17 Avqust 2022 01:47
1201
SİYASƏT
A- A+

Dünya çörəklə sınağa çəkilir

 

Prezident İlham Əliyev: “... dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür”

 

Bu gün istəsək də, istəməsək də qlobal təsirlərin təzyiqi altında dünya iqtisadiyyatında, ərzaq təhlükəsizliyi zəncirində ciddi problemlər yaşanır və böhran xarakterli geriləmələr baş verir. Reallıqlar ondan ibarətdir ki, Azərbaycan da qlobal iqtisadiyyata qoşulan dövlətlərdən biri kimi bu ciddi təsirlərlə üzləşmiş və onları dəf etmək məcburiyyətindədir. Bizi uğura istiqamətləndirən nailiyyətlərimizin özülündə Prezident 
İlham Əliyevin hakimiyyətdə olduğu uzun illər ərzində reallaşdırdığı taleyüklü islahatlar və müasir dünya təcrübəsinin intellektual tətbiqi dayanır. 
Eyni zamanda dövlət başçısının çevik aqrar siyasəti, şaxələndirmənin geniş tətbiqi imkan verir ki, qlobal çağırışlara zamanında cavab verək, digərlərinin iqtisadiyyatlarını çökdürən böhranları minimallaşdıraq, bizi gözləyən qaçılmaz itkilərdən mümkün qədər sığortalanaq. 
Amma acı reallıqlar ondan ibarətdir ki, qlobal aqrar sektor ciddi çətinliklərlə üzləşməkdə davam edir.   Dünya stabil deyil, münaqişələr ağırlaşır, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər ön plana çıxır. Onlardan ən vacibi taxılın qiymətlərinin artması fonunda dünyanın ərzaq bazarlarında baş verən təhlükəli qiymət sıçramaları və gözlənilməz qıtlığın yaranmasıdır. Dünyanın ən nəhəng taxıl ixracatçılarından Rusiya və Qazaxıstanın ixraca limit tətbiq etməsi isə daha böyük narahatlıqlar yaradır. Ukraynada gedən müharibə nəticəsində taxıl ixracında elə problemlər yaşanır ki, son nəticədə pat situasiyalar yaranır. Məsələn, bu gün bir sıra dövlətlər əllərində pulu ilə taxıl almaqda çətinlik çəkirlər. 
Avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə dünyanın aqrar bazarında mövcud vəziyyətə toxunarkən perspektivlərin uğurlu həlli üçün ölkənin ərzaq təhlükəsizliyi məsələlərini önə çəkmişdir: "...dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir". Dövlət başçısı belə hesab edir ki, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi üçün biz özümüzü 100 faiz əsas ərzaq məhsulları ilə təmin etməliyik. Artıq Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Bu rəqəmləri bir neçə ilə 100 faiz səviyyəsinə qaldırmaq mümkündür. 
Ərzaq təhlükəsizliyi məsələlərinin fonunda özünü daha sərt büruzə verən odur ki, özümüzü buğda ilə yalnız 62 faiz təmin edə bilirik. Dövlət başçısına görə, işlənilən xüsusi proqramlar, yeni növ subsidiyaların tətbiqi buğda istehsalının kəskin artmasına zəmin yaradacaq: 
"Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda taxıl qıtlığı yaşanılır". 
Qlobal pandemiyanın və Rusiya-Ukrayna müharibəsinin təsiri altında bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə təmin edə bilmədikləri halda Azərbaycanda bu sahədə problem yoxdur. Dövlət başçısı müsahibəsində onu qeyd edir ki, biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq, eyni zamanda biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik: "Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq".
Bir sözlə, qarşıdakı illərdə aqrar islahatların intellektual səviyyədə tətbiqi səngiməyəcək, məhsuldarlığın artmasına fikir veriləcək. Suvarma layihələri, düzgün aqrotexniki tədbirlər və subsidiyaların ideal tətbiqi məhsuldarlığı böyük dərəcədə artırmağa zəmin yaradacaq. Lakin reallıqlar onu göstərir ki, qlobal ərzaq bazarlarında qiymətlərin artmasını qaçılmaz edən ciddi amillər formalaşır. Bunlardan biri də dünyada yaşanılan quraqlıqlar, su qıtlığıdır. Su yoxdursa, onu mütləq haradansa gətirirlər, torpaq zəifdirsə, gücləndirirlər. Faktiki olaraq bütün bu xərclər məhsulun mayasına oturur, qiymətlər sürətlə artır. Azərbaycan qiymətlərin stabilliyini qorumaq üçün gərgin səylər göstərir. 
Lakin problemin qəlizliyi ondan ibarətdir ki, qiymətləri Azərbaycan hökuməti, ya da Tarif şurası yox, qlobal ərzaq bazarlarındakı tələblə təklif arasındakı silkələnmələr təyin edir. Yəni qiymətlərin qalxması Tarif şurasinin qərarı ilə yox, dünya bazarının diktə etdiyi sərt şərtlərlə bağlıdır. Belə gərgin məqamda hansı addımlar atılmalı, hansı tədbirlər görülməlidir? 
Bu məsələ ilə bağlı dövlət başçısı müsahibəsində bütün dünyanın diqqətini cəlb edən ən ciddi bəyanat verdi: "Eyni zamanda biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək". Bu Azərbaycan xalqının qlobal iqtisadi çağırışlara necə reaksiya verdiyini göstərir. 
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı - həm maldarlıq, həm də bitkiçilik üçün çox münbit iqlim və təbii şərait mövcuddur. Əlbəttə ki, əsas məqsəd maksimum dərəcədə bütün imkanlardan səmərəli şəkildə istifadə etməkdir. Prezident İlham Əliyev izah edir ki, eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil: "Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə". 
Ümumiyyətlə, ermənilərin apardığı müharibədə bütün vacib su hövzələrini ələ keçirməyə çalışırdılar və buna müəyyən qədər də nail olmuşdular. Tərtər, Həkəri, Bazar çayı və başqa çayların suyuna əlimiz belə çatmırdı. 
Azad edilmiş torpaqlarda kənd təsərrüfatı müasir dünya təcrübəsi və yüksək texnologiyalar təşkil edilir. Bu ona imkan yaradır ki, oraya qayıdan insanlar əkin-biçinlə məşğul olmaqla güzəranını təmin etsinlər və eyni zamanda ölkəmizin ərzaqla təminatı və ixrac imkanlarının artmasında vacib rol oynasınlar. 
Prezident belə hesab edir ki, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, eləcə də üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək, həm də subsidiyalar veriləcək: "Bu bölgələrdə - Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq".

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video