27 Sentyabr 2024 08:35
329
SİYASƏT
A- A+
Əbədi ehtiram ünvanı

Əbədi ehtiram ünvanı


Böyük Zəfər və Suverenlik təntənəsi şəhidlərimizin xatirəsinə ən böyük anım abidələridir


Ermənilər zamanla yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edərək havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımları törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsində - 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətdilər.

Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırır, qovurdular. Məqsəd həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq idi. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdi, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 

Cənubi Qafqazda gedən siyasi-hərbi prosesləri izləyən hər kəs keçmiş Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladığını çox yaxşı bilir. Həmin fəaliyyətin tərkib hissəsi olaraq, 1987-1989-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, onlardan 200-dən çox insan vəhşicəsinə qətlə yetirilmiş, 1000-dən çox insan isə yaralanmışdı.

Bu qırğın və təxribatların davamı olaraq 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirdilər. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 

Münaqişə gündən-günə daha da genişləndi və Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal olundu. Bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak oldu, 50 min nəfər isə əlil oldu. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşdü. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürüldü. 

Tarixən azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi və Ulu Öndərin 1998-ci il 26 mart tarixdə imzaladığı fərman ilə 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 

Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bu işğala və qəsbkarlığa biganə yanaşmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. İşğal dövründə mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. 

Münaqişənin nizamlanması üçün 1992-ci il 24 mart tarixdə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da uzun illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır.

Ötən dövr ərzində ermənilər təxribatları mütəmadi olaraq davam etdirmişlər. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayıcı və təxribatçı bəyanatlar vermişlər. Ermənistanın törətdiyi təxribatlar 2020-ci ilin yay aylarında xüsusilə geniş və davamlı xarakter almışdır. 

27 sentyabr 2020-ci ildə növbəti belə genişmiqyaslı təxribat cəhdinə əl atan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. 

Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri vermişdir. Erməni siyasi-hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkmədilər. Sentyabrın 27-də səhər saat 6:00 radələrində onlar növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladılar. Bu, artıq 30 ilə yaxın müddət ərzində səbirlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbir kasasını daşırdı. Rəşadətli ordumuz tərəfindən əks-həmlə ilə düşmən ordusu nəinki susduruldu, həm də işğalda olan bir sıra yaşayış məntəqələrinin erməni qəsbkarlarından azad edilməsi ölkəmizdə böyük coşqu ilə qarşılandı.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin davam etdiyi 44 gündə mənfur düşməni diz çökdürdü, tarixi Zəfər qazanaraq respublikamızın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Cənab Prezidentin Anım Günü ilə bağlı sərəncamında deyildiyi kimi: "Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir". 

 Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: "Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq". 

Azərbaycan hər zaman dünyada və regionda sülhün tərəfdarı olub. Azərbaycan dövləti bu mövqeyini bütün dünyaya açıq şəkildə nümayiş etdirir. Ermənistanla münasibətlərin normallaşması üçün təqdim etdiyi sülh təklifi Azərbaycanın mövqeyinin bariz nümunəsidir. 

Vətən müharibəsindən sonra Azərbaycan dövləti Qarabağda dövlətimizin milli suverenliyinin tam təmin olunması ilə bağlı təşəbbüslər göstərdi və bu prosesdə hər zaman humanizm mövqeyindən çıxış etdi. Lakin Ermənistan və onun arxasında dayanan dünya erməniliyi respublikamıza qarşı məkrli niyyətlərindən, ərazi iddialarından əl çəkmək istəmədilər və bununla da Azərbaycanın dövlət suverenliyinə qarşı çıxdılar. Eyni zamanda Ermənistan imzaladığı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq Qarabağdakı silahlı dəstələrini çıxarmadı. Mütəmadi olaraq hərbçilərimizə, mülki vətəndaşlarımıza qarşı terror təxribatları həyata keçirdi. Davamlı şəkildə Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah-sursat və minalar daşındı və bununla ermənilər Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq prosesinə mane olmağa çalışdılar. Qarabağdakı erməni separatçılarının 2023-cü il sentyabrın 19-da törətdikləri çoxsaylı terror hadisələrindən sonra təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, Qarabağda Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən antiterror əməliyyatı Azərbaycan dövlətinin növbəti tarixi zəfəri oldu. Azərbaycanın bütün xəbərdarlıqlarına baxmayaraq Qarabağda separatçılıqla məşğul olan erməni tör-töküntülərinə qarşı keçirilən antiterror əməliyyatı onların varlığına son qoydu və Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərində öz suverenliyini bərpa etdi. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis olunması ötən il Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir gün, əlamətdar tarix kimi təqvimə qovuşdu. Cənab Ali Baş Komandanın dediyi kimi: "Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".

44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, həm də erməni mifini məhv etdi. 


Arzu ABDULLAYEV,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub

11:24
27 Sentyabr

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

11:21
27 Sentyabr

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib

11:20
27 Sentyabr

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!