13 Yanvar 2022 02:11
1188
SİYASƏT
A- A+

Demokratik siyasi münasibətlər nümunəsi

 

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ötən il respublikamızdakı siyasi həmrəyliyi daha da möhkəmləndirib

 

Azərbaycanın dünyanın getdikcə inkişaf edən dövlətə çevrilməsində rol oynayan amillərdən biri də Prezident İlham Əliyevin daxili siyasət üzrə yürütdüyü uğurlu strategiyadır.

Bunun nəticəsi olaraq Azərbaycanda insanların siyasi fəaliyyət azadlığı, plüralizm, dövlət, partiyalar və vətəndaşlar arasında həmrəyliyin mövcudluğu təmin edilir. 2021-ci ildə milli-siyasi birliyini daha da gücləndirməyə nail olan dövlətimiz bununla yalnız ölkə daxilində deyil, regionda da sabitliyin təmininə töhfə verib. 

 

Siyasi sistemin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb

 

2021-ci ilin əvvəlində keçirdiyi müşavirədə “Ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq - biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur” - deyən Prezident İlham Əliyev buna nail olmaq üçün apardığı islahatları, göstərdiyi dəstəyi ötən il ərzində də davam etdirib. Dövlət başçısı əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2021-ci ildə də siyasi sistemin təkmilləşməsini, siyasi azadlığın təmin edilməsini, siyasi təşkilatların problemlərinin həllini daim diqqətdə saxlayıb, mövcud çətinliklərin ortadan qaldırılmasına çalışıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə davam etdirilən islahatlar nəticəsində ölkədə demokratik münasibətlər daha da inkişaf edib, siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakı təmin olunub, fəaliyyətlərinin daha yaxşı təşkili üçün hüquqi və təşkilati əsasların yaranması prosesləri gücləndirilib.

Azərbaycanda qərargahı olmayan 22 siyasi partiya üçün ofislərin ayrılması, belə təşkilatların qurultaylarının keçirilməsinə dəstək göstərilməsi, siyasi partiyaların  qeydiyyata alınması dövlətin daxili siyasi münasibətlərin inkişafı, onun daha da demokratikləşməsi üçün atdığı addımlardandır. Ölkəmizdə mövcud siyasi partiyaların sayı bilavasitə Azərbaycanda yaşanan siyasi plüralizmdən, iqtidarın çoxpartiyalılığa üstünlük verməsindən  xəbər verir. Hazırda Azərbaycanda 58 siyasi partiya var ki, onların 7-si 2020, 2-si isə 2021-ci ildə qeydiyyata alınıb.

Azərbaycan hakimiyyəti iqtidar-müxalifət dialoquna xüsusi önəm verir. Belə ki,  mütəmadi olaraq, siyasi partiya sədrləri ilə çoxsaylı görüşlər keçirilir, onların təklifləri araşdırılır. Birbaşa dövlət başçısının tapşırığı əsasında siyasi partiya rəhbərləri ilə ötən il ərzində keçirilən görüşlər bu təşkilatlarla işin yenidən təşkil edilməsinə, ümumilikdə, ölkədəki siyasi proseslərin daha da sağlamlaşdırılmasına imkan verib. Siyasi partiyaların iqtidarla birlik nümayiş etdirməsi ölkədə milli həmrəyliyin daha da güclənməsinə təkan verib. 

Təkcə Vətən müharibəsi dövründə deyil, müharibə bitdikdən sonra da siyasi partiyaların verdikləri bəyanatlar ölkənin milli birliyini, sarsılmaz iradəsini dünyaya nümayiş etdirib. 2021-ci ilin aprelində ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə qarşı çıxan siyasi partiyalar bir necə ay sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasını dəstəkləyən bəyanat verdilər. Partiyalar bu bəyanatlarda dövlətimizin milli maraqlarını dəstəklədiklərini ifadə etməklə ölkədəki siyasi həmrəyliyin daha bir nümunəsini ortaya qoydular.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin təşəbbüsü ilə ötən il ərzində siyasi partiya sədrlərinin azad olunmuş ərazilərə səfərlərinin təşkili ilin mühüm siyasi hadisələrindən oldu. Ötən ilin martında Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olan partiya sədrləri 30 ildən sonra ilk dəfə oktyabrda Şuşaya səfər etdilər. Səfərdə ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, politoloq və siyasi şərhçilər də iştirak etdilər.

