07 Avqust 2022 00:13
455
DÜNYA
A- A+

Dünya qlobal istiləşmə ilə bacarmır

 

İnsan tələfatı və yanğınların artması vəziyyətin daha da kəskinləşəcəyi proqnozunu doğruldur

 

Qlobal iqlim dəyişikliyi son aylarda dünyanın əksər ölkələrində ağır faciələrə səbəb olur. Xüsusən də Avropadakı anomal istilər ciddi fəsadlar yaradır. Mütəxəssislər dünyanın yeni klimatik (havaya bağlı yüksək stres) normalara keçdiyini deyərək, bir neçə ilə anomal istilərin daha da kəskinləşəcəyini söyləyirlər. Onların fikrincə, hava normaları artıq 20-30 il əvvəlki kimi deyil, Yer kürəsi indi daha isti klimata keçib.

 

İstilər ötən ay İspaniyada 2064, Portuqaliyada 1065 nəfərin həyatına son qoyub

 

İqlim dəyişikliyinin yaratdığı fəsadlar Avropa ölkələrinin rəhbərliyini müvafiq tədbirlər görməyə məcbur edib. Buna səbəb insan tələfatı və güclü yanğınlardır.

Məsələn, ötən ay İspaniyada anomal istilər 2064 nəfərin ölümünə səbəb olub. Keçən ilin iyulunda analoji səbəblə ölənlərin sayı bundan 4 dəfə az idi. Bu ilin iyul ayında İspaniyada orta temperatur 38-40 dərəcəyə çatıb. Dünyasını dəyişənlərdən 1321 nəfərin yaşı 85-dən yuxarı, 470 nəfər 75-84 yaş, 176 nəfər 65-74 yaş, 83 nəfər isə 45-64 yaş aralığındadır. Təəssüf ki, 14 yaşına qədər 10 uşaq da anomal istilər səbəbindən ölüb. Ən yüksək ölüm göstəricisi 18-19 iyul tarixlərində qeydə alınıb. Həmin tarixlərdə 184 nəfər dünyasını dəyişib.

Rusiyada avqust ayında son 100 ilin anomal istiləri gözlənilir. Ölkənin 15-dən çox bölgəsində hava temperaturunun 32 dərəcədən yuxarı olacağı təxmin edilir. Bu, Rusiya üçün yay normasından 5-8 dərəcə yüksəkdir. Hətta soyuq Yakutiyada da bu yay isti keçir, temperatur 25 dərəcədir. Metereoloqlar artıq bununla bağlı dövlət qurumlarına və əhaliyə xəbərdarlıq ediblər.

Anomal istilərdən ciddi əziyyət çəkən digər bir ölkə isə Portuqaliyadır. Portuqaliya Dəniz və Atmosfer İnstitutunun məlumatına görə, ölkədə havanın temperaturu yüksək yanğın riski səviyyəsindədir. Ötən ay ölkədə isitlərdən 1065 nəfər dünyasını dəyişib. Ölkənin bəzi bölgələrində temperaturun 40 dərəcədən çox olduğu, ölkə ərazilərinin 80 faizində quraqlıq hökm sürdüyü, 13 fərqli bölgədə yanğınların baş verdiyi, bir çox yaşayış məntəqəsinin alov təhlükəsi altında olduğu bildirilir.

Mütəxəssislər avqust ayında temperatur dərəcəsinin yüksək həddə çatması ilə əlaqədar daha çox ölüm hallarının qeydə alınacağını ehtimal edirlər.

Çinin meteorologiya xidməti ölkə ərazisinin təxminən yarısında güclü istilərlə əlaqədar yüksək təhlükə səviyyəsi elan edib. Ölkə üçün anomal istilər cənubda, mərkəzi və şərqi regionlarda qeydə alınıb. Bundan əlavə, ölkənin şimalındakı Şensi əyalətində də isti hava şəraiti davam edir. Yüksək temperaturun davam etdiyi yerlərdə sakinlərə açıq havada işləməmək tövsiyə olunub. Hidrometeoroloqlar Çinin cənub-qərbindəki Çuntsin şəhərində temperaturun 40 dərəcəyədək yüksələcəyini proqnozlaşdırırlar.

 

Bir ay Azərbaycanda 43 nəfər günvurmadan xəstəxanalıq olub

 

İstilər Azərbaycanda da özünü göstərir. Hətta bəzi günlərdə temperatur 40 dərəcəyədək yüksəlib. Bununla əlaqədar günvurmaların sayında artım müşahidə olunub.

TƏBİB-dən qəzetimizə verilən məlumata görə, iyunun 1-dən avqustun 2-dək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma səbəbi ilə 43 çağırış daxil olub. Xəstələrdən 23 nəfəri hospitalizasiya edilib, 20 nəfərə isə yerində yardım göstərilib. Müraciət edənlərdən 30-u böyük, 13-ü uşaq, hospitalizasiya olunanlardan isə 16 nəfəri böyük, 7 nəfəri uşaqdır.

Yay mövsümü ilə əlaqədar önümüzdəki həftələrdə istilərin davam edəcəyi düşünülsə də, meteoroloqlar avqust ayı ərzində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağını söyləyirlər.

 

Günvurmalardan necə qorunmaq olar

 

Anomal istilər zamanı insanlar arasında günvurma hallarında da artım müşahidə olunur. Yüksək temperatur yaşlılar, uşaqlar və xəstələr üçün daha təhlükəlidir. İnsan orqanizminin həddindən artıq qızması nəticəsində qan damarları genişlənir və beynə güclü qan axını baş verir. İlkin müdaxilə olaraq mütləq bədənin temperaturu aşağı salınmalı, sərin su içilməli, soyuq kompres və ya vanna qəbul edilməlidir.

Anomal istilər zamanı Günəş altında iş görən şəxslərin fəaliyyətlərinin dayandırılması vacibdir. Küçəyə çıxarkən isə gündən qorunmaq üçün baş örtüklərindən istifadə etmək və ya çətir götürmək lazımdır.

Yay aylarında maye qəbuluna xüsusilə diqqət yetirmək lazımdır. Bundan əlavə, ət və xəmir yeməklərindən də uzaq durulmalı, əsasən mövsümün meyvə və tərəvəzlərinə üstünlük verilməlidir.

Yay fəslinin qızmar günlərinin hələ qarşıda olduğunu nəzərə alsaq, günvurma hallarının sayının artacağı istisna edilmir. Odur ki, isti günlərdə insanlar ən çox kölgəli yerlərdə olmağa, çoxlu maye qəbul etməyə üstünlük verməlidirlər.

 

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video