18 Avqust 2022 17:19
169
CƏMİYYƏT

Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin Qurultayı xalqlar və dinlər arasında dialoqun və əməkdaşlığın inkişafında mühüm rol oynayır

 

“The Astana Times” qəzetində Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, MDB Dinlərarası Şurasının həmsədri, şeyxülislam Allahşükür Paşazadənin “Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin qurultayı xalqlar və dinlər arasında dialoqun və əməkdaşlığın inkişafında mühüm rol oynayır” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC məqaləni təqdim edir.

X X X

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Qardaş dövlətlər olan Azərbaycan ilə Qazaxıstanı ortaq etnik köklər, dil, tarix, din, mədəniyyət, habelə tarixi etnoslarası və dinlərarası tolerantlıq ənənələri birləşdirir. Ölkələrimiz dünya sivilizasiyalarının qovuşuğunda yerləşir, ona görə də xalqlarımızın dini və mədəni müxtəlifliyinin qorunub saxlanması dövlətlərimizin siyasətinin mühüm istiqamətidir. Uca Allaha şükürlər olsun ki, həm Qazaxıstanda, həm də Azərbaycanda multikulturalizmin, dinlərarası sülhün və əməkdaşlığın təmin edilməsi və inkişafı üçün hər cür şərait yaradılıb. Bu amilləri nəzərə alaraq Qazaxıstan, o cümlədən, Dünya dinlərinin və ənənəvi dinlərin Qurultayının təsis edilməsi təşəbbüsünü irəli sürüb. Bu ideya bizim cəmiyyətlərimizdə müxtəlif millətlərə və məzhəblərə mənsub olan insanların əsrlər boyu sülh və həmrəylik şəraitində yaşadığı həyat tərzindən və ənənələrindən təbii şəkildə irəli gəlir.

Qanunauyğun haldır ki, nüfuzlu din xadimlərinin, beynəlxalq təşkilatların, elmi və ictimai dairələrin nümayəndələrinin iştirak etdiyi bu tədbir Qazaxıstanda – qarşılıqlı anlaşma və tolerantlığın hökm sürdüyü ölkədə keçirilir. Tarixi “Böyük İpək Yolu” dəhlizi vasitəsilə Şərq ilə Qərbi birləşdirən Qazaxıstan həm iqtisadi əməkdaşlığın genişlənməsinə, həm də dinlərarası və sivilizasiyalararası münasibətlərin inkişafına çox dəyərli töhfə verir. Yüzilliklər boyu formalaşmış tolerantlıq ab-havası, zəmanəmizə qədər qorunub saxlanmış etnik və mədəni müxtəliflik, türkdilli xalqların milli-mənəvi həmrəyliyinin dəstəklənməsi, habelə ictimai-siyasi sabitlik Qazaxıstanın davamlı və uğurlu inkişafının təmin edilməsində tarixi nailiyyətdir.

Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin Qurultayı xalqlar və dinlər arasında dialoqun və əməkdaşlığın inkişafında mühüm rol oynayır. Mən həmin Qurultayın daimi iştirakçısı və onun Katibliyinin üzvü kimi bu forumun bir mühüm fərqləndirici xüsusiyyətini vurğulamaq istəyirəm. Qurultay dini liderlərin dialoqu üçün daimi fəaliyyət göstərən məkan olmaqla bərabər, həm də siyasətçilər, ictimai xadimlər və dinlərin nümayəndələri arasında görüşlər və fikir mübadiləsi üçün platformadır.

Təəssüflə qeyd etmək lazımdır ki, dünyada beynəlxalq sabitliyə və təhlükəsizliyi ciddi maneə olan ksenofobiya, islamafobiya, xristianafobiya və antisemitizm kimi ideoloji və praktiki təhdid faktları artır. Bu gün təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları real siyasi və sosial təhdidə çevrilib. Belə çağırışların ideoloji təsiri nəticəsində müxtəlif regionlarda sabitlik pozulur, bu isə insanlar arasında nifaq və münaqişələrə, hərbi cinayətlərə, soyqırımına gətirib çıxarır.

Söz azadlığı və demokratiya bəhanəsi ilə insanları nifrət və qarşıdurmanı qızışdıran çağırışlarla çıxış etməkdən çəkindirmək hər bir siyasi və dini liderin borcudur. Düşünürəm ki, biz, siyasi və ictimai xadimlər, din və elmi xadimləri VII Qurultayda həmrəylik nümayiş etdirərək yekun sənəddə terrorizmin, nifrətə və ksenofobiyaya çağırışların, dindən tamahkar və siyasi məqsədlərlə istifadə edilməsinin bütün forma və təzahürlərini, həmçinin kilsələrdə, məscidlərdə, sinaqoqlarda və digər dini məbədlərdə dindarlara qarşı ekstremizm aktlarını qətiyyətlə pisləyəcək, dini simvolların və müqəddəs yerlərin təhqir edilməsinə qarşı etiraz səsimizi ucaldacağıq.