Bütün bunlarla yanaşı, “Media haqqında” qanunun qəbulu ilə ötən il söz azadlığının təmin edilməsi, media qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində ciddi islahatların aparıldığı il kimi də yadda qaldı. Qanunda ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq media sahəsində dövlətin əsas vəzifələri kimi göstərilib. Jurnalistlərin Media Reyestrinin yaradılması, adları bu reyestrdə olan jurnalistlər üçün bəzi imtiyazların müəyyənləşdirilməsi və digər məsələlər qanunda əksini tapan əsas yeniliklərdəndir.

 

Ümummilli məsələlərdə birliyə nail olunub

 

2021-ci ili Azərbaycan üçün kifayət qədər uğurlu il kimi qiymətləndirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə, gərgin və hərəkətli bir dövr olmasına baxmayaraq, Azərbaycan bütün proseslərdən uğurla çıxıb: “Ötən il Vətən müharibəsində əldə olunmuş zəfərin nəticələrinin qorunması baxımından sınaq dövrü idi. Azərbaycan nəinki bu sınaqdan üzüağ çıxdı, üstəlik 2021-ci ildə zəfərin nəticələrini tam mənada möhkəmləndirməyi bacardı. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, faktiki olaraq bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Bu hərbi-siyasi qələbəmizlə başa çatan münaqişədə haqlı olduğumuzu bütün dünyaya göstərdi. Təbii ki, baş verənlər proseslərin təbii axarı yox, Prezident İlham Əliyevin həm regional, həm də qlobal səviyyədə  şaxələndirilmiş və çevik siyasi kursunun məntiqi nəticəsi hesab olunmalıdır”.

B.Məhərrəmov hesab edir ki, 2021-ci il həmçinin daxili siyasi sabitliyin qorunması, həmrəyliyin güclənməsi baxımından mühüm irəliləyiş kimi xarakterizə oluna bilər. Bir neçə destruktiv, xaricdən sifarişlə fəaliyyət göstərən marginal qruplaşma istisna olmaqla, ölkədə ümummilli məsələlərdə tam mənada həmrəylik təmin olunmuş, o cümlədən parlamentdə təmsil olunan partiyalar arasında yekdilliklə uzlaşma müşahidə edilmişdi. Bu uzlaşmanın kökündə bir tərəfdən Vətən müharibəsi dövründə əldə edilən zəfər dayanırsa, digər tərəfdən, siyasi partiyalar Vətən müharibəsindəki qələbəmizin şəksiz memarı, müzəffər komandanı İlham Əliyevin sosial bazası ilə rəqabətin mümkünsüz olduğunu dərk edərək praqmatik yanaşma nümayiş etdirmişdilər ki, bu da çox mühüm məsələdir. Eyni zamanda Prezident İlham Əliyevin kadr və struktur islahatlarını davam etdirməsi 2021-ci ildə ölkədə daxili stabilliyin təməlində dayanan amillərdən biri kimi yadda qalıb.

Deputatın qənaətincə, 2021-ci ili Azərbaycan üçün həm də quruculuq-bərpa dövrünün başlanğıcı hesab etmək olar. İşğala son qoyulduğu gündən Şərqi Zəngəzur və Qarabağda “Böyük qayıdış”a hazırlıq prosesinə start verildi, infrastruktur və kommunikasiya layihələri həyata keçirilməyə başlandı. İşğala son qoyulmasından cəmi bir ay sonra Füzuli Beynəlxalq Hava Limanının təməli atıldı və 8 ay sonra ötən il bu liman ilk qonağını qəbul etdi. B.Məhərrəmov nəzərə çatdırır ki, söhbət sıradan bir hava limanının tikintisi, yaxud infrastrukturun qurulmasından getmir. Burada əsas mesaj Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi qətiyyətinin, bu torpaqların əzəli və əbədi olaraq Azərbaycan xalqına mənsub olmasının dünyaya nümayiş etdirilməsi ilə bağlıdır. Üstəlik, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bu işləri təkbaşına, heç kimdən bir manat yardım, yaxud kredit almadan öz dövlət büdcəsi hesabına aparır. Bu mənada daxili siyasi prosesləri qiymətləndirərkən 2021-ci ilin Azərbaycanın dövlət müstəqilliyinin, o cümlədən də iqtisadi suverenliyinin qorunması və güclənməsi baxımdan mühüm dövr olması xüsusi qeyd edilməlidir. Üstəlik, heç bir xarici borc və yardım olmadan həyata keçirilən işlərin sürəti onu göstərir ki, Azərbaycan artıq postböhran dövrünə uğurla qədəm qoyub.

