13 Sentyabr 2022 01:09
1320
SİYASƏT
A- A+

"Dəmir yumruğ"un "Qisas"ı davam edə bilər 

 

Ermənistan təxribatçı  əməllərini dayandırmasa, aqibəti ağır olacaq 

 

27 sentyabr 2020-ci ildə Ermənistanın törətdiyi növbəti təxribata cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və 30 il işğal altında qalan tarixi torpaqlarını azad etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanı hərb meydanında diz çökdürərək kapitulyasiya aktına imza atmağa məcbur etdi. 
2020-ci ilin 10 noyabr tarixində Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə birdəfəlik son qoyuldu. 

 

Azərbaycan diplomatik arenada da qalibdir 

 

44 günlük müharibədən sonra Azərbaycan ardıcıl olaraq diplomatik müstəvidə də uğurlar qazandı. Müharibədən sonra aparılan bütün diplomatik danışıqlarda şərtləri məhz Bakı diktə etdi və Ermənistan tərəfi bu şərtləri qeyd-şərtsiz qəbul etməyə məcbur oldu. Bu, ötən il noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün nəticəsində qəbul edilən bəyanat da ölkəmizin növbəti diplomatik uğuru kimi xarakterizə olundu.
Eyni zamanda Avropa İttifaqının vasitəçiliyi ilə keçən ilin dekabrından başlayan "Brüssel prosesi" sayəsində üçtərəfli görüşlərdə Azərbaycanın mövqeyi daha da möhkəmləndi. Dördüncü Brüssel görüşündə isə rəsmi Bakı İrəvanı sülhə məcbur etdi. Ermənistan rəhbərliyi də anladı ki, bölgədə sülh prosesini yubadacaq məkrli planları daha işləmir və sülh sazişinin bağlanması ilə əlaqədar əməli işlər görməkdən başqa çarələri yoxdur. 
Buna görə də avqustun 31-də  Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan üçtərəfli görüşdə Nikol Paşinyan iki ilə yaxındır ki, hər cür riya, hiylə, təxribatçı əməllərlə maneçilik törətdikləri sülhə razı olduqlarını bildirdi.
Amma bu cür məsuliyyətli öhdəliyi üzərlərinə götürdükləri və özlərinin xilası üçün olduqca həssas sayılacaq bir dönəmdə yenə də xain erməni xisləti özünü göstərməkdədir.

 

Ermənistan xain davranışlarından əl çəkmir

 

Ermənistanın təkcə son bir neçə gün ərzində bölgədə əl atdığı təxribatçı hərəkətlərə nəzər salaq: 2 sentyabr 2022-ci il, dördüncü Brüssel görüşünün üzərindən heç üç gün keçməmiş Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndiyə qanunsuz səfər etdi. 
Elə həmin tarixdə Ermənistan Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutdu. 
Sonrakı günlərdə isə ardıcıl olaraq Ermənistan tərəfi sərhədlərimizdə atəşi pozmaqda davam edir. 
Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 12-də səhər saatlarında yaydığı məlumata nəzər yetiririk: "Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".
Düzü, Ermənistan hakimiyyətinin üzdə bir söz deyib, arxada başqa cür sərgilədiyi xain davranışını dünya necə adlandırır, bilmirik. Çünki dünya hər zaman olduğu kimi, ikili yanaşmasından əl çəkmir və yenə də bu ölkənin qanunsuz davranışlarına göz yumaraq inadla susur. 
Amma dünya dilə gətirsə də, gətirməsə də, bu insanlıqdan uzaq davranışlar elə ermənilərin əsl simasının, faşist xislətlərinin bariz göstəricisidir. 

 

Azərbaycan bölgədə sülhü təşviq edir 

 

Digər tərəfdən işğalçı ölkə Azərbaycanın onlara qarşı sərgilədiyi səbir limitini də tükətdiklərinin fərqindədir. Elə Zəfər komandanı İlham Əliyevin diplomatik üstünlüyü ilə başa çatan dördüncü Brüssel görüşündən sonra Nikol Paşinyanın artıq bölgədəki mövcud reallıqları qəbul etməkdən başqa çarəsinin olmadığını göstərən açıqlamalarından da bunu aydın sezmək olur. 
Həm də Ermənistan  Azərbaycanın danışıqları daha bundan o yana uzatmayacağını və sülhlə bağlı konkret nəticələrə gəlinməyəcəyi təqdirdə, "Qisas" əməliyyatının timsalında başlarına gələcək acı aqibətin də yaxşı fərqindədir. 
Sadəcə onların nümayiş etdirdiyi bu ağılsız davranışlar məkrli niyyətlərini həyata keçirmək üçün göstərdikləri son çabalamalar kimi də qiymətləndirilə bilər. Bu xain xislətlilərin sülhə mane olmaq üçün üzərlərinə götürdükləri öhdəlikləri hər vəchlə yubatmağa çalışmaları, dövlət sərhədlərimizi atəşə tutmaları, ərazilərimizə mina basdırmaları, bir sözlə, təxribatçı əməlləri buna misaldır. 
Onlar özləri belə inanmadıqları halda son bir ümid kimi güman edirlər ki, hansısa ölü bir qurum dirilərək işğalçılara yardım edə bilər, 30 il ərzində olduğu kimi, yenə də ermənilərin yalan dəyirmanına su tökər. Amma artıq o əyyamlar geridə qalıb. 
İndi Ermənistana yardım edəcək, onları xəstə təfəkkürlərində qurduqları yalan dünyasından ayrılaraq reallıqlarla yaşamağa sövq edəcək, sözün əsl mənasında, yuvarlandıqları uçurumdan xilas edəcək yeganə xilaskar elə yenə də Azərbaycandır.
 Onsuz da Azərbaycan hər zaman konstruktivlik nümayiş etdirərək Ermənistana təkmil sülh modeli təklif edir. Eyni zamanda 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri zamanından əvvəl yerinə yetirərək böyük əzmkarlıq göstərir və regionda əbədi sülhü təşviq edir. 

 

Əks təqdirdə "dəmir yumruq" yenə işə düşməli olacaq

 

Azərbaycan hər zaman öz milli maraq və mənafelərini qətiyyətlə təmin edir. Ermənistanın ölkəmizə qarşı növbəti təxribatından sonra 44 günlük Vətən müharibəsində "dəmir yumruq" sayəsində düşməni qarşısında diz çökdürərək yalvarmağa məcbur etməsi buna bariz nümunədir. 
Eləcə də mənfur düşmənin bu il avqustun əvvəlində törətdiyi təxribata cavab olaraq Azərbaycanın növbəti "Qisas" əməliyyatı ilə sarsılması real faktdır. 
Bütün bu faktları göz önünə gətirərək atdığı ağılsız addımların nə ilə nəticələnəcəyini isə elə Ermənistanın özündən daha yaxşı başa düşən olmaz. Odur ki, işğalçı nə qədər ki, gec deyil, ağlını başına yığmalı və təxribatçı əməllərinə son qoymalıdır. 
 Əks təqdirdə "dəmir yumruq" yenə işə düşməli olacaq.
 
Yasəmən MUSAYEVA, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video