05 May 2022 01:05
2277
SİYASƏT
A- A+

Dünyanın ən böyük azərbaycanlısı

 

Bu gün Azərbaycan xalqı haqlı olaraq qalib, güclü və nüfuzlu dövləti ilə fəxr edir. Çünki hazırda Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır, ardıcıl və möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, hadisələrin fövqündə dayanmaqla tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirən böyük siyasi liderlər ölkəsinin ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Müəyyən zaman kəsiyində tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait bu şəxsiyyətlərin nəyə qadir olduğunu üzə çıxarır. Belə taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider daim öz cəsarəti, çevik və prinsipial qərarları, ən çətin vəziyyətlərdən optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Dünya tarixini, bəşər sivilizasiyasını yaradan ən mühüm amil də qədim dövrlərdən bəri öz xalqına, millətinə, ümumiyyətlə, bəşəriyyətə xidmət edən dahilərin ideyaları və əməlləri ilə bağlı olmuşdur. Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təcrübəsi də bu nəzəri fikri və praktik reallığı birmənalı şəkildə təsdiqləyir.

Ulu Öndər Heydər Əliyev məhz belə liderlərdən biri kimi daim ehtiramla anılır.  Xalqımız minilliklər boyu qazandığı möhtəşəm nailiyyətləri, tarixi dövlətçilik ənənələrini məhz Ümummilli Liderin hakimiyyəti dövründə təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını və özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.

Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.

Azərbaycana birinci rəhbərliyi dövründə milli mənafelərə xidmət edən çoxşaxəli addımları ilə xalqın istiqlal və azadlıq duyğularının gerçəkləşməsinə real siyasi-hüquqi və iqtisadi zəmin hazırlamış Ümummilli Lider respublikamızı müstəqilliyə qovuşduran mürəkkəb ictimai-siyasi proseslərin də mərkəzində olmuşdur. 1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı uçurumdan xilas edərək zirvəyə yüksəltmişdir. O, böyük öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır.

Bu gün Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edərkən onun xilaskarlıq missiyasının tarixi əhəmiyyətinə və siyasi-fəlsəfi məzmununa xüsusi diqqət yetirilir. Daha dəqiq desək, bir çox tədqiqat əsərlərində, fundamental elmi-konseptual mənbələrdə Heydər Əliyevin liderlik fenomenindən bəhs edərkən xilaskarlıq missiyası xüsusi araşdırma predmetinə çevrilir. Çünki Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını böyük fəlakətlərdən xilas etmiş, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Tarixə xronoloji ardıcıllıqla yanaşsaq görərik ki, xalqın Ulu Öndərə olan inam və etimadı onun respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsinə zərurət yaratmışdı. Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikamıza rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Ümummilli Lider Heydər Əliyev bunu nəzərə alaraq Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı.

1993-cü il oktyabr ayının 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin həyatında yeni dövrün əsası qoyulmuşdur. Ümummilli Lider ölkəmizin inkişaf istiqamətlərini dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirmiş və Azərbaycanın təhlükəsizlik və inkişaf məkanına çevrilməsini təmin etmişdir.

Heydər Əliyevin prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətlənmişdir. Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı olmuşdur. Qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Milli inkişaf strategiyasının nəzəri-praktik əsaslarının formalaşdırılması və praktik şəkildə tətbiqi də məhz Ulu Öndərin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onun həyata keçirilməsinə nail olmuşdur. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanı bütün dünya üçün önəmli mərkəzə çevirmişdir. Bu hadisə Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasına, müstəqilliyimizin əbədiliyinə, respublikamızda demokratik proseslərin inkişafına əsas yaradan amilləri daha da möhkəmləndirmişdir.

