10 Iyul 2021 00:48
2885
SİYASƏT
A- A+

“Dəmir yumruğ”un müsəlləh əsgərləri

 

Tarixin sınaqları xalqın öz potensialını zaman-zaman yenidən kəşf etməsi üçün bir imkan olur. 44 günlük Vətən müharibəsi də bizim üçün böyük bir sınaq idi. Xalq olaraq bu sınaqdan alnıaçıq, üzüağ çıxdıq. Haqq-ədalət uğrunda savaşımız böyük Qələbəmizlə başa çatdı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı düşməndən azad etdi. Parlaq qələbəmiz xalqın milli qürurunu yüksəltdi. Əsrlərin zəfəri olan bu qalibiyyət bizdə özünəinamı gücləndirdi. Cəmiyyətimizdə milli birliyin nə qədər sarsılmaz olduğunu, həlledici anlarda hamının yumruq kimi birləşərək ümumi amal uğrunda çarpışdığını və məqsədə nail olduğunu gördük.

 

Gəncliyin gücü

 

Vətən müharibəsində Azərbaycan gəncliyini də sanki yenidən tanıdıq. Ölkəmizdə nə qədər vətənpərvər, cəsur, qəhrəmanlıq ruhu ilə dolu, bir o qədər də savadlı, sağlam düşüncəli gəncliyin yetişdiyinə hər birimiz şahid olduq. Qələbənin əldə olunmasında cəmiyyətin bütün sosial qruplarından olan insanların fədakar əməyi var. Amma əsas yük əlində silah, qəlbində Vətən sevgisi ilə amansız düşmənin üzərinə atılan gənclərimizin üzərinə düşdü. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qələbədən sonra Şuşaya ilk səfəri zamanı qazanılmış zəfərdə gənclərimizin rolunu xüsusi vurğuladı: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

 

Vətənə sevgi və xidmət ruhu

 

Bizə bu zəfəri qazandıran nəsil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin yetişdirdiyi nəsildir. Onlar göz açandan ölkəmizi müstəqil görüblər. Azərbaycanı tarixinin ən qüdrətli dövrünə yetirmək üçün aparılan əzmkar siyasət ruhunda tərbiyələniblər. Yeniyetməlikdən özlərində bu siyasətə töhfə vermək istəyi aşılayıblar. Vətən sevgisini necə ifadə etməyi, dövlət üçün necə faydalı olmağı öyrəniblər. Bu nəsli Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin son onilliklərdə qazandığı parlaq nailiyyətlər yetişdirib. Vətənin qazandığı uğurların, bu uğurlara birlikdə sevinməyin, ucalan bayrağa baxıb fərəhlənməyin nə qədər gözəl hiss olduğunu gənclərimiz Azərbaycanın son illərdəki nailiyyətlərində görüblər. Bu ruhda yetişiblər. Vətənə xidməti sözdə deyil, əməldə yerinə yetirmək, xalqın, cəmiyyətin, malik olduğumuz dəyərlərin gələcəyinə görə məsuliyyət duyğusuna sahibləniblər.

Deyirlər ki, uşaqlar nəsihətləri gec, örnəkləri isə çox tez qəbul edirlər. Torpaqlarımızı azadlığına qovuşduran gəncliyimizi də məhz nümunələr yetişdirib. Onlar Azərbaycan sevgisini dövlət rəhbərimizdən öyrəniblər. Onun qətiyyətindən güc alıblar. Ali məqsədlərə doğru yoldan heç zaman geri çəkilməməyi, ədalətli olmağı və haqsızlıqla barışmamağı, cəsurluğu, mətinliyi, amallara sadiqliyi  dövlət rəhbərimizdən öyrəniblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər, yaratdığı nümunələr də Azərbaycan gəncliyi üçün böyük bir məktəb formalaşdırıb.  

 

Düzgün siyasət, sağlam tərbiyə

 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz Azərbaycan gəncliyinə aiddir. Gənclər siyasəti ümumi dövlət siyasətinin mühüm sahəsi kimi daim diqqətdədir. Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, yenilikçi ideyalarının həyata keçirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün addımlar atılır, lazımi şərait yaradılır. Müstəqilliyin bizə qazandırdığı ən böyük töhfələrdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir. Bu mühiti Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət formalaşdırmağa başlayıb. Prezident İlham Əliyev isə bu tarixi inkişaf mühitini daha da genişləndirib.

