18 Sentyabr 2022 00:37
556
Mədəniyyət
A- A+

Dünyaşöhrətli azərbaycanlı


Dünyaya gəldiyi gün doğma xalqı, müstəqilliyi yolunda böyük mücadilələr etdiyi Azərbaycan üçün onun adı ilə əlamətdardır. 18 sentyabr məhz Üzeyir günüdür...

 

Azərbaycan mədəniyyətində yeni dövrün başlanğıcı

Üzeyir bəy Hacıbəyli 1885-ci ilin bu günü dünyaya göz açıb. Şuşada boya-başa çatıb. Bu şəhərin ab-havası, musiqi ilə, muğamla, poeziya ilə nəfəs alan mühiti balaca Üzeyir bəyin dünyagörüşünə böyük təsir göstərib. Kiçik yaşlarından Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, nəsildən-nəslə ötürdüyü mənəvi irsinə yalnız bələd olmayıb. Öyrəndikcə xalqının bu dəyərli milli mənəvi sərvətinə heyran qalıb.
İllər ötdükcə o, Azərbaycan xalq mahnılarının, muğamlarının bilicisi olub. Şuşanın musiqi mühiti Üzeyir bəyə Azərbaycanın zəngin mənəvi irsini dərindən mənimsəməklə, yaşatmaqla bərabər, həm də dövrlə ayaqlaşmağı öyrədib.
XIX əsrin sonlarında Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən "Məcnun Leylinin məzarı üstündə" adlı musiqili səhnəcik göstərilib. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) olub.
Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından götürülən, muğam musiqisi əsasında qurulan səhnəcikdə Məcnun rolunu Cabbar Qaryağdıoğlu ifa edib. On üç yaşlı Üzeyir bəy xanəndəni müşayiət edən oğlanlar xorunda çıxış edib. Sonralar Üzeyir bəy Hacıbəyli xatirələrində yazacaqdı: "Təxminən 1897-1898-ci illərdə... mən doğma şəhərim olan Şuşadakı həvəskar tamaşada "Məcnun Leylinin məzarı üzərində" səhnəsini gördüm; bu səhnə məni o qədər dərindən həyəcanlandırdı ki, ... mən opera yazmağa qərar verdim".
Tiflisdə, Qori Seminariyasında oxuduğu vaxt italyan operasına - Rossinin "Seviliya bərbəri"nə tamaşa edib. Tamaşa uşaqlıq xatirələrində dərin iz buraxan, heç zaman unutmadığı fikirlərini reallaşdırmağa onu daha da həvəsləndirib.
1907-ci ildə "Leyli və Məcnun" operasını yazıb. Operanın librettosunun müəllifi özü idi. Yalnız Azərbaycanın deyil, bütün Şərqin musiqi tarixində yeni səhifə açan operanın səhnəyə qoyulması üçün hazırlıqlara başlanılıb. Üzeyir bəy Hacıbəylinin evində və "İsmailiyyə" mehmanxanasında məşqlər keçirilib. Üzeyir bəyin yaxın dostu İmran Qasımovun təklifi ilə 1907-ci ilin son günlərindən isə operanın məşqləri Muxtarov, 115 ünvanında (keçmiş Persidskaya, 135) yerləşən Qasımovların böyük evinin üçüncü mərtəbəsindəki geniş zalda aparılıb. "Leyli və Məcnun" operasının ilk tamaşası 1908-ci il yanvarın 18-də Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında nümayiş olunub. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. Tamaşanın təəssüratları elə möhtəşəm olub ki, şəhərdə bu barədə günlərlə danışılıb. Yeni əsər və onun istedadlı müəllifindən Bakıda nəşr olunan mətbu orqanlarda da bəhs olunub.
Azərbaycan musiqi mədəniyyəti "Leyli və Məcnun"la yeni dövrə qədəm qoydu. Üzeyir bəy "Leyli və Məcnun"dan sonra musiqimizi "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm", "Harun və Leyla", "Koroğlu" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları, xalq calğı alətləri orkestri üçün iki fantaziya, çoxlu mahnılar, romanslar, kantatalar, orkestr, kamera-instrumental və digər ölməz əsərləri ilə zənginləşdirdi.