 

Partiyaların işinin səmərəliliyi yüksəlib

 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov 2021-ci ili, ilk növbədə, siyasi partiyalara göstərilən diqqət baxımından dəyərləndirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin və onun administrasiyasının göstərdiyi diqqət və qayğı ötən il siyasi partiyaların işinin səmərəliliyini dəfələrlə artırmağa, respublikanın həyatında yaxından iştirak etməyə imkan verib: “Partiyamızın  17 noyabr 1994-cü ildə yaranmasına və 22 iyun 1995-ci ildə Ədliyyə Nazirliyində  rəsmi dövlət qeydiyyatından keçməsinə baxmayaraq, uzun illər qərargahı olmadan fəaliyyət göstərdik və təbii ki, bu durum işimizin keyfiyyətinə öz təsirini edirdi. Lakin ötən il həm dövlətimiz üçün, həm də partiyamız üçün uğurlu oldu. Hər şeydən əvvəl ili dövlətin bizə əlverişli şərtlərlə icarəyə verdiyi qərargahda başladıq”.

Siyasi partiya nümayəndələrinin 2021-ci ildə Ağdama və Şuşaya səfərlərinin təşkil olunmasına da toxunan A.Səmədov bildirir ki, bu səfərlər erməni vandalizminin mahiyyətini bir daha anlamağa imkan verdi. İşğaldan azad olunmuş bölgələrdə gördükləri dəhşətli vəziyyət, dağıdılmış, xarabalığa çevrilmiş yaşayış yerləri bir daha kimlərlə üz-üzə olduğumuzu hamımıza anlatdı: “Siyasi partiyaların nümayəndələri bir daha dərk etdilər ki, Qarabağ məsələsi dünya gündəmindən çıxmayana qədər hamı bu istiqamətdə çalışmalı, siyasi çəkişmələri, hakimiyyət uğrunda mübarizəni kənara qoymalıdır. Əks halda, cilddən-cildə girən, məqsədinə çatmaq üçün hər bir vasitəni məqbul sayan düşməni tamamilə məğlub etmək, Azərbaycan xalqına fəlakətlər gətirən problemi birdəfəlik gündəlikdən çıxarmaq çox çətin olacaq”.

A.Səmədov Prezident İlham Əliyevin sərəncamı ilə 14 iqtisadi rayonun yaradılmasını da ötən ilin uğurlu siyasi-iqtisadi hadisələrindən biri kimi dəyərləndirir. Onun sözlərinə görə, iqtisadi rayonlar içərisində Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının olması Azərbaycanda böyük sevinclə qarşılansa da, Ermənistanda haqlı olaraq ciddi narahatçılıq və qorxu hissi doğurdu.

Koronavirus pandemiyasının kütləvi tədbirləri minimuma endirdiyi bir dövrdə Prezident Administrasiyasının təşkil etdiyi onlayn-konfrans ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz fikirlərini açıq şəkildə demək imkanı verdi. 45 siyasi partiyanın iştirak etdiyi konfransda partiyaların nümayəndələri müxtəlif məsələlər ətrafında çıxış edə bildilər və heç bir məhdudiyyət qoyulmadan zəruri saydığı problemlər barədə danışdılar: “Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr söbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü  ilə baş tutan konfransda 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonrakı reallıqlara və siyasi dialoqa, o cümlədən Qarabağda həyata keçirilən bərpa işlərinin gedişinə dair məsələlər haqqında müzakirələr aparıldı. Müzakirələr zamanı,  eyni zamanda Vətən müharibəsindən sonra partiyaların tutduğu mövqe, görəcəyi işlər, seçki qanunvericiliyi, parlamentdə boş qalan yerlərə seçkilərin keçirilməsi, siyasi mədəniyyət məsələləri və s. önə çəkildi”.

 

Siyasi spektrdə ciddi dəyişikliklər baş verib

 

