22 Yanvar 2023 00:39
793
Mədəniyyət
A- A+

Dövlətimizin dəstəyi ilə bütün dini məbədlər təmir edilir və ya yenidən tikilir

 

Zəngin tarixi-mədəni, dini abidələr Azərbaycan xalqının min illər boyu  öz milli-mənəvi dəyərlərini uca tutmasının, adət-ənənələrinə, dini inanclarına ehtiramla, sədaqətlə yanaşmasının ən parlaq nümunəsidir. Xalqımız dəyərlərini qoruyub saxlamaq, yaşatmaq və yeni nəslə ötürmək üçün çox mücadilələr edib. Sovet hökumətinin Azərbaycanda gərəksiz qadağalar, qorxu, xof üzərində qurulan hökmranlığı yetmiş il davam etdi. 1980-ci illərin sonlarında meydanlara çıxan, öz haqqını, azadlığını tələb edən Azərbaycan xalqı, nəhayət, 1991-ci ilin oktyabrında arzusuna, məqsədinə çatdı, yenidən dövlət müstəqilliyinə nail oldu.

 

Müxtəlif dinlərin qovuşduğu tarixi məkan

 

Müstəqillik illərində respublikamızda yaşayan bütün xalqlara öz dini ayinlərini icra etmək imkanı verildi. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Həmin qanuna 1996-cı və 1997-ci illərdə müvafiq düzəlişlər edildi. "Dini etiqad azadlığı haqqında" qanun hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat verir.
1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında bildirilib: "Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır". Konstitusiyamızın 18-ci maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələri mövcuddur. Yüz illər ərzində yeni xüsusiyyətlər kəsb edən bu ənənələr məmləkətimizdə  insanların başlıca keyfiyyətinə çevrilib.
Qədim İpək yolunun üzərində yerləşən və Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarixboyu müxtəlif dinlərin qovuşduğu bir məkan olub. Tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ölkəmizdə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir sıra başqa dini cərəyanlar yayılıb. 
Hazırda Azərbaycanda əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Respublikamızda dövlət tərəfindən islam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib. Bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bir sıra tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub. Eyni zamanda Azərbaycanda kilsə və sinaqoqlar dövlətin diqqəti və qayğısı sayəsində yüksək səviyyədə təmir və bərpa olunub. Bu gün respublikamızda müxtəlif dinlərə və etiqadlara iman gətirən insanlar heç bir dini ayrı-seçkiliyə yol vermədən sülh şəraitində birgə fəaliyyət göstərirlər. Azərbaycan dövləti dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm işlər görür. Respublikamızda dini ayinlərin icrasına hər cür şərait yaradılır.
Bakıda 2019-cu il noyabrın 14-də keçirilən Dünya Dini Liderlərinin II Sammitinin açılış mərasimində Prezident İlham Əliyev ölkəmizin qədim dinlərarası ənənələri olduğunu, Azərbaycanın ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərdiyini, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırdı: "Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz ilk növbədə onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, islam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir". 

 

Qarabağda və Şərqi Zəngəzurda erməni vandallarının dağıtdıqları tarixi-mədəni, dini abidələr yenidən qurulacaq

 

Ölkəmizdə hansı xalqa, etnik qrupa, dinə məxsusluğundan asılı olmayaraq, ibadətgahlar dövlət tərəfindən qorunur. Bakının mərkəzində erməni kilsəsi belə yüksək səviyyədə bərpa olunub. Ermənistan isə otuz ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların dini ocaqlarını, məscidlərini, ibadətgahlarını dağıtdılar, məscidlərimizi tövlələrə çevirdilər. Prezident İlham Əliyevin bildirdiyi kimi: "İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerləyeksan ediblər".
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və sonrakı hadisələr sübut etdi ki, Azərbaycan dövləti, Azərbaycan xalqı öz tarixi torpaqlarını düşmən əsirliyindən xilas etməyə və onu yenidən bərpa etməyə qadirdir. Hələ 2016-cı ilin Aprel döyüşlərində ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdikdən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ermənistan tərəfindən tamamilə dağıdılmış Zəngilan rayonunun Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. Kənddə evlər, məktəb, tibb məntəqəsi, eləcə də ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikildi. Bu həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz tarixi torpaqlarını Ermənistanın işğalında qoymayacağının xəbərdarlığı idi.
2020-ci ildə Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu qələbə çaldı. Noyabrın 10-da qalib ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində dedi: "Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq".
Bu gün düşmənin viran qoyduğu ərazilərimizdə artıq dövlətimizin diqqəti və qayğısı, xalqımızın əzmi ilə geniş və sürətli tikinti-quruculuq işləri həyata keçirilir. Mühüm işlər sırasında məscidlərin, ibadətgahların bərpası da var. İşğaldan azad edilmiş ərazilərdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu təqdirəlayiqdir. Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı, Ağdam Cümə məscidlərinin bərpa-təmir işləri fondun dəstəyi ilə aparılır.
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmuş bütün ərazilərində erməni vandallarının dağıtdıqları, yandırdıqları, yerləyeksan etdikləri tikililər - yaşayış və inzibati binalar, tarixi-mədəni, dini abidələr yenidən qurulacaq.  

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video