Ölkəmizin müstəqilliyinə Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə Vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirdiyi  gənclik nail oldu. Əfsuslar olsun ki, onda ölkənin siyasi meydanında gənclikdən öz cılız məqsədləri üçün istifadə etməyə çalışan, onları müəyyən məqamlarda üz-üzə qoyan, ölkə gəncliyini böyük hədəflərdən çəkindirib firqə maraqlarına yönəltməyə çalışan, onların düşüncələrində qaragüruh fikirlər aşılayan ünsürlər vardı. Ona görə müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi, gənclər siyasətində də kifayət qədər problemlər özünü göstərirdi. Gənclər hakimiyyət uğrunda mübarizəyə, kimlərinsə şəxsi maraqlarının təmin olunması üçün düzgün olmayan fəaliyyətlərə cəlb edilirdi. Yalnız, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.

1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu forum gəncliyin inkişafı məqsədilə həyata keçirilən dövlət siyasətinin təməlinə çevrildi. 1997-ci ildə imzalanmış fərmanla hər il 2 fevral tarixinin ölkəmizdə “Gənclər günü” kimi qeyd edilməsi ilə bağlı dəyərli bir ənənənin əsası qoyuldu. Dövlət gənclər siyasətinin vahid, koordinasiya edilərək mərkəzləşmiş qaydada icrası üçün Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər siyasəti ilə bağlı mühüm qərarlar verildi. “Gənclər siyasəti haqqında” qanun qəbul olundu.

Ümummilli Lider gənclərlə keçirdiyi mütəmadi görüşlərlə onlara nə qədər böyük dəyər verdiyini, gəncləri maraqlandıran məsələləri daim diqqətdə saxladığını, bu nəslin gələcəklə bağlı ideyalarının, hədəflərinin mühümlüyünü göstərirdi. Onların mənəvi və fiziki sağlamlığının, vətənpərvərlik ruhunda tərbiyəsinin, milli dəyərlərimizə bağlılığının nə qədər həyati vacib məsələ olduğunu nümayiş etdirir, öz yanaşmaları ilə gənclərə şəxsi nümunə olurdu. Bu kurs zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə davam və inkişaf etdirilir. Azərbaycan Prezidenti ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə apardığı fəaliyyətdə gənclərə böyük inam bəsləyir. Gəncliyin inkişafı üçün lazımi şəraitin yaradılması istiqamətində məqsədyönlü addımlar atır.

 

Müqəddəs amal

 

Azərbaycan bayrağının daim yüksəklərdə dalğalanması, himnimizin əlamətdar anlar münasibətilə səsləndirilməsi dövlət rəhbərimizin gənclər üçün formalaşdırdığı ali bir dəyərdir. Ona görə də Vətən müharibəsi günlərində, ondan əvvəl ordumuzun 2016-cı ildəki Aprel Zəfərində də Azərbaycan gəncliyi torpaqlarımızı düşməndən azad edib bayrağımızı yüksəltməyi, qalibiyyət duyğusunun himnimizlə bütün dünyaya çatdırmasını özünə ən müqəddəs amal bilirdi. Azərbaycan Prezidentinin formalaşdırdığı dövlətçilik strategiyası hər bir Azərbaycan gəncini dövlətin əsas hədəfinə - ərazi bütövlüyümüzün bərpa olunmasına istiqamətləndirmişdi. Torpaqlarımızın azadlığını ümummilli hədəfə çevirmişdi.

Prezident İlham Əliyev bir çox çıxışlarında nəsillərarası münasibətə, qırılmaz bağlılığa toxunur, təcrübə ilə dinamizmin, çevikliyin vəhdətinin Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşacağını bəyan edirdi. Vətən müharibəsindəki qələbəmiz bunun tarixi sübutu, xalqın liderinin uzaqgörənliyinin təntənəsi oldu.

Azərbaycan gəncliyi nə qədər vətənpərvər, cəsarətli və güclü olduğunu göstərdi. Ona bu gücü verən, özünəinam hissini təlqin edən əsas amilin isə ailə, vətən, torpaq sevgisi olduğu göründü. Ordumuzun nümayiş etdirdiyi misilsiz qalibiyyətinin də sirri elə bu vətən sevgisindədir. Bu sevgi bizi Qələbəyə qovuşdurdu. Tarixi Zəfərimizin əsas amilinə çevrildi.

Vətən müharibəsi başlayanda minlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etməsi, həmin şöbələrin binaları önündə yaranmış qələbəliklər Azərbaycana sevginin nümayişi idi. Gənclər cəbhəyə göndərilmələrində israr edirdilər. Döyüşə toy-bayrama gedirmişlər kimi gülə-gülə sevinc içində yollanırdılar. Bütün Azərbaycan gəncləri çiyinlərinə saldıqları, uca yerlərdən asdıqları üçrəngli bayrağımızın rənginə bürünmüşdü. Bunlar vətənpərvərlik tərbiyəsinin hesabatı idi.