 

Dəyişən siyasi quruluşlar, dəyişməyən şəxsiyyət

Onun Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi XX əsrin ilk illərindən başlamışdı. 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyətinin qurucuları ilə çiyin-çiyinə dayandı. 1920-ci ildə bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bir çoxu kimi Üzeyir bəy Hacıbəylinin də həyatı üçün təhlükə yaransa da, Vətəni tərk etmədi. Bir müddət susdu. Sonra sovet hakimiyyətinin bütün ziddiyyətlərinə, danosbazların şərinə, təzyiqlərinə rəğmən, yaradıcılığını davam etdirdi. Ölməz əsərlərinin bir çoxunu da həmin gərgin illərdə yaratdı. Və Üzeyir bəyin təşkilatçlıq bacarığı ilə Azərbaycan musiqi sənəti inkişaf etdi. O, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru, (1928-1929, 1939-1948), Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-1948) oldu. Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi illərdə Üzeyir bəyin təşəbbüsü ilə Rusiyanın aparıcı şəhərlərindən - Moskva və Leninqraddan (indiki Sankt-Peterburq) görkəmli musiqiçilər, tanınmış pedaqoqlar, nüfuzlu professorlar dəvət edildilər. Həmin illərdə Azərbaycan musiqi sənətini Avropa səviyyəsinə bərabərləşdirən musiqiçilərimiz yetişirdi. Onların dərs aldıqları böyük pedaqoqların arasında Üzeyir bəy Hacıbəylinin yeri əvəzolunmaz idi. Yaradıcılığında milliliyi qoruyub saxlayan, Azərbaycan milli musiqisindən, muğamlarımızdan bəhrələnən Üzeyir bəy gənclərə xalq musiqisinin əsaslarından dərs deyirdi.
Üzeyir bəy Hacıbəyli istedadı olanların əlindən tuturdu, onların yaradıcılıq yollarında maneələrlə qarşılaşmalarına imkan vermirdi. Onun təməlini ənənələr üzərində qoyduğu, yeniliklərə, müasirliyə açıq Azərbaycan musiqisi ona görə parladı. Şöhrəti bütün dünyaya yayıldı. O dövrün Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Arif Məlikov və başqa istedadlı gəncləri musiqi sənətimizi yeni əsərlərlə zənginləşdirdilər.
Üzeyir bəyin böyük xidmətlərindən biri də müxtəlif musiqi kollektivləri yaratmaq istiqamətində gördüyü və uğur qazandığı işlər oldu.

 

Minnətdarlıqla anılan dahi ömrü

Üzeyir bəy Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin müəllifidir. O, "Professional Şərq musiqisinin atası" adlandırılır. Əsərlərinə bütün dünyada maraq və sevgi olan bəstəkarıın 100 illik yubileyi UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd edildi.
18 Sentyabrın Musiqi Günü kimi qeyd olunması ənənəsini görkəmli bəstəkarımız və drijorumuz maestro Niyazi qoydu. O, Üzeyir bəy Hacıbəylinin vəfatından sonra hər ilin 18 sentyabrını bayram kimi qeyd edirdi. Bu ənənə uzun illər davam etdi. 
1995-ci il sentyabrın 18-də dahi bəstəkarın anadan olmasının 110-cu ildönümündə Prezident Heydər Əliyev "Üzeyir musiqi gününün keçirilməsi haqqında" Fərman imzaladı. Fərmana uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir musiqi günü keçirilir.
Həmin gün dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, redaktor Üzeyir bəy Hacıbəylinin yalnız soydaşlarına deyil, bütün insanlara örnək olan altmış üç illik ömür yolu, çoxşaxəli və zəngin yaradıcılığı heyrətqarışıq minnətdarlıqla yenidən anılır...
 
Zöhrə  FƏRƏCOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video