2021-ci ilin ölkənin daxili siyasətində baş verən konseptual dəyişikliklər ili kimi yadda qaldığını bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli deyir ki, Azərbaycandakı əksər siyasi qüvvələrin, vətəndaş cəmiyyəti institutlarının və media təsisatlarının milli maraqlarımızla bağlı olan bütün məsələlərdə vahid mövqedən çıxış etməsi, ölkədə sivil və etimadlı siyasi münasibətlərin qurulması, siyasi mədəniyyətin formalaşdırılması, çoxpartiyalı sistemin, QHT-lərin və medianın inkişafı istiqamətində islahatların davam etdirilməsi daxili siyasətdə də 2021-ci ilin nəticələrinin uğurlu olduğunu söyləməyə əsas verir: “Əldə olunan nəticələr Azərbaycanda həyata keçirilən və 2020-ci ilin əvvəllərindən başlayaraq, intesivləşən islahatların effektivliyindən xəbər verir. Son 2 il ərzində Azərbaycanın siyasi spektrində ciddi dəyişikliklər baş verib. Siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı rolunun artırılması istiqamətində mühüm və bir zamanlar əlçatmaz görünən irəliləyişlərə nail olunub. Ən önəmli məqamlardan biri də zaman keçdikcə siyasi partiyalar arasındakı münasibətlərin sağlamlaşması, siyasi dialoq mədəniyyətinin inkişaf etməsi, dövlətçi təfəkkürün siyasi demaqoqiyanı üstələməsinin daha qabarıq şəkildə nəzərə çarpmasıdır. Siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları və media sektorunda dövlət başçısının müəyyənləşdirdiyi siyasi kursun uğurla icra edilməsi, həyata keçirilən tədbirlərin konseptual yanaşmalara, ciddi və hərtərəfli təhlil edilmiş reallıqlara söykənməsi prosesin bundan sonra da nəticəyönlü olacağını deməyə əsas verir”.

Ötən ilin iyun ayında Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanan tarixi Şuşa Bəyannaməsinin ölkədə fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatı ilə dəstəklənməsi, sözügedən təşkilatların bunu ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı, hər iki ölkənin gələcək birgə fəaliyyəti üçün vacib hesab etməsi və bu yüksək strateji müttəfiqlikdə dövlətin yanında olduqlarını bəyan etmələri Azərbaycanın siyasi həyatında milli maraqlar müstəvisində əldə olunmuş birliyin, həmrəyliyin bariz nümunəsidir: “Ötən il ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafı və fəaliyyətlərinin səmərəliliyinin artırılması istiqamətində də uğurlu dəyişikliklərin baş verdiyini söyləyə bilərik. Nəzərəçarpan ən önəmli məqamlardan biri qeyri-hökumət təşkilatlarının ölkənin ictimai həyatında daha fəal iştirak etməsi ilə bağlıdır. Bu istiqamətdə konsolidasiyaya nail olunması, QHT-in, yalnız ayrı-ayrı layihələrin icrası ilə məşğul olan ictimai birliklər kimi deyil, vətəndaş cəmiyyətinin ayrılmaz bir hissəsi kimi nəzərə çarpmaları, ictimai maraqlarla bağlı xüsusi fəallıq nümayiş etdirmələri sevindirici haldır. “Üçüncü sektor” artıq ictimai həyatımızda öz layiqli yerini tutmaqdadır və şübhə etmirəm ki, ötən il ərzində aparılan araşdırmalar, hazırlanan fəaliyyət planları vətəndaş cəmiyyəti institutlarının ölkənin ictimai həyatında öz layiqli yerlərini tutmalarına geniş imkan yaradacaq”.

Elçin Mirzəbəyli  2021-ci ildə media sektorunda da çox ciddi irəliləyişlərin şahidi olduqlarını, Azərbaycan mediasının son bir il ərzində nəzərəçarpacaq dərəcədə dəyişdiyini nəzərə çarpdırır. Onun sözlərinə görə, bu sahədə həyata keçirilən islahatlar digər istiqamətlərdə olduğu kimi, konseptual əsaslı və çoxşaxəlidir. Medianın fəaliyyəti üçün müasir çağırışlara və reallıqlara cavab verən hüququ bazanın hazırlanması ilə yanaşı, media təmsilçilərinin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən layihələr, həmçinin çap mediasının, onlayn informasiya resurslarının inkişafına, maddi-texniki bazalarının gücləndirilməsinə xidmət edən güzəştlərin tətbiqi ilə bağlı müvafiq addımların atılması və bu prosesin davamlı olacağına əsas verən amillər əldə olunan nəticələrin 2022-ci ildə ölkə mediasında ciddi və təbii ki, pozitiv dəyişikliklərin baş verəcəyinə böyük ümidlər yaradır.

Torpaqlarının işğaldan azad edilməsinə nail olan Azərbaycanın bu gün əsas məqsədi bu qələbəni siyasi yollarla möhkəmləndirməkdir. Buna nail olmağın yolları həm də siyasi münasibətlərin qeyri-sağlam olmasının qarşısını almaqdan, dövlət, vətəndaş və siyasi partiyalar arasındakı həmrəyliyi daha da gücləndirməkdən keçir. Ötən ilin reallıqları göstərir ki, Azərbaycanda bu sahədə vəziyyət nümunəvidir.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video