Ulu Öndər uzunmüddətli hədəflər müəyyənləşdirmişdir. Bütövlükdə regionun geosiyasi xəritəsini yenidən cızmış, bura çox güclü iqtisadi amillər əlavə etmişdir. Cənubi Qafqazın Böyük İpək yolunda çox mühüm strateji məntəqə olmaq imkanını, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında nəqliyyat dəhlizi rolunu oynamaq şansını reallığa çevirmişdir. Bütün bunlar öz-özünə və qısa bir zamanda baş verməmişdir. Azərbaycanın son onilliklərdə əldə etdiyi nailiyyətlərin hər biri strateji baxımdan bir-birini tamamlayır. Onların hərəsinin tarixi zəfərimizdə böyük payı var. "Əsrin müqaviləsi" də, Böyük İpək yolunun bərpası strategiyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də, bir-birini əvəz edən neçə-neçə beynəlxalq neft-qaz müqavilələri də böyük müdrikliklə düşünülmüş və bu gün Azərbaycan Respublikası Prezidentinin əzmlə, qətiyyətlə yerinə yetirdiyi vahid strateji planın ayrı-ayrı hissələridir.

Çox mühüm məqamlardan biri də budur ki, Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xüsusi əhəmiyyət vermişdir. Həm SSRİ dövründə, həm də müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji hədəflərə çatmaq üçün kadr potensialının formalaşdırılması və digər istiqamətlərdə Ulu Öndər tərəfindən mühüm addımlar atılmışdır. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən milli siyasət xalqımızın həmrəyliyini təmin etmiş və gücləndirmiş, istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid milli məfkurə olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişdir. Özündə Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət, gənc nəslin vətənpərvərlik ideyası əsasında və milli ruhda yetişməsi kimi prinsipləri ehtiva edən azərbaycançılıq milli həmrəyliyimizin ideoloji əsasına çevrilmişdir. Bu ideologiyanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqların mənafeyinin və hüquqlarının qorunması onun milli həmrəylik mənbəyinə çevrilməsini şərtləndirmişdir.

Heydər Əliyev qətiyyət və böyük şəxsiyyət deməkdir. O, Azərbaycan xalqını syasi, iqtisadi, mədəni və mənəvi cəhətdən daha yüksəkliyə qaldırdı. Ulu Öndərin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr eyni zamanda Azərbaycanı böyük zəfərə aparan yolun başlanğıcı olmuşdur. Müdrik dövlət xadimi Heydər Əliyev o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlanılmışdır. Böyük siyasətin sirlərinə dərindən bələd olan Ümummilli Lider bilirdi ki, torpaqların işğaldan azad olunması - tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün güclü dövlət konsepsiyasını reallaşdırmaq lazımdır. Bunun üçün isə strateji hədəfləri dəqiq müəyyənləşdirmək, xüsusi olaraq bir neçə istiqamətdə milli məqsədləri gerçəkləşdirmək gərəkdir.

Bunlardan biri və birincisi ilk növbədə ölkə daxilində sabitlik və təhlükəsizlik mühitinin təmin olunması idi. Ümummilli Lider həm daxili siyasətdə mühüm tədbirlər həyata keçirməklə, həm də Azərbaycanın dövlətçilik mənafeyini beynəlxalq miqyasda strateji maraqlarla dəqiq uzlaşdırmaqla buna nail oldu. Paralel olaraq mütərəqqi iqtisadi inkişaf strategiyasının hazırlanması və uğurla tətbiq edilməsi də Azərbaycanın milli gücünün artırılmasında və hədəfə doğru inamla irəliləməsində mühüm rol oynadı. Bu kontekstdə "Əsrin müqaviləsi"nin imzalanması, beynəlxalq əməkdaşlıq platformasının yaradılması, xarici tərəfdaşlarla iqtisadi münasibətlərin təməlinin atılması və digər addımlar da xüsusi vurğulanmalıdır. Uğurlu ordu quruculuğunun həyata keçirilməsi də böyük zəfərə gedən yolda xüsusi əhəmiyyət kəsb edən işlərdən biridir. Digər tərəfdən, Ümummilli Liderin beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul edilməsinə nail olması da ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, diplomatik müstəvidə üstünlük qazanmasına xidmət göstərdi.

