdım, amma onlar yüngül idi. Lakin burada düşmən bizə idarəolunan raket atdı və o, yaxınlığıma düşdüyü üçün ciddi xəsarət aldım. Bir də gözümü hospitalda açdım. Amma bir gün hospitalda yatandan sonra yenidən döyüş tapşırıqlarını icra etməyə başladım.

Sonrakı tapşırıqlarımız aldatma manevrli, sırf düşmənin istiqamətini dəyişmək üçün oldu. Bu tapşırıqları da uğurla icra etdik. Bundan sonra düşmən səfərbər etdiyi  hərbi və  polis bölmələrini bizim istiqamət üzrə yığdı. Bu isə əsas istiqamət üzrə hücum bölmələrimizə əməliyyat üçün böyük imkan yaradırdı. Biz düşməni aldadıcı manevrlərlə üzərimizə çəkib məhv edirdik.

 

"Təbrik edirəm, qələbə bizimdir"

 

- Daha sonra Suqovuşan və Kəlbəcər istiqamətində yerləşən "854" yüksəkliyini azad etdik. Artıq planlaşdırdıq ki, Murovu keçərək Sərsəngə çataq və Ağdərə istiqamətində olan düşməni blokadada saxlayaq. Qarşıdan qış fəsli gəldiyinə görə onların təminat yolları da bağlanacaqdı və beləliklə, müharibəsiz təslim olacaqdılar. Elə bu plan üzrə də hərəkətə keçdik, amma noyabrın 10-na keçən gecə bizimlə əlaqə yaradıb dedilər ki, tapşırıq ləğv olundu, geri qayıdın.

Bir anlıq fikirləşdim ki, yəqin tapşırığı icra edə bilməyəcəyimizi düşünərək bu əmri veriblər. Bu cür hisslərlə kor-peşman komandanlıq heyətinin yanına gəldim. O zaman məni tapşırığa göndərən komandir gülə-gülə dedi ki, "Təbrik edirəm, qələbə bizimdir"...

Qulaqlarıma inanmadım, dərhal maşına oturub radionu açdım və gördüm ki, Ali Baş Komandan İlham Əliyev xalqımıza zəfər müjdəsi verir. Hönkür-hönkür ağladım. Gözyaşlarım həm qələbənin verdiyi qürur, sevinc hissi, həm də bu zəfəri çox arzulayıb görmək qisməti olmayan döyüş qardaşlarımızın, şəhidlərimizin hüznündən öz-özünə süzülürdü.

 

"Bundan sonra da Ali Baş Komandanın bütün əmrlərini canla-başla yerinə yetirməyə hazıram"

 

Qəzənfər deyir ki, hazırda səhhəti ilə əlaqədar müalicə alır, xidmətdən uzaqlaşıb, amma heç cür hərbidən ayrıla bilmir. O, bundan sonra da Ali Baş Komandanın əmrlərini canla-başla yerinə yetirməyə hazırdır.

- Möhtərəm Prezidentimiz tərəfindən ali təltifi - "Vətən Müharibəsi Qəhrəmanı" adını almağım isə elə böyük fəxrdir ki, onu sözlə ifadə etmək çətindir. Bu qəhrəmanlıq rəmzi mənim nəslim üçün onilliklər boyu iftixar mənbəyi olacaq.

Sadəcə ürəyimi sıxan bir qüssə var və buna görə övladımı da rahatlıqla qucağıma ala bilmirəm. Bizimlə çiyin-çiyinə döyüşüb canını Vətən uğrunda fəda edən şəhidlər gözlərim önünə gəlir. Onların geridə qalan övladlarını düşünüb sıxılıram. Bəzilərinə isə heç övladını görmək, qucağına almaq belə qismət olmadı.

Hesab edirəm ki, bu gün sağ-salamat ailəmin yanına dönməyim canlarını torpaq, xalq üçün qurban verən həmin vətənpərvər oğulların sayəsində olub.

 

Bir igidin izi ilə...

 

Qəzənfər adlı bir igidin izi ilə qarış-qarış gəzdik döyüş bölgəsini, neçə-neçə işğal altındakı ərazilərimizi azad etdik. Mənfur düşmənlə vuruşduq, çarpışdıq, onları məhvə, qarşımızdan qorxaqcasına qaçmağa məhkum etdik.

Bu igidlər yeri gələndə günlərlə ac-susuz, yorğun, yuxusuz oldu, saatlarla yağışın altında qaldı, uçurumlardan keçdi, ölümlə burun-buruna gəldi, amma bunların heç biri onları haqq yolundan çəkindirmədi...

Cəsur oğullarımız düşmənə qalib gəldi, qələbə çaldı...

O oğullar ki, ana torpağın harayına min yerdən hay verdilər, doğmalarından, övladlarından, hətta canlarından da keçdilər, sevda düyünüylə bağlandılar Vətənə...

Hərəsi bir qəhrəman oldu...

Qəzənfər Ağayev kimi...

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video