20 Avqust 2022 01:49
1589
Qanunlar
A- A+

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
 "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738; 2005, № 6, maddə 466; 2007, № 5, maddə 401, № 11, maddə 1071; 2008, № 2, maddə 49; 2018, № 5, maddə 866; 2019, № 3, maddə 379; 2021, № 6 (I kitab), maddə 538) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulada "Azərbaycan Respublikası vətəndaşlarının" sözləri "sığortaolunanların" sözü ilə əvəz edilsin.
2. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması;
1.1.2. fərdi şəxsi hesab - hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab;
1.1.3. sosial sığorta nömrəsi (SSN) - sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrə.        
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əmək pensiyaları haqqında" və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənaları ifadə edir.".
3. 2-ci maddə üzrə:
3.1. 2.0.1-ci maddəyə "üçün" sözündən sonra "bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət" sözləri əlavə edilsin;
3.2. 2.0.6-cı maddədə "fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına" sözləri "sığortaçıya" sözü ilə əvəz edilsin.
4. 3-cü maddə üzrə:
4.1. 3.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"3.0.2. hər bir sığortaolunanın özü barəsində sığortaçıda olan fərdi uçot məlumatlarını əldə etməsi;";
4.2. 3.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"3.0.4. bu Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulan informasiya bazasından sığortaçının razılığı olmadan digər məqsədlər üçün istifadənin yolverilməz olması;";
4.3. 3.0.5-ci maddədə "bütün əmək fəaliyyəti dövründə" sözləri "dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan" sözləri ilə əvəz edilsin.
5. 4-cü maddə aşağıdakı redaksiyada verilsin: 
"Maddə 4. Fərdi uçotun həyata keçirilməsi qaydası
4.1. Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır.
4.2. Fərdi uçot sahəsində elektron xidmətlər (sığortaolunanın və sığortaedənin uçota alınması, sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatların təqdim olunması, sosial sığorta nömrəsinin öyrənilməsi və s.) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
4.3. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.
4.4. Bu Qanunun 4.1-ci maddəsi əmək pensiyası və digər sosial sığorta ödəmələrinin verilməsi üçün bu Qanunun 5.2.10 - 5.2.12-ci və 5.2.14-cü maddələrində qeyd olunan məlumatların sığortaedən və sığortaolunan tərəfindən yazılı sənəd formasında sığortaçıya təqdim edilməsini istisna etmir.".
6. 5-ci maddə üzrə:       
6.1. 5.1-ci və 5.5-ci maddələr ləğv edilsin;
6.2. 5.2.1-ci maddədə "nömrəsi" sözü "nömrəsi (SSN)" sözləri ilə əvəz edilsin;
6.3. aşağıdakı məzmunda 5.2.7-1-ci maddə əlavə edilsin:
"5.2.7-1. fərdi identifikasiya nömrəsi (FİN);";
6.4. 5.2.12-ci maddədən "fərdi şəxsi hesaba" və "və ödənilmiş" sözləri çıxarılsın;
6.5. 5.2.13-cü maddə aşağıdakı redaksiyada verilsin:
"5.2.13. sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün);";
6.6. 5.2.14-cü maddədə "müvafiq qanunvericiliyə" sözləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə" sözləri ilə əvəz edilsin;
6.7. aşağıdakı məzmunda 5.2.17-1-ci maddə əlavə edilsin:
"5.2.17-1. xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumat;";
6.8. 5.2.19-cu maddəyə "sığortaolunanın" sözündən əvvəl "vəfat etdiyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi hallarda" sözləri əlavə edilsin;
6.9. aşağıdakı məzmunda 5.2-1-ci maddə əlavə edilsin:
"5.2-1. Sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil.";
6.10. 5.3-cü və 5.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
"5.3. Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan müntəzəm olaraq sığortaçı tərəfindən dəqiqləşdirilməlidir.
5.4. Sığortaolunanın fərdi şəxsi hesabı sığortaçı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün saxlanılır və həmin hesabdakı vəsait indeksləşdirilir.";
6.11. 5.6-cı maddədə "dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı" sözləri "sığortaçı" sözü ilə əvəz edilsin.
7. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:         
"Maddə 7. Sığortaolunanlara dair məlumatların təqdim olunması və qeydə alınması
7.1. Sığortaçı bu Qanunun 5.2.2 - 5.2.19-cu maddələrində nəzərdə tutulan məlumatları sığortaolunanın fərdi şəxsi hesabında aşağıdakı qaydada qeydə alır:
7.1.1. bu Qanunun 5.2.2 - 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları və həmin məlumatlarda dəyişiklikləri bu Qanunun 4.3-cü maddəsi nəzərə alınmaqla "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində nəzərdə tutulmuş qaydada;
7.1.2. bu Qanunun 5.2.10-cu maddəsində nəzərdə tutulmuş sosial sığorta stajı ilə bağlı məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən, əmək şəraitinə görə güzəştli staj müddəti ilə bağlı məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında; 
7.1.3. bu Qanunun 5.2.11-ci, 5.2.12-ci və 5.2.13-cü maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminin məlumatları əsasında;
7.1.4. bu Qanunun 5.2.14-cü maddəsində nəzərdə tutulmuş məlumatları sığortaolunana əmək pensiyası təyin edilərkən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada həmin müddətləri təsdiq edən sənədlər əsasında; 
7.1.5. bu Qanunun 5.2.15 - 5.2.18-ci maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən əldə edilən məlumatlar əsasında;
7.1.6. bu Qanunun 5.2.19-cu maddəsində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında.".
8. III fəslin adında "dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının" sözləri "sığortaçının" sözü ilə əvəz edilsin.
9. 8-ci və 9-cu maddələr aşağıdakı redaksiyada verilsin:
"Maddə 8. Sığortaolunanın hüquq və vəzifələri
8.1. Sığortaolunan aşağıdakı hüquqlara malikdir:
8.1.1. fərdi şəxsi hesabında qeydə alınan məlumatlarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə tanış olmaq və ya sığortaçıdan həmin məlumatları almaq;
8.1.2. özü haqqında fərdi uçot məqsədləri üçün sığortaedənin sığortaçıya təqdim etdiyi məlumatları sığortaçıdan, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrinə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və ya sığortaedəndən almaq;
8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda, həmin məlumatların dəqiqləşdirilməsi barədə sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya sığortaedənə müraciət etmək;
8.1.4. fərdi şəxsi hesabında əks olunan məlumatlar bu Qanunla müəyyən olunmuş hallarda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək.
8.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:
8.2.1. sığortaedənə bu Qanunun 5.2.2 - 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları təqdim etmək;
8.2.2. bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək.
Maddə 9. Sığortaedənin hüquq və vəzifələri
9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir:
9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 - 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək;
9.1.2. sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək.
9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır:
9.2.1. sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək;
9.2.2. sığortaolunan haqqında bu Qanunun 5.2.2 - 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək:
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan şəxslərə dair məlumatlar əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldığı gündən bir ay müddətində, digər sığortaolunanlar barədə məlumatlar isə sığortaolunanın əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması zamanı;
2. sığortaçıda uçotda olmayan şəxslə mülki hüquqi müqavilə bağlanıldıqdan sonra bir ay müddətində;
3. sığortaolunan haqqında məlumatlar dəyişildikdə 14 gün müddətində.".
10. 10-cu maddə üzrə:
10.1. adında, 10.1-ci və 10.2-ci maddələrdə ismin müvafiq hallarında "Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı" sözləri ismin müvafiq hallarında "Sığortaçı" sözü ilə əvəz edilsin;
10.2. aşağıdakı məzmunda 10.2.1-1-ci maddə əlavə edilsin:
"10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq;".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video