18 Yanvar 2022 22:17
1195
CƏMİYYƏT
A- A+

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə olunub

 

Yanvarın 18-də Daxili İşlər Nazirliyində (DİN) cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2021-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilən iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən fəal hüquq-mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən ictimai asayişin və sabitliyin 2021-ci ildə də etibarlı qorunduğunu qeyd edib. Nazir bildirib ki, daxili işlər orqanları tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Eyni zamanda, o, daxili işlər orqanlarının və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi sahəsində xidməti vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə və işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyi etibarlı təmin etdiyini vurğulayıb.

Nazir Vilayət Eyvazov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31 min 131 cinayət qeydə alınıb. Onlardan 94,2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub. Cinayətlərin 84 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 88,9 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 82,9, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4, şəxsiyyət əleyhinə olanların 97,9, mülkiyyət əleyhinə olanların 79,9 faizi açılıb. Hesabat dövründə vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı 39 faiz artaraq 7837 fakt təşkil edib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 332 cinayət üzrə təqsirli şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunub.

İclasda qeyd olunub ki, 2020-ci illə müqayisədə hesabat dövründə şəxsiyyət əleyhinə cinayətlər 4,3, o cümlədən qəsdən adamöldürmələr 13, adam öldürməyə cəhdlər 16,7, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31, oğurluqlar 3,3, o cümlədən mənzillərdən oğurluqlar 14, soyğunçuluqlar 26 faiz azalıb. Həyata keçirilmiş operativ tədbirlər nəticəsində 268 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitənin çıxarıldığını, 174 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini vurğulayan Vilayət Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Nazir bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməyinin vacibliyini, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini xüsusi vurğulayaraq bu növ cinayətlərin açılmasında da fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.

Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın daha məqsədyönlü davam etdirilməsinin vacibliyinə də toxunan nazir bu istiqamətdə əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb. General-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən blogerlərdən daha böyük gözləntilərin olduğunu qeyd edib.

Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin icrasına da diqqət çəkən general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyətin ortaya qoyulduğunu deyib. Nazir nəticələrin müsbət olduğunu, o cümlədən vətəndaşların qəbulu və minlərlə müraciətinin araşdırılması zamanı qaldırdıqları məsələlərin əksəriyyətinin qanunauyğun həllini tapdığını, 102 Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış hər bir müraciətə çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 90 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini nəzərə çatdırıb.

İclasda Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov, Baş Mühafizə İdarəsinin rəisi polis general-mayoru Nurullah Məmmədxanlı, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Teymur Hacıyev, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev və ərazi polis orqanlarının rəisləri hesabat məruzələri ilə çıxış ediblər.

Kollegiya iclasına yekun vuran daxili işlər naziri 2021-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdıraraq, onların hərtərəfli təhlili, aradan qaldırılması yolları, həmçinin qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib. Nazir əminliklə bildirib ki, respublikada asayişin, daxili təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da layiqincə yerinə yetiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video