“Hər şey ötüb keçəcək... Bizə belə deyiblər, belə öyrədiblər. Ancaq köçməyən, əbədi qalan da olacaq. Daşlar, qayalar qalacaq. Xəzər qalacaq, Abşeronun xəzrisi, gilavarı qalacaq. Bir də... bir də ümid qalacaq, həyatı çiyinlərində gəzdirən ümid. Mənim doğma şəhərimdə xəzri qopanda onun vıyıltısına, fəryadına qulaq asın. Bu fəryadda mənim səbr etməkdən bezmiş səsimi eşidəcəksiniz...”
Yazıçı, tərcüməçi Ələviyyə Babayeva “Bəlkə sabah olmadı” adlı romanında bəhs etdiyi qədim, küləklər şəhəri Bakıda 1921-ci ildə dünyaya göz açıb. O, həyatın sərt üzünü, qəmini, qüssəsini uşaq ikən görüb. Ələviyyə xanımın üç yaşı olanda atası gəmi ilə İrana yollanıb və elə o gedən olub. Güman ediblər ki, atası üstündəki çoxlu pulun güdazına gedib, onu dünya malına görə öldürüblər. Gələcəyin yazıçısı atalığı Hənifənin adı ilə ata adlı, soyadı ilə soyadlı olub. Onu böyüdən atalığından doğmalıq görüb Ələviyyə Babayeva.
Kiçik yaşlarından zəkalı, hafizəliydi. Xoşuna gələn şeirləri bircə dəfə oxuyanda, ya da eşidəndə yadında qalırdı. Zaman keçdikcə sevdiyi əsərlərin müəlliflərinin adlarını da öyrənib. Onlardan biri də şair Mikayıl Müşfiq idi.
On-on bir yaşı olardı. Bir gün ömrü boyu unutmayacağı bir hadisə baş verdi. O vaxt nəşriyyatda işləyən, ədəbiyyat adamları ilə yaxın olan böyük dayısı Kəblə Əlisgəndər evdə qurduğu məclisə gənc bir şairi dəvət edib. Balaca Ələviyyə çay gətirərkən onların söhbətlərini dinləməyə çalışıb. Bunu hiss edən qonaq Kəblə Əlisgəndərdən Ələviyyəni soruşub. Onu çağırıblar. Qonaq xəbər alıb: “Ədəbiyyatı sevirsən?”. Ələviyyə Babayeva: “Bəli”, - deyib. Qonaq ondan hansı yazarı sevdiyini soruşub. Cavab verib ki, Mikayıl Müşfiqi. Qonaq təəccüblənib və soruşub: “Hansı şeirini sevirsən?”. Ələviyyə xanım Mikayıl Müşfiqin “Tənha ağac” şeirini əzbər söyləyib. Qonaq xəbər alıb ki, bu şeiri neçə günə əzbərləmisən? O da deyib: “Şeir xoşuma gəldi, bir dəfə oxuyan kimi əzbərlədim”. Ələviyyə Babayeva bilmirmiş ki, bayaqdan suallarına cavab verdiyi elə şeirlərini sevə-sevə oxuyub yaddaşına köçürdüyü Mikayıl Müşfiqdir.
Müşfiq Kəblə Əlisgəndərə söyləyib ki, bu qız şair olacaq. Sonralar Ələviyyə Babayeva deyərmiş ki, Müşfiq bir balaca səhv edib, mən şair yox, yazıçı oldum...
Ədəbiyyatı çox sevsə də, orta məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) verib. İnstituta qəbul olunub. Amma başa düşüb ki, tibb sahəsinə heç vaxt bağlana bilməyəcək. Üçüncü kursda oxuyanda Tibb İnstitutundan çıxıb. Bu dəfə sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə verib. Böyük Vətən müharibəsinin ağır illəri idi. Müəllim tapılmadığından, üçüncü kursda oxuyan Ələviyyə Babayeva ən yaxşı tələbə kimi dünya ədəbiyyatı fənnindən mühazirə oxuyub.
Ədəbi fəaliyyətə 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunan “İki həyat” adlı hekayəsi ilə başlayıb.
“Azərbaycan qadını” jurnalında məsul katib (1951-1973), “Gənclik” nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra isə baş redaktor (1976-1985) olub.
1951-ci ildə Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvlüyünə qəbul edilib. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü olub, tərcümə seksiyasına rəhbərlik edib. 1979-cu ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
Yazıçının “Tut ağacı”, “Adamlar və talelər”, “Haradasan dost, harada”, “Səni axtarıram”, “Əlvida”, “Mən tək deyiləm”, “Bəlkə sabah olmadı”, “Sönmüş ulduzların işığı”, “Son döngə”, “Dəli Sona”, “Küləyin tərkində”, “Yanar su”, “Rəngbərəng yuxular” və başqa kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
O, hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr də edib. A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı təpə” (1963), K. Paustovskinin “Oğru pişik” (1951), V.Q.Korolenkonun “Satın alınmış uşaqlar” (1962), Y.Sotnikin “Əcaib quş” (1964), V.Astafyevin “Ulduz xəzanı” (1970), Y.Çaruşinin “Nikitanın oyuncaqları” (1984) və başqa kitablar onun tərcüməsində kütləvi tirajla çap olunub.
Ələviyyə Babayeva yalnız özünəməxsus yazıçı üslubu, dəst-xəti ilə fərqlənməyib, həm də xarakteri, müstəqil düşüncə tərzi ilə bənzərsiz olub. O, öz düzlüyünü, ədalətsevərliyini, məğrurluğunu bir sıra əsərlərinin qəhrəmanlarının simasında da təsvir edib. Yazıçı məsuliyyəti, ədəbiyyata sevgi həyatının qayəsinə çevrilib. Bütün ömrünü sözə həsr edib. Bər-bəzəyi xoşlamayan, var-dövlətə uymayan yazıçının ən dəyərli sərvəti onu oxuculara tanıdan, doğmalaşdıran, sevdirən əsərləri olub.
Ələviyyə Babayeva da yorulmaq bilmədən, böyük həvəslə, sözə ehtiram və məsuliyyətlə müxtəlif janrlı əsərlər qələmə alıb. Onun iki hissəli “Səni axtarıram” romanı jurnalistlərin çətin həyatından bəhs edir. Yazıçı “Bəlkə sabah olmadı” romanını sevimli qardaşına - Xalq rəssamı Rasim Babayevə ithaf edib.
O, doxsan üç il ömür sürüb. Bu dünyanın vəfalısını da çox görüb, vəfasızını da. Həyatının son on ilində, ayaqları tutulanda ətrafında çox az qohumu, dostu, bir də kitabları qalıb. “Adamlar və talelər”, “Haradasan dost, harada”, “Küləyin tərkində”, “Bəlkə sabah olmadı” və başqa əsərləri ayrı-ayrı dillərə tərcümə olunaraq müəllifin əvəzinə dünyanı dolaşıb...
Ələviyyə Babayeva 2014-cü il sentyabrın 23-də ömrünü həmişəlik əsərlərinin ömrünə bağışlayaraq bu dünyadan köçüb...
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”