13 May 2022 00:20
889
DÜNYA
A- A+

Dünya qlobal enerji böhranı ilə üz-üzədir

 

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu prosesi getdikcə daha da dərinləşdirəcək

 

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol bildirib ki, dünya ictimaiyyəti ilk qlobal enerji böhranı ilə üz-üzədir. Rusiya dünyanın ən böyük neft və təbii qaz tədarükçüsü olduğu üçün ona qarşı tətbiq edilən sanksiyalar, eləcə də Kremlin siyasi qərarları dünya energetikasına böyük təsir göstərir.

"Biz ilk qlobal enerji böhranının ortasındayıq. 1970-ci illərdə də böyük iqtisadi və inflyasiya nəticələri olan neft böhranı gördük. Amma bu, yalnız neftə aid idi", - deyə Birol Vyanaya səfəri zamanı keçirdiyi brifinqdə bildirib. O, əlavə edib ki, növbəti bir neçə il asan olmayacaq.

Xatırladaq ki, mart ayında ABŞ Rusiya neftinin və qazının idxalına qadağa qoyub. Böyük Britaniya və Kanada oxşar planlarını elan edib.

 

Aİ altı ay ərzində Rusiya xam neftinin tədarükündən imtina etmək niyyətindədir

 

Rusiya neftinə qarşı məhdudiyyətlər Brüsseldə müzakirə olunan Avropa İttifaqı sanksiyalarının altıncı paketində nəzərdə tutulub. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dediyinə görə, Avropa İttifaqı altı ay ərzində Rusiya xam neftinin tədarükündən, 2022-ci ilin sonuna qədər isə emal olunmuş məhsulların idxalından imtina etmək niyyətindədir.

Aİ Avropa şirkətlərinə Rusiya neftinin daşınmasına, o cümlədən sığorta sahəsində xidmətlərin göstərilməsinə qadağa qoyulmasını təklif edib.

Eyni zamanda qeyd edilir ki, Avropa İttifaqına üzv ölkələrin səfirləri embarqo ilə bağlı ümumi razılığa gəlməyiblər. Neft məhdudiyyətləri ilə bağlı narahatlığını Bolqarıstan, Macarıstan, Slovakiya və Çexiya dilə gətirib.

"Bloomberg" agentliyi isə xəbər verir ki, embarqoya Macarıstan nümayəndəsi etiraz edib, Yunanıstan, Malta və Kipr isə üçüncü ölkələr arasında neft nəqlinin qadağan edilməsi məsələsini gündəmə gətirərək, bu addımın sadəcə olaraq Avropadan olan rəqiblərə kömək edəcəyini bildirib.

 

Rusiya neftinə embarqonun tətbiqi Aİ iqtisadiyyatına təsir edəcək

 

Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni Aİ-nin doqquz ay ərzində Rusiya neftindən imtina edəcəyini gözlədiyini, daha qısa müddətdə qadağanın tətbiqinin dünya qiymətlərinə mənfi təsir göstərəcəyini bildirib.

İstisna üç ölkə üçün olacaq. Belə ki, Avropa İttifaqı Macarıstan, Slovakiya və Çexiyaya Rusiya neftinin idxalını 2024-cü ilə qədər saxlamaq imkanı verməyi təklif edir.

Centiloni İtaliyanın "Il Messagero" qəzetinə müsahibəsində deyib ki, Avropa İttifaqı doqquz aydan sonra Rusiyadan alınan neftə tam qadağa tətbiq etmək niyyətindədir.

Avropa komissarı bildirib ki, onların təklifi doqquz ay ərzində müxtəlif növ neft məhsullarına embarqoya nail olmaqdır. Bunu daha qısa zaman çərçivəsində etmək qlobal neft qiymətlərinə təsir göstərə bilər ki, bu da onların hədəflərinə ziddir.

Centiloninin fikrincə, Moskvaya qarşı sanksiyalar tətbiq edərkən Brüssel iqtisadi xərcləri nəzərə almalıdır: "Qərarlarımızın Rusiyaya nə qədərə başa gələcəyini və özümüzə nə qədər zərər vuracağını hesablamaq lazımdır".

Avropa komissarı etiraf edib ki, Rusiya neftinə embarqonun tətbiqi Aİ iqtisadiyyatına təsir edəcək, lakin bunun Rusiya iqtisadiyyatına təsiri daha güclü olacaq.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video