15 May 2022 02:15
691
İQTİSADİYYAT
A- A+

Doğma torpaqlarımıza həm də qurucu kimi qayıdırıq

 

Hər bir işin əvvəli və axırı olur. Atalar da deyib ki, axırı yaxşı olsun. 30 il işğal altında qalan torpaqların azad olmasını, buralardan didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtmasını həsrətlə gözləmişik. Nəhayət, o an gəlib çatdı. İndi böyük qayıdışa başlamağın vaxtıdır.

Dövlət başçısı İlham Əliyev bu il mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar videoformatda keçirilən qəbul zamanı demişdir: "Biz Zəngilan rayonunda kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları gətirməliyik və bunu mən mərkəzi icra orqanları qarşısında vəzifə kimi qoymuşam - dünyada ən mütərəqqi texnologiya nədirsə, o, bizdə olmalıdır, xüsusilə azad edilmiş ərazilərdə. Çünki 30 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar, Ermənistan onların ömrünün böyük hissəsini oğurlamışdır. Onlardan minlərlə, on minlərlə insan öz doğma torpağını görməyib, həyatdan gedib. Ona görə oraya qayıdacaq insanlar üçün xüsusi şərait yaradılmalıdır. Kənd təsərrüfatı həm məşğulluq, həm ərzaq təhlükəsizliyi, həm də ixrac deməkdir".

Məlumdur ki, işğaldan azad olunan hər bir rayonun özünəməxsus potensialı var. Bunların yenidən bərpası isə Azərbaycan iqtisadiyyatının genişlənməsinə və inkişafına təkan verəcək. Məsələn, Zəngilan rayonu ölkəmizə sənaye, kənd təsərrüfatı və turizmin inkişafı üçün əlavə imkanlar yaradacaq. Rayon iqtisadiyyatının əsas sahəsi isə kənd təsərrüfatı ilə bağlı olacaq.

Doğma yerlərindən didərgin düşmüş insanların yurda dönüşü üçün ilk növbədə geniş quruculuq-bərpa işləri görülməlidir. Odur ki, Zəngilanda da işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi infrastruktur layihələri icra olunur. Başqa rayonlardan fərqli olaraq, Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi də ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, dünyanın böyük maraq göstərdiyi Zəngəzur dəhlizi buradan keçəcək. Yeni dəhliz həm Azərbaycanın, həm də digər dövlətlərin ticarətinin dünya bazarında çevik aparılmasını asanlaşdıracaq.

Bu il Zəngilan Hava Limanının istifadəyə verilməsi isə rayonun xüsusi nəqliyyat qovşağına çevrilməsinə əlavə töhfə verəcək. Ermənistan müxtəlif bəhanələrlə bu dəhlizin açılmasına mane olmaq istəyir. Azərbaycan dövlətinin təzyiqlərinə tab gətirməyən qonşu ölkə buna razılıq verməyə məcbur olub. Dövlət başçısının dediyi kimi, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. Artıq Zəngəzur dəhlizinin açılması reallıqdır.

Hazırda Zəngilanda icra edilən infrastruktur layihələri xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu layihələr təkcə bir rayona xidmət göstərməyəcək. Horadizdən Zəngilana dörd və altızolaqlı avtomobil yolu çəkilir. Bu yol hissə-hissə tikilərək gələn il istifadəyə veriləcək. Dəmir yolunun tikintisi isə Zəngilan dəhlizinin əsas komponentidir. Bu üzdən xüsusi önəm daşıyır. Digər tərəfdən bu rayondan çəkilən yollar işğaldan azad olunan digər rayonlara gediş-gəlişi təmin edəcək.

Məlumdur ki, ermənilər işğal etdikləri ərazidə daşı-daş üstündə qoymayıb. Əksinə, bütün əmlak və infrastruktur məhv edilib. Odur ki, ərazilərin bərpası xeyli vaxt aparacaq. Bunun  bir səbəbi də hər yerə saysız-hesabsız minaların basdırılmasıdır. Dövlət başçısı dəfələrlə çıxışlarında bildirmişdir ki, bu ərazilər dünyaya nümunə olacaq bir şəkildə bərpa olunacaq. Bu məqsədlə nəinki şəhər və rayon mərkəzləri, həmçinin kəndlər də planlı şəkildə bərpa ediləcək. Həmin prosesin özü də mərhələli və planlı şəkildə icra ediləcək. Məcburi köçkünlərin  ilk qayıdışı da Zəngilan rayonuna olacaq. Bu rayonun "ağıllı kənd" olan Ağalı kəndində olacaq.

Qeyd edildiyi kimi, Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edəcək. Burada əkinçilik, bağçılıq, arıçılıq, maldarlıq və digər sahələr yerində qurulacaq. Çünki rayonun təbii iqlimi və münbit torpağı kənd təsərrüfatı üçün çox əlverişlidir. İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə "DOST Aqroparkı"nın da burada yaradılması təsadüfi deyil. Gələcəkdə belə nümunəvi aqroparkların işğaldan azad edilən bütün ərazilərdə tikilməsi planlaşdırılır.

Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatının dirçəldilməsi diqqət mərkəzindədir. Bu, həmin ərazidə iqtisadiyyatın bir sahəsinin bərpası məsələsi deyil, ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə Zəngilana aqrar sahədə istifadə olunmaq üçün ən qabaqcıl texnologiyalar gətiriləcək. Məqsəd az əkin sahəsindən daha çox məhsul əldə etməkdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində taxıldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir".

Zəngilan rayonunun sənaye potensialı da böyükdür. Rayonda zəngin mineral yataqlar var. Xüsusilə buradakı Vejnəli qızıl yatağı böyük sənaye potensialına malikdir. Ermənilər illərlə bu yatağı vəhşicəsinə istismar edərək külli miqdarda gəlir əldə ediblər. Hətta onlar dövlət büdcəsi müəyyənləşdirilərkən buradan əldə edilən vəsaitin hesabını aparıblar.

Rayon həmçinin turizm üçün əlverişlidir. Buranın gözəl təbiəti, meşələri, dağları, bulaqları, çayları çox səfalıdır. Nəqliyyat infrastrukturu da buraya gəlmək istəyənlərin gediş-gəlişini asanlaşdıracaq. Xüsusilə Zəngilan Beynəlxalq Hava Limanı rayona xarici turistlərin gəlməsini əlçatan edəcək.

Böyük qayıdış Zəngilandan başlanacaq. Özü də "ağıllı kənd" olan Ağalıdan başlanacaq bu geriyə dönüş bizim üçün böyük tarixi hadisə olacaq. Bunun insani tərəfi ilə yanaşı, mühüm siyasi tərəfi də var. Biz qalib xalq kimi heç bir beynəlxalq təşkilatın nəzarəti olmadan qürurla öz doğma yerlərimizə qayıdacağıq və bütün dünyaya bir daha sübut edəcəyik ki, bu torpağın sahibi bizik.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video