Nəticə etibarilə Ulu Öndərin əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməsi ilə qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yolun əsası qoyulmuşdur. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir.

Bunlarla yanaşı, siyasi varisliyin təmin olunması Heydər Əliyev irsinin parlaq təzahürü - Azərbaycanın dövlətçilik tarixinin müstəsna siyasi hadisələrindəndir. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə, zirvələrə daşıyacaq lider yetişdirməklə, dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərmişdir.

2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Heydər Əliyev müdrik şəxsiyyət idi və dediyi sözlərdə nə qədər böyük həqiqətin və hikmətin olduğu 2003-cü ildən sonra Azərbaycanda gedən inkişaf proseslərində özünü göstərdi. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu və inkişaf strategiyasını inamla, layiqincə davam etdirdi, onları dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirdi.

Ulu Öndərin inamı, xalqın böyük etimadı özünü tam doğrultmuşdur. Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlamışdır.

Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai və siyasi qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə bütün dünyada maraqla öyrənilən, yüksək dəyərləndirilən strateji model kimi xarakterizə olunur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 19 il ərzində bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik nailiyyətlər əldə olunmuş, respublikamızın sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq yüksəlmiş, beynəlxalq nüfuzu artmışdır. Dövlət başçısının müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşmış, bölgələrin davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin edilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına xidmət edən kompleks xarakterli islahatlar kursuna start verilmişdir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir.

Digər tərəfdən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət kursu və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın dünya miqyasında nüfuzu güclənmişdir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınmışdır. Respublikamız ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynamış, bu istiqamətdə əhəmiyyətli təşəbbüslər irəli sürmüş və sistemli fəaliyyət göstərmiş, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr vermişdir. Bununla yanaşı, bir zamanlar xəyal kimi görünən nəhəng enerji-nəqliyyat və infrastruktur layihələri dövlətimizin təşəbbüsü və liderliyi ilə reallaşdırılmış, Azərbaycan regional güc mərkəzinə və Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan dünyada təkcə davamlı və dayanıqlı inkişaf yolu tutan müasir, demokratik ölkə kimi, tolerantlıq nümunəsi və multikulturalizm diyarı olaraq tanınmır. Ötən əsrin sonunda müstəqilliyini bərpa etmiş respublikamız, eyni zamanda öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmiş, müsbət beynəlxalq imicə sahib və müasir dünya siyasətinin nüfuz iyerarxiyasında mütəmadi yüksəlişə malik nümunəvi dövlət olaraq səciyyələndirilir.

Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli, ardıcıl və məqsədyönlü fəaliyyəti ölkəmizin dayanıqlı inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, respublikamızın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə və müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin əldə olunmasına müstəsna töhfədir. Xüsusilə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderin zəngin irsinin araşdırılmasında və bu irsin xalqımızın mənəvi sərvəti kimi gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu, həm Heydər Əliyev fenomeninin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əvəzolunmaz yerinin və rolunun daha dərindən öyrənilməsi, həm də müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun siyasi, iqtisadi, mədəni, humanitar, tarixi aspektlərinin fundamental səviyyədə tədqiq olunması baxımından xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun fəaliyyəti olduqca genişmiqyaslı və dərinməzmunludur, ictimai həyatın bütün sahələrini əhatə edir, eyni zamanda Azərbaycanın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır. Bütövlükdə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr milli məqsədlərin və strateji hədəflərin gerçəkləşdirilməsini təmin edir.

  Prezident İlham Əliyev yürütdüyü siyasətlə, Azərbaycanı inkişaf yoluna çıxarmaqla həm də Heydər Əliyevin ən böyük arzusunun reallaşması üçün tarixi şərait formalaşdırdı. Heydər Əliyevin ən böyük arzusu isə torpaqlarımızı azad görmək, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması idi.  

30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış torpaqlarımızın şərəfli milli mübarizə, haqq-ədalət mücadiləsi nəticəsində əsarətdən xilas edilməsi, tarixi ədalətin bərpası və ölkəmizin ərazi bütövlüyünün təmin olunması Heydər Əliyev siyasətinin təntənəsidir. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail olmuşdur.

Əlbəttə, bu zəfər salnaməsinin yaradılması, mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda çox böyük hadisədir. Biz qürur duyuruq ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını göstərən çox mühüm faktdır. Eyni zamanda xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir.

Prezident İlham Əliyevin inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin edilmiş, ölkənin maliyyə imkanları genişlənmişdir. Yəni güclü iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf Azərbaycanı tarixi zəfərə aparan çox mühüm və həlledici amillərdən biri olmuşdur. İqtisadi müstəqilliyin və milli inkişafın təmin olunmasına paralel olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında-hərb səhnəsində təmin etməsini mümkünləşdirmişdir.

Nəticə etibarilə, milli maraqlara əsaslanan xarici siyasət kursunun, güclü iqtisadiyyat və ordu quruculuğunun həyata keçirilməsi, həmrəyliyin, xalq-lider birliyinin təmin olunması və Azərbaycanın imkanlarının milli hədəflər uğrunda məqsədyönlü şəkildə səfərbər olunması nəticəsində qazanılan böyük qələbə ölkəmizi yeni strateji nailiyyətlərə və zirvələrə aparır.

Bu gün Azərbaycan Vətən müharibəsindəki tarixi qələbəsi ilə regionda yeni reallıqlar yaradıb. Geniş kommunikasiya imkanları, hər kəsin faydasına olan əməkdaşlıq şəraiti bu reallıqların mühüm məqamlarıdır. Azərbaycan sülh, əməkdaşlıq prinsiplərinə sadiqlik göstərir. Bütün bunlar regionda özünü gələcəkdə əsl müstəqil dövlət kimi görmək istəyən, öz taleyinə qərar vermək barədə düşünməli olan istənilən ölkə üçün çox mühüm çağırışlardır. Azərbaycanın bu çağırışları Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq həyata keçirdiyi dövlət quruculuğu təcrübəsinə əsaslanır. Ümummilli Liderin beynəlxalq siyasət müstəvisində atdığı bütün addımlar təkcə münaqişənin ədalətli həllinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına deyil, ümumiyyətlə, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, onun dönməzliyinin bütün dövrlər üçün təmin olunmasına yönəldilmişdi.

Bir dövlətin müstəqilliyi təbii ki, siyasi müstəqillikdən, sərhədlərin toxunulmazlığından daha geniş məfhumdur. Azərbaycan qısa bir zamanda siyasi müstəqilliyini təmin etmiş və bunu iqtisadi müstəqilliyi ilə daha da möhkəmləndirmişdir. Bütün bunlar isə Azərbaycanın milli tərəqqisində yeni mərhələnin başlanmasıdır. Olkəmiz öz inkişaf yoluna əzmlə davam edir, müstəqil inkişaf tarixinin yeni mərhələlərini yaradır.

Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq-bərpa işləri aparır. Bu prosesdə Ulu Öndərin adını daşıyan, böyük dövlət adamının mənəvi irsini yaşadan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond işğaldan azad olan yurdlarımızdakı tarixi abidələrimizi həyata qaytarır, mədəniyyət incilərimizi yenidən bəşəriyyətə bəxş edir. Heydər Əliyev ideyaları yaşayır və xalqımıza gələcəyə doğru aydın yol göstərir.

Prezident İlham Əliyev bütün bu məsələlərin həll olunmasında güclü iradə nümayiş etdirir, qətiyyətli mövqe sərgiləyir. Reallıqlar və proseslər isə Azərbaycanın öz strateji hədəflərini addım-addım gerçəkləşdirir. Bir sözlə, Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan inkişaf yolunda möhkəm addımlarla, inamla, əzmlə və qətiyyətlə irəliləyir.

 

Asif ƏSGƏROV,

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video