29 Sentyabr 2022 00:49
534
İQTİSADİYYAT
A- A+

Demoqrafik göstəricilərimiz də müsbətdir

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən ölkə əhalisinin  sayı 35 min 243 nəfər artaraq avqust ayının 1-i vəziyyətinə 10 milyon 191 min 609 nəfərə çatıb. Xatırladaq ki, 10 milyonuncu vətəndaşımız 2019-cu il aprelin 6-da anadan olub və bu hadisə ölkəmizdə dövlət səviyyəsində bayram kimi qeyd edilib. 
Hazırda əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib. Kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək qalıb.
Azərbaycanda əhalinin sayı, əsasən, təbii artımla və nisbətən miqrasiya yolu ilə çoxalır. Təbii artım yeni doğulanların sayının dünyasını dəyişənlərin sayını üstələməsi ilə yaranır. Hazırda ölkəmizdə  anadan olan uşaqların sayı həyatdan köçən insanların sayından iki dəfəyə qədər  çoxdur. Odur ki, təbii artım  göstəricisi də yüksəkdir. Məsələn, keçən ilin eyni dövrünə nisbətən hər 1000 nəfərə hesabı ilə 3,8-dən 5,8-ə çatıb. Başqa sözlə, təbii artım 12 min 293 nəfər təşkil edib.
Yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71 min 491 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə onların sayı 7 min 342 nəfər çox olub. Əhalinin hər 1000 nəfərinə doğumun səviyyəsi 11-dən 12,2-yə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1984, üçəmlərin sayı 96 olub. Yəni  992 ailə   eyni zamanda iki,  32 ailə isə üç övlad sahibi olması ilə sevinib.
"Dünya gəlimli-gedimlidir" deyiblər. Ölkədə yanvar-iyul ayları ərzində 37 min 183 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölüm səviyyəsi azalaraq 7,2-dən 6,4-ə düşüb. Ölümün azalması isə təbii artıma bilavasitə təsir edən səbəbdir. Belə ki, doğumun artması kimi  ölümün azalması da təbii artımın şərtidir.
Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-günə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox faktlar təsdiqləyir ki, onlardan biri də məhz ölüm hallarının azalmasıdır. Ötən müəyyən dövr ərzində koronavirus pandemiyası və erməni cəlladlarının cinayətləri nəticəsində yarımçıq qırılan  ömürləri istisna etməklə, son illərdə ölkədə, ümumiyyətlə,  ölümün səviyyəsi aşağı düşür, yaxud sabit qalır. Bunun  səbəblərindən  biri, əlbəttə ki, insanın gün-güzəranının yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır.
Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkilər  yenidən qurulub, tibbi sığorta tətbiq olunub.
Ölüm hallarının azalmasına, əlbəttə ki, ölkədə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşması, insanlar  üçün yaradılan rahat məişət şəraiti və s. amillər də təsir göstərir.
Dünyada analoqu olmayan faktdır ki, ölkə Prezidenti hər bir vətəndaşın səhhətinin, sağlamlığının qeydinə qalır. Koronavirusun tüğyan etdiyi dövrdə dövlət başçısının  dediyi sözləri  xatırlamaq kifayətdir: "Pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır".
Bütün deyilənlərlə yanaşı, insanı yaşadan digər amillər də var. Bunlar xalqımızın milli-mənəvi  dəyərləridir. Çətin gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək, yaşa dolmuş valideynlərə övladların qayğısı ömrü uzadan amillər sırasındadır.
Nəhayət, boşanmalar haqqında. Onların sayı azalıb! İlin ilk 7 ayında 35 min 646 nikah (keçən ilin eyni dövründə 30 min 289) və 8 min 862 boşanma halı (keçən ilin eyni dövründə 9 min 682) qeydə alınıb. Beləliklə, nikahların sayı hər 1000 nəfərə 5,2-dən 6,1 qədər artıb. Boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə enib. Təki həmişə belə ola. Çünki bu, dünyaya nümunə olan Azərbaycan ailəsi modelinin öz yüksəkliyində qalması, milli-mənəvi dəyərlərimizin, ailə ənənələrimizin yaşaması deməkdir.

 Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video