Vətən müharibəsinə kimi çağırışçılar hərbi xidmətə Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcək döyüşlərdə iştirak etmək niyyəti ilə başlayırdılar. Müharibənin ilk gününə kimi səngərlərdə, mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlər də xidmətlərinə bu amalla davam edirdilər. Hərbi xidmətdən tərxis olunanlar döyüşlər başlayanda əsgərlərin sırasında olmaqda israrlıydılar. Azərbaycan gəncliyi döyüş əzmi ilə yaşayır, bu əzmlə xidmət edirdi. Azərbaycan gəncliyi düşüncələrində daim döyüş əmri gözləyirdi. Gəncliyin bu gözləntisi cəmiyyətin sabaha baxışı ilə eyniyyət təşkil edirdi. Hər kəs fərqində idi ki, xalqımız tarixi haqlarını gec-tez bərpa etməlidir. Şəhidlərimizin qisasını döyüş meydanlarında almalıdır. Düşməni torpaqlarımızdan qovmalıdır. Bu münaqişəyə birdəfəlik son qoyulmalıdır. İşğalçı Ermənistanın və illərdir ki, müxtəlif üsullarla məsələni uzadan,  Azərbaycanın sözünü, haqlarını, ədalət prinsiplərini görməzdən gələn erməni havadarlarının cavabı nəhayət ki, sərt şəkildə verilməlidir. Azərbaycan xalqı, gəncliyimiz bu cavabı “Dəmir yumruğ”un gücü ilə verdi. Cəmiyyətin gələcəyi olan gənclik regionun aydın gələcəyinə də yol açdı. Şanlı qələbəmiz də gələcəkdə hər kəsin bu torpaqlarda sülh içində yaşaması, inkişafa, insanın rifahına fayda verməsi üçün yeni bir reallıq yaratdı. Regionun təhlükəsizliyi üçün ən böyük təhdid mənbələrindən olan Ermənistan ordusunu məhv etdi. İllərdən bəridir insanlıq əleyhinə ziyanlı düşüncələrlə beyni zəhərlənmiş erməni xalqına hansı fəlakətli günlərə gəlib çıxdığını, özünü nə günə, nə aqibətə saldığını göstərdi. 

 

İnam

 

Azərbaycan gəncliyi döyüş səngərlərində düşmənin dizini yerə çökdürdüyü kimi, informasiya savaşında da böyük üstünlük qazandı. Əslində, bu Vətən müharibəsinə qədər də gənclərimizin apardığı sistemli işin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün həyata keçirilən davamlı tədbirlərin yaratdığı üstünlükdür. Azərbaycan gəncliyi bununla ermənilərin illərdən bəri dünyaya yaydıqları yalanları ifşa edirdi. Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə son illərdə dünyanın əksər ölkələrində keçirilən “Xocalıya ədalət!” kampaniyasının rolunu xüsusi qeyd etmək istərdik. Azərbaycan naminə görülən bütün işlər ölkəmizdə nə qədər savadlı, müasir bacarıqlara, yüksək intellektual imkanlara, xarici dil biliklərinə malik gənclərin yetişdiyini göstərir.    

Bizim əsas silahımız, gücümüz də gənclərimizin bu bilik və bacarıqlara, müasir dünyamızın çağırışlarına uyğunlaşdırmaları, özlərini yetişdirmələridir. Çünki tarixboyu hər zaman ordunun gücü ilə qazanılmış qələbələri biliyin gücü möhkəmləndirir və əbədi edir. Azərbaycan Prezidentinin də, cəmiyyətimizin də bu gün gənclərlə bağlı ən böyük ümidi məhz budur.

Bütün müharibələr həm də tarixdir, burada iştirak etmiş döyüşçülərin xatirələridir. Qələbə ilə başa çatmış müharibə xalqın qürur hekayəsidir. Vətən müharibəsində iştirak etmiş gənclərimiz zaman keçdikcə yaşa dolacaq, ömrün ixtiyar vədələrinə çatacaqlar. Onların xatirələri isə heç zaman köhnəlməyəcək, Vətən müharibəsi iştirakçıları döyüş təəssüratlarını zaman-zaman özlərindən sonrakı nəsillərlə bölüşəcək, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da yüksəldəcəklər. Vətən müharibəsindəki qələbəmiz həm də gəncliyin qələbəsidir. Bu, gələcəyin keçmiş üzərindəki qələbəsidir.

Azərbaycan gəncliyi dövlət rəhbərimizin onlara xitabən vurğuladığı “Gənclər, mən sizə inanıram, güvənirəm” fikrindən daim güc alacaq və Vətən tarixinin yeni şanlı səhifələrini yaradacaqlar.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video