Biz Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin 2018-ci il oktyabr ayında Astanada keçirilmiş VI Qurultayındakı çıxışlarımızda, habelə qurultayın qəbul etdiyi sənədlərdə dəyişkən dünya şəraitində sülhə və təhlükəsizliyə, insanlar arasında qarşılıqlı anlaşmaya və həmrəylə nail olmaqda dinlərin xüsusi rolunu vurğuladıq və hərtərəfli işıqlandırdıq. O vaxt biz yaxın gələcəkdə hansı fəlakətlərlə üzləşəcəyimizi hələ bilmirdik. Biz qlobal təhdid və təhlükələrə ən başlıcası olan iqlim dəyişmələrinə bütün müasir dünyanı sarsıtmış yeni fəlakətin – COVID-19-un da əlavə olunacağını hələ təsəvvür edə bilmirdik.

VII Qurultaya hazırlıq məhz belə mürəkkəb dövrdə - bütün dünyanın, o cümlədən din sahəsinin də yeni həyat şəraitinə uyğunlaşmağa məcbur olduğu, təhdidlərin, çağırışların, problemlərin və onların nəticələrinin aradan qaldırılması məsələsində dövlətlə din arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi şəraitdə keçirilir.

Biz əminik ki, Qazaxıstan, Zati-aliləri cənab Prezident Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, bundan sonra da planetdə sülh və sabitlik naminə əlindən gələni edəcək, qurultayın fəaliyyətinin təmin edilməsi üzrə işi davam etdirəcək, bu iş yeni məzmun kəsb edəcək. Mən qəti əminəm və bunu həmişə vurğulamışam ki, müasir dünyada gedən mənfi proseslərə qarşı mübarizədə real nəticələrə yalnız dövlətlərin, ictimai və din xadimlərinin birbaşa əməkdaşlığı ilə nail olmaq mümkündür. Mən beynəlxalq səviyyəli çoxsaylı tədbirlərdə, o cümlədən Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin Qurultayının Katibliyinin 2021-ci il oktyabr ayında keçirilmiş XIX iclasında dinlər və sivilizasiyalar arasında dialoqun inkişafı üçün Qazaxıstan tərəfindən 19 il bundan əvvəl irəli sürülmüş bu tarixi əhəmiyyətli təşəbbüsün aktuallığını dəfələrlə vurğulamışam. Qurultayın tarixi əhəmiyyətini əks etdirən başlıca məqam ondan ibarətdir ki, bu təşəbbüs müasir dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun siyasi, ictimai xadimləri və dini liderləri birləşdirən ilk, keyfiyyətcə yeni platforma olub.

Biz bütün dünyada sülhə və təhlükəsizliyə nail olmaq naminə dünya dinlərinin və ənənəvi dinlərin nümayəndələrinin, dövlət xadimlərinin və ictimai xadimlərin səylərini birləşdirmək məqsədi güdən missiyanın ən yüksək səviyyədə həyata keçirilməsinə görə Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevə dərin minnətdarlığımızı bildiririk. Prezident Tokayev ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında dostluq münasibətləri bütün xalqımız tərəfindən bəyənilir. Vətən müharibəsində Qələbə münasibətilə Qazaxıstan liderinin Azərbaycanı qardaşcasına təbrik etməsi böyük minnətdarlıqla qəbul edildi. Uca Allaha şükür olsun ki, Azərbaycan və Qazaxıstan əməkdaşlığın davam etdirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi və irəlidilməsi üçün geniş imkanlara malikdirlər. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Qazaxıstanın hərtərəfli dəstəyi sayəsində Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin Dini Liderləri Şurasının yaradılması ideyası real oldu və onun tam reallaşması yaxındır. Biz bunu ümumi mənəvi uğurumuz hesab edirik, çünki türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına töhfəsinin təbliğ edilməsi böyük əhəmiyyətə malikdir.

Biz əminik ki, Qazaxıstanın müstəqilliyi və dövlətçiliyi daha da möhkəmlənəcək, qardaş qazax xalqı bundan sonra da dövlətlə xalqın birliyinə güvənərək tərəqqi yolu ilə irəliləyəcək. Biz həm də Uca Yaradanın köməyi ilə ümid edirik ki, dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin ümdə və aktual mövzuya həsr edilmiş VII Qurultayı konstruktiv diskussiyalar ruhunda keçəcək və sivilizasiyalar arasında dialoqun inkişafına, dostluq və qarşılıqlı anlaşma kimi ümumbəşəri dəyərlərin irəlilədilməsinə